Son illər uşaqların rəqəmsal mühitdə keçirdiyi vaxtın artması, sosial şəbəkələrin onların psixoloji inkişafına, davranışlarına və informasiya təhlükəsizliyinə təsiri dünyanın bir çox ölkəsində ciddi müzakirə mövzusuna çevrilib. Bu baxımdan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif olunan dəyişikliklər uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunmasına xidmət edən mühüm addım kimi qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, məqsəd uşaqların internet və sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq deyil, onların yaş xüsusiyyətlərinə uyğun, təhlükəsiz və sağlam rəqəmsal mühitdə fəaliyyətini təmin etməkdir. Yeni yanaşma həm valideynlərin məsuliyyətini artırmağı, həm sosial şəbəkə platformalarının öhdəliklərini dəqiqləşdirməyi, həm də dövlətin uşaqların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini gücləndirməyi nəzərdə tutur.
Millət vəkili Elnarə Akimova deyir ki, Azərbaycanda uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması istiqamətində yeni qanunvericilik təşəbbüsləri mühüm addım hesab edilə bilər.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 2026-cı ildə imzaladığı sərəncamla sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi və bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur:
“Bu dəyişikliklər, ilk növbədə, uşaqların zorakılıq, pornoqrafiya, kiberbullinq, narkotik vasitələrin təbliği və digər zərərli məzmunlarla qarşılaşma riskini azaltmağa xidmət edir. Hüquqi tənzimləmə platformaların üzərinə də məsuliyyət qoyur və onların yaş yoxlama mexanizmlərini tətbiq etməsini tələb edir.
Bundan əlavə, qanunvericilik dövlət qurumlarına uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı vahid siyasət formalaşdırmaq imkanı verir. Bu, həm də “Fərdi məlumatlar haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunların məqsədlərinə uyğun olaraq uşaqların şəxsi məlumatlarının qorunmasını gücləndirə bilər. Əhəmiyyətli məqamlardan biri də odur ki, qanunvericilik yalnız qadağa mexanizmi deyil, həm də profilaktik vasitə kimi çıxış edir. Uşaqların internetdən istifadəsinə dair qaydaların müəyyənləşdirilməsi, məktəblərdə rəqəmsal davranış standartlarının tətbiqi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi hüquqi çərçivənin ayrılmaz hissəsinə çevrilə bilər. Yeni dəyişikliklər uşaqların hüquqlarının müdafiəsini gücləndirməklə yanaşı, rəqəmsal mühitin daha təhlükəsiz və nəzarət olunan formaya keçməsinə xidmət edə bilər”.
E.Akimova bildirib ki, yaş məhdudiyyətləri beynəlxalq praktikada uşaqların qorunması üçün ən geniş tətbiq olunan mexanizmlərdən biridir. Azərbaycanda da 16 yaşdan aşağı şəxslərin müəyyən platformalarda fərdi rəqəmsal hesab yaratmasının məhdudlaşdırılması nəzərdə tutulur:
“Bu mexanizm uşaqların yaşlarına uyğun olmayan məzmunlara çıxışını müəyyən qədər məhdudlaşdıra bilər. Xüsusilə zorakılıq, qumar, narkotiklərin təbliği, aqressiv davranış və seksual xarakterli məzmunların yayılması riskləri azalır. Lakin təkcə yaş məhdudiyyəti problemi tam həll etmir. Dünyanın bir çox ölkəsində uşaqlar yaşlarını düzgün göstərməməklə bu sistemləri asanlıqla keçə bilirlər. Buna görə də yaş məhdudiyyəti texniki yoxlama sistemləri ilə müşayiət olunmalıdır. Qanun layihəsində yaşın bəyan olunması və digər texniki yoxlama üsullarının tətbiqi nəzərdə tutulur ki, bu da əvvəlki mexanizmlərlə müqayisədə daha effektiv yanaşma hesab edilə bilər. Eyni zamanda valideyn nəzarəti, rəqəmsal savadlılıq və platformaların məzmun moderasiyası da vacib elementlərdir. Əgər bu komponentlər birlikdə tətbiq olunarsa, yaş məhdudiyyəti uşaqların zərərli informasiyadan qorunmasında kifayət qədər effektiv vasitəyə çevrilə bilər.
Uşaqların rəqəmsal təhlükəsizliyi kollektiv məsuliyyət tələb edən sahədir. Bu məsuliyyəti yalnız bir tərəfin üzərinə qoymaq düzgün olmaz. Valideynlər ilk növbədə övladlarının internet davranışlarına nəzarət etməli, onların hansı platformalardan istifadə etdiyini bilməli və təhlükələr barədə məlumatlandırmalıdır. Uşaq ilk rəqəmsal vərdişləri ailədə formalaşdırır. Dövlətin vəzifəsi isə hüquqi çərçivə yaratmaq, təhlükəsizlik standartlarını müəyyən etmək və onların icrasına nəzarət etməkdir. Son sərəncam və qanunvericilik təşəbbüsləri məhz dövlətin bu istiqamətdə məsuliyyətini göstərir. Sosial şəbəkə platformaları da ciddi məsuliyyət daşıyırlar. Onlar yaş yoxlama sistemləri qurmalı, zərərli məzmunu operativ silməli, uşaqların şəxsi məlumatlarının qorunmasını təmin etməlidirlər. Məktəblər də bu zəncirin mühüm həlqəsidir. Rəqəmsal təhlükəsizlik, media savadlılığı və kibertəhlükəsizlik mövzuları təhsil proqramlarında daha geniş yer almalıdır. Buna görə də ən optimal model dövlət, ailə, məktəb və platformalar arasında bölüşdürülmüş məsuliyyət modelidir”.
