Azərbaycan və Tacikistan torpaq kadastrının idarə olunması sahəsində əməkdaşlıq edəcəklər

15:32 11.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistanda səfərdədir.

Hafta.az yazır ki, bu gün Azərbaycan nümayəndə heyəti ilə Düşənbədə Tacikistan Torpaq İdarəetməsi və Geodeziya üzrə Dövlət Komitəsinin sədri Orif Xocazoda arasında görüş keçirilib. Tərəflər Tacikistanla Azərbaycan arasında torpaq kadastrının idarə olunması sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu görüş Tacikistan Torpaq İdarəetməsi və Geodeziya üzrə Dövlət Komitəsi daxilindəki müəssisə və qurumların istehsal prosesləri, informasiya sistemləri, geodeziya avadanlıqları və əməliyyat təcrübəsi ilə tanış olmaq üçün əla fürsət yaradır.

Torpaq kadastrı, geoməkan məlumatları, elektron dövlət xidmətləri, kadr hazırlığı və birgə layihələrin həyata keçirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi təklif olunub.

Rüstəm Şahbazov qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün imzalanmış müqavilə çərçivəsində zəruri tədbirləri həyata keçirməyə hazır olduğunu bildirib.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Dövlət Komitəsi daxilindəki müəssisə və qurumların fəaliyyəti ilə, eləcə də Tacikistandakı tarixi və turistik yerlərlə də tanış olub.