Ən azı 10 ay Stenford Universitetində tələbə kimi görünən və yataqxanalarda qalan şəxs nəhayət ki, tutulub. Oktyabrın 27-də tutulan Uilyam Karri ABŞ-ın Kaliforniya ştatında məktəbin kampusundan çıxarılıb.
Universitetin tələbə qəzeti The Stanford Daily, Karrinin əvvəllər bir neçə dəfə kampusdan qovulduğunu, lakin həmişə geri dönməyi bacardığını bildirib. Karri yataqxanalara da girə bilib.
Tibbə hazırlıq proqramı tələbəsi olduğunu deyən Karrinin 1 ilə yaxın 5 fərqli yataqxanada yaşadığı bildirilir.
Tələbələr, Karrinin Stenfordda oxuduğunu göstərən Tinder hesabı açdığını və ayrıldıqdan sonra orada tanış olduğu bir insanı təqib etdiyini söyləyib.
Stenforddan olan Kacey Logan, "O, amerikalı futbolçuların dostu kimi görünürdü. Onu nə vaxt görsək, insanları tanıdığı üçün içəri buraxardıq" deyib.
Universitetin sözçüsü Dee Mostofi, Karrinin "israrla və müvəffəqiyyətlə özünü tələbələrə sevdirdiyini" söyləyib. Mostofi hadisədən sonra təhlükəsizlik prosedurlarına yenidən baxılacağını bildirib.