Bir otaqlı mənzil 2,7 milyon dollara satılır

09:32 02.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvanın prestijli Hamovniki rayonunda Lev Tolstoy küçəsində yerləşən bir otaqlı mənzil rekord qiymətə - 250 milyon rubla (təxminən 2,7 milyon dollar) satışa çıxarılıb.

Hafta.az-ın “Moskviçmaq” jurnalına istinadən yazdığına görə, mənzil “Park Kultury” metrosundan on dəqiqəlik piyada məsafədə yerləşir.

Xəbərdə mənzilin interyer dizaynında Ralph Lauren, B&B Italia, Duresta və Selva kimi dəbdəbəli brendlərin mebel və işıqlandırma məhsullarından istifadə edildiyinə dair məlumatlar yer alır.

Mənzilin ölçüsü 98 kvadratmetrdir, mətbəx, yemək sahəsi və qonaq otağı hissəsi, yataq otağı bölümü, iki sanitar qovşağı və balkondan ibarətdir. Mənzildə real odun sobası da var. Dəbdəbəli yaşayış sahəsi təklif edən mənzil beşinci mərtəbədə yerləşir və dörd pəncərəsi olan həyətə baxır.

Hamovniki rayonundakı belə dəbdəbəli mənzillər Moskvanın digər yerlərindəki dəbdəbəli mənzillərlə müqayisədə daha yüksək qiymətə satışa çıxarılır. Bununla belə, şəhərdə daha sərfəli mənzillər də var. Məsələn, Şerbinka rayonunda aylıq kirayə qiyməti 18 min rubl (təxminən 200 dollar) olan studiya mənzilləri mövcuddur.