Bir küçənin iki qəhrəmanı

10:59 26.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsindəki tarixi qələbəmizdən, torpaqlarımızın 30 illik işğalına son qoyan Ordumuzun qəhrəman döyüş yolundan iki il keçir. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə başlayan hərbi əməliyyatlarda on minlərlə Vətən övladı könüllü şəkildə iştirak etdi. Bir dəfə də olsun, geriyə addım atmadan, canlarını Vətən torpağını müdafiə üçün düşmənə sipər edərək yalnız irəliyə doğru addımladılar. Bu irəliləyiş sonda Şuşanın ilğaldan azad edilməsi ilə düşmənin kapitulyasiya aktına imza atması ilə nəticələndi...

Bu dəfə tarixi Zəfərdən keçən iki il ərzində daim bu sevinci, qüruru bizlərə yaşadan Vətən övladları, onların döyüş yolu haqqında danışacağıq. Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 1 may küçəsinin iki qəhrəmanı haqqında... Qeyd edək ki, haqqında danışacağımız qəhrəmanlardan biri şəhid, digəri isə qazidir. Biz də, iki il əvvəl Vətən müharibəsinin baş verdiyi bu günlərdə 1 may küçəsinin iki qəhrəmanı haqqında danışmaq üçün üz tutduq şəhidimizin yaxınları və qazimizin yaşadıqları ünvanlara...

Şəhid Tural Gəray oğlu Rəhimli - 2001-ci il oktyabrın 27-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. Əslən Laçın rayonunun Korcabulaq kəndindən olan Tural  2007-ci ildə rayonun 45 saylı tam orta məktəbində təhsil almağa başlamış və həmin təhsil müəssisəsinin məzunu olmuşdur.

Tural Laçın həsrəti ilə yaşayırdı. Onu tanıyanlar bu sevgini yaxşı bilirdi. 2019-cu il oktyabrın 28-də hərbi xidmətə gülə-gülə bayrağa bükülü vəziyyətdə yola düşən Tural elə ilk günlərdən könülü şəkildə ön cəbhədə xidmət etməyə başlayır. Kəşfiyyat bölüyündə olan Tural Rəhimli dostları və ailəsi ilə danışdığında deyirdi: “Şəhid olsam ağlamayın, Laçını alacağıq, İnşallah”.

İkinci Qarabağ müharibəsi başlayan gündən igidlik göstərən cəsur kəşfiyyatçı Tural 1 oktyabr səhər  saatlarında atasına zəng edərək, “Hər şey yaxşıdır Torpaqlarımızı yağı düşməndən azad edirik. Şəhid olsam ağlamayın”, – dedi. Elə həmin gün günorta saatlarında, Suqovuşan uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalır...

Turalın əsgər yoldaşı onun haqqında danışarkən deyir:

“O, bir qəhrəman idi, düşmən üzərinə gözündə heç bir qorxu olmadan irəliləyirdi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Məkanları cənnət olsun”.

Anası Süsənxanlm da oğlunun gənc ömrünə sığdırdığı sonsuz qəhrəmanlıqdan söz açır. Deyir ki, Tural anadan olandan qeyri-adi uşaq idi. Vətənpərvərliyi ilə hamıdan seçilirdi: “Elə uşaq vaxtlarından “Mən əsgər olacağam”, – deyirdi. Balaca olanda bir dəfə atasına dedi ki, Rusiya vətəndaşlığı alsın. Sonra isə Laçına gedib oraları görsün. Laçına getmək üçün başqa yol tapa bilmirdi...”.

Süsən xanım bildirir ki, Tural bayrağımıza bükülüb yollandı xidmətinə, o bayrağın uğrunda can verib, ona sarılıb şanlı qayıdışını etdi: “Evdən çıxanda şəxsiyyət vəsiqəsini tapa bilmədim. Əsəbiləşib çıxıb getdi. Söylədi ki, tapıb arxamca gətirərsiniz. Əsgərliyə getməyi də onun üçün bir toy-bayram idi. Həmin gün, ancaq bayrağa büründü. Onu bir an belə çiynindən yerə qoymadı. Gedəndə ağlamırdım, ancaq mənə ağır idi. Yenə də balamı gülə-gülə yola saldım ki, narahat qalmasın. Sonra yuxuda gördüm ki, müharibə başlayıb və Tural şəhid olub. Yuxularımdan qorxurdum. Qəlbimin dərinliyində məni narahat edirdi.

Uşaq vaxtı mənə bir məktub yazmışdı: “Ana, səni çox sevirəm. Heç vaxt da səndən küsməyəcəyəm”. “Gələcəksən?” sualını verəndə, heç vaxt  “Gələcəyəm” demirdi. Elə bil ürəyinə danmışdı. Getməmişdən əvvəl, evdə divanda oturub dedi ki, “Əgər şəhid olsam, ağlama. Şəhidlik zirvəsi hər adama qismət olmur”.