Millət vəkili Jalə Əliyeva bildirir ki, Azərbaycan Respublikasında bu istiqamətdə hazırlanmış qanun layihəsi olduqca mühüm əhəmiyyət daşıyır və təsadüfi deyil ki, sənəd parlamentin üç komitəsi tərəfindən dəstəklənib.

Onun sözlərinə görə, bu məsələ yalnız Azərbaycanın deyil, bu gün bütün dünyanın qarşısında duran ciddi problemlərdən biridir. Söhbət uşaqların rəqəmsal mühitdə üzləşdiyi təhlükələrdən, onlara qarşı zorakılıq hallarından, müxtəlif zərərli çağırışlardan və mənfi informasiya təsirlərindən gedir:
“Azərbaycan da dünyanın bir parçası kimi bu çağırışlara biganə qala bilməz. Dövlət indiyədək müxtəlif hüquqi və institusional mexanizmlər vasitəsilə bu istiqamətdə mühüm addımlar atıb. Hələ 2015-ci ildən etibarən uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş qanunvericilik təşəbbüsləri həyata keçirilib. Hazırda müzakirə olunan dəyişikliklər isə mövcud hüquqi bazanın daha da təkmilləşdirilməsinə xidmət edir. Burada əsas məqsəd uşaqları onların psixoloji inkişafına mənfi təsir göstərən, asılılıq yaradan, savadsızlığa və etinasızlığa sürükləyən informasiya axınlarından qorumaqdır. Söhbət gələcəyimiz olan uşaqlardan, sağlam nəslin formalaşmasından gedir.
Uşaqlar son dərəcə həssas auditoriyadır və təəssüf ki, mənfi təsirləri daha tez qəbul edir və mənimsəyirlər. Sonradan həmin təsirlər onların davranışında, dünyagörüşündə və həyat tərzində özünü göstərir. Bu baxımdan yaş məhdudiyyətlərinin tətbiqi və qeydiyyat qaydalarının tənzimlənməsi mühüm preventiv mexanizmlərdən biri hesab oluna bilər.
Əlbəttə, bu tədbirlər bütün problemləri birdəfəlik həll etmir. Uşaqların yaşlarına uyğun olmayan məzmunlara çıxış imkanlarının məhdudlaşdırılması, onların təhlükəli çağırışlardan və zərərli təsirlərdən qorunması baxımından mühüm rol oynayır. Dövlətin və qanunvericiliyin əsas vəzifələrindən biri də məhz bu təhlükələrin qarşısını almaqdır”.
Deputat qeyd edib ki, dünyanın bir çox ölkələri uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması istiqamətində müxtəlif modellər tətbiq edir. Azərbaycanın yanaşmasının üstün cəhəti ondan ibarətdir ki, burada məsuliyyət yalnız dövlətin və ya texnologiya şirkətlərinin üzərinə qoyulmur. Məsələyə kompleks yanaşılır və ailə, məktəb, cəmiyyət və dövlət birlikdə bu prosesin iştirakçısı kimi nəzərdə tutulur:
“Hər bir uşaq, ilk növbədə, ailədə formalaşır. Onun əxlaqı, davranışı, dünyagörüşü və gələcəyə baxışı ailədə yaranır. Daha sonra bağça, məktəb və digər təhsil müəssisələri bu prosesdə mühüm rol oynayır. Ona görə də qanunvericiliklə yanaşı, tərbiyə və maarifləndirmə mexanizmlərinin də gücləndirilməsi Azərbaycanın yanaşmasının vacib elementlərindən biridir.
Uşaqlarda rəqəmsal savadlılığın artırılması, təhlükəli məzmunu tanımaq bacarıqlarının formalaşdırılması, internetdə təhlükəsiz davranış qaydalarının öyrədilməsi mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, qanunvericilik də daim təkmilləşdirilməli, yeni yaranan təhdidlərə uyğun mexanizmlər tətbiq olunmalıdır.
Burada söhbət yalnız texnologiyadan deyil, ölkənin gələcəyindən, sağlam mühitdən, sağlam ailədən və sağlam vətəndaşın formalaşmasından gedir.
Şübhəsiz, uşaqların qorunmasında əsas məsuliyyət ilk növbədə ailələrin üzərinə düşür. Lakin müasir dövrdə valideynlərin özlərinin də informasiya texnologiyalarından və mobil cihazlardan asılılığı nəzərə alınmalıdır. Bu səbəbdən qanunvericilik valideynlərə daha effektiv nəzarət mexanizmləri təqdim etməli, onların məlumatlandırılmasını və texniki imkanlarını genişləndirməlidir.
Əgər hər hansı hüquq və ya sərbəstlik uşağın sağlam inkişafını, təhlükəsizliyini və gələcəyini risk altına qoyursa, dövlət uşaqların mənafeyini əsas götürərək qanunvericiliyi təkmilləşdirməyə borcludur.
Müzakirə olunan dəyişikliklər də məhz həmin məqsədə – uşaqların təhlükəsiz və sağlam rəqəmsal mühitdə böyüməsinə xidmət edir.
Belə böyük ideallar və dəyərlər naminə bu məsələləri müzakirə etməyə də, mübarizə aparmağa da və zəruri hallarda daha sərt qoruyucu tədbirlər tətbiq etməyə də dəyər.
Biz uşaqlarımızın gələcəyi uğrunda mübarizə aparırıq. Bəzən elə olur ki, bu mübarizəni uşaqların özləri ilə aparmalı oluruq. Onların hər istəyi və ya seçimi həmişə mənafelərinə xidmət etmir. Bizim vəzifəmiz isə onları təhlükələrdən qorumaq və düzgün istiqamətə yönəltməkdir”.