Şəhidin atası Gəray Rəhimli isə oğlunun Vətən sevgisini bu sözlərlə ifadə edir:

“Tural dünyaya gələn gündən bəri keçən 18 il 18 gün kimi gəlir mənə.  Əsgərliyə gedəndə andiçmə mərasimi noyabrın 9-da oldu. Biz də iştirak etdik. Kəşfiyyat bölüyündə xidmət edirdi. Hərbi hissədə 41 nömrəli otaqda yatırdı. Laçının seriyası idi 41. Onun telefon nömrəsi də 41 rəqəmi ilə başlayırdı...”.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə şəhid Tural Rəhimli ölümündən sonra «Suqovuşan» və «Vətən Uğrunda» medalları ilə təltif olunub. Bu müddət ərzində şəhidin ailəsinin ehtiyacları və qayğıları ilə Heydər Əliyev Fondu və YAŞAT Fondu, Laçın və Binəqədi Rayon İcra Hakmiyyətləri, Laçın rayonundan millət vəkili Mahir Abbaszadə yaxından maraqlanıblar. Rahat uyu, qəhrəman Şəhid, bu gün Sənin Laçınında Sənin bayrağın dalğalanır. Uğrunda can verdiyin üçrəngli Bayrağımız sizlər var olduqca daim zirvələrdə dalğalanacaq.

Qazi Həsən Sabir oğlu Baxşalıyev - Həsən də əslən Laçın rayonundandır. Lakin Bərdə şəhər Mahir Cəfərov 50 ünvanında doğulub, boya-başa çatıb. O da, 45 saylı Laçın rayon orta məktəbinin məzunudur. Deyir, doğma el-obasını işğal müddətində görməsə də, hər zaman xəyallarında Laçının dağlarında, meşələrində gəzib. O, səfalı yerləri bir dəfə də olsa görmək arzusu ilə yaşayıb. "Ali Baş Komandanın torpaqlarımızı işğaldan azad etmək üçün çağırışını eşidəndə bu arzumun həyata keçəcəyinə qəlbimdə böyük inam hissi yarandı. Heç bir şey düşünmədən könüllü şəkildə ordu sıralarına yazıldım", - deyir qazimiz.

Qeyd edək ki, Həsən evin tək övladıdır. Ali Baş Komandanın orduya qtılmaq istəyənlərə müraciətindən dərhal sonra könüllü olaraq orduya yazıldığını ata-anasından belə gizlədib. Qazimizin döyüş yolu Suqovuşan uğrunda ağır döyüşlərdən başlayıb. Bu istiqamətdə gedən qanlı döyüşlərdə iki dəfə yaralanıb. İlk dəfə yaralandıqdan sonra, qısa zamanda yenidən ordu sıralarına dönərək düşmənə qarşı haqq mübarizəsində, torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs vəzifənin yerinə yetirilməsində iştirak edib.

Onun sözlərinə görə, şiddətdli döyüşlərin getdiyi bir zamanda yoldaşlarından şəhidlərimiz, yaralılarımız olsa belə heç kim bir addım da olsun geri çəkilmək barədə fikirləşməyib. "Döyüş yoldaşlarımdan leytenant Pərvin Əlizadə şəhid oldu... Bu, hər birimizdə düşməndən qisas hissini daha da alovlandırdı...".

Döyüş əməliyyatlarının çox çətin coğrafi relyefdə aparılmasına baxmayaraq, Azərbaycan əsgəri daim irəliyə addımlayıb. "Heç birimizdə qorxu hissi yox idi. 30 il həsrətini çəkdiyimiz torpaqlarımızı azad edib irəlilədikcə, Vətənə olan sevgimiz daha da artırdı. “Bir addım da irəli gedək” fikri ilə döyüşlərə atılırdıq. 44 günlük müharibədə ordumuzda, xalqımızda olan birlik və həmrəylik, Ali Baş Komandanımızın güclü dəmir iradəsi bizə ilham verirdi. Azərbaycan əsgəri arxasında güclü liderinin, xalqının, dövlətinin dayandığını bilirdi".

Həsən öz döyüş yolundan da danışır. Bildirir ki, hərbi əməliyyatların başlandığı ilk gün Suqovuşan istiqamətində hücum təşkil edildi: "Mən də bu qüvvələrin tərkibində idim. Bir az irərilədikdən sonra şiddətli döyüşlər başladı. Düşmən bizim birliklərimizi minaatan atəşinə tutdu. İlk dəfə oktyabrın 3-də yaralandım. Bir neçə gün hospitalda müalicə olunduqdan sonra, yenidən öz hərbi hissəmə qayıdıb döyüşlərdə iştirak etmək istədiyimi bildirdim. Lakin oktyabrın ortalarında yenidən yaralandım. Hospitalda olduğum zaman hərbi xidmət dövründə komandirim olmuş baş leytenant Həsən Rzazadə zəng edərək Laçın rayonunun işğaldan azad edilməsinə başlanıldığını xəbər verdi. Bu xəbəri böyük sevinc hissi ilə qarşılasam da, iki gündən sonra Həsən Rzazadənin şəhid xəbərini aldım... Bu gün təsəllimiz odur ki, döyüş yoldaşlarımız, dostlarımız Vətən uğrunda şəhid olublar. Onların qəhrəmanlıqları torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Həsən Baxşalıyev Ağdərə-Tərtər istiqamətlərində döyüşlərdə göstərdiyi rəşadətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə "Suqovuşanın azad edilməsi", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Bu gün tarixi zəfərimizi borclu olduğumuz şəhidlərimiz və qazilərimizin döyüş yolu hər bir gənc üçün bir məktəb, örnəkdir.Xalqımız bu qəhrəmanları heç bir zaman unutmayacaq, xatirələrini daim yaşadıb və yaşadacaq.

Sabir Baxşalıyev