Məlum olduğu kimi, artıq 2023-2024-cü tədris ili üzrə bütün ixtisas qruplarında qəbul imtahanlarının birinci cəhdi başa çatıb. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri də açıqlanıb. Bu həftənin sonu digər qruplar üzrə nəticələrin açıqlanacağı gözlənilir. Qeyd edək ki, a abituriyentlər birinci cəhddə topladıqları baldan asılı olmayaraq iyunun 20-dək qeydiyyatdan keçib ikinci cəhddə də iştirak edə bilərlər.
Xatırladaq ki, imtahanların ikinci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan) üzrə 9 iyul , I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan) üzrə isə 23 iyulda keçiriləcək.
Bəs görəsən, builki qəbul imtahanları hansı məqamlarla yadda qaldı? Abituriyentlərin imtahan nəticələrini qənaətbəxş hesab etmək olarmı? Builki qəbul planında hansı dəyişikliklər var?
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə bildirib ki, son 5 ildə ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118,7 faiz, qəbul plan yerlərinin sayı isə 34,6 faiz artıb: “Son 5 ildə qəbul planı yerlərinin sayına görə, ən çox artım 14,3 faiz olmaqla texniki və texnologiya sahəsində olub. Ötən ilə müqayisədə bu il dövlət sifarişli yerlərin sayı 8 faiz artaraq 27691 yerə çatdırılıb. Bu il həmçinin tibb sahəsi üzrə 1038 plan yeri ayrılıb. Ötən illərdə sözügedən plan yerlərinin sayı təxminən 700 idi. Tibb ixtisaslarını seçən tələbələrin 91 faizi dövlət hesabına təhsil alacaqlar”.
Qeyd edək ki, bakalavriat səviyyəsinə ixtisas qrupları üzrə dövlət sifarişli yerlərin dinamikası belədir:
Texniki və texnoloji 30 faiz
Səhiyyə, rifah - 1,1 faiz
Təhsil -1,7 faiz
Təbiət- 14, 7 faiz.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov deyib ki, əslində son illər qəbul nəticələrində geriləmələr müşahidə olunur: “İlk növbədə qeyd edim ki, təkcə son üç il ərzində orta ümumitəhsil məktəblərinin nəticələrindəki geriləmələri aydın şəkildə görə bilərik. Bunun əsas səbəbi məktəblərin idarə olunması və tədrisin təşkilindəki axsamalarla bağlıdır. Həmçinin, Azərbaycan təhsili üç il öncə pandemiya sınağından keçdi. Bu da təhsilimizə xeyli ziyan vurdu. Çox təəssüf ki, tədris prosesində yaranmış nöqsanlar ali təhsil müəssilərinə qəbul imtahanlarında da özünü göstərdi. Məsələn, biz II və III ixtisas qrupu üzrə açıqlanan nəticələri görəndə, tədris prosesindəki yaranmış boşluqların da şahidi olduq. Əvvəlki illərin nəticələrində - istər buraxılış, istərsə də blok imtahanlarında kifayət qədər yüksək nəticə göstərən abituriyentlər olurdu. Amma bu il həmin yüksək nəticələri görmədik. Demək olar ki, hər il kifayət qədər yüksək nəticə göstərənlərin sayının çox olduğu liseylərin budəfəki nəticələri xeyli aşağı düşdü. Bu onu göstərir ki, son illərdə Elm və Təhsil Nazirliyinin təyin etdiyi yeni direktorlar liseylərin nəticələrinə mənfi təsir göstərib”.
Ekspert bu il ixtisas qruplarında bal dəyişkənliyi olacağını vurğulayıb:
“Bir məqamı da qeyd edim ki, bu il III ixtisas qrupunda müəyyən ixtisaslar üzrə bal dəyişkənliyi müşahidə edəcəyik. Bir neçə ildir ki, beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası II qrupdan çıxarılaraq III qrupa daxil edilib. Və hazırda abituriyentlər coğrafiya altqrupundan imtahan verərək bu ixtisasa daxil ola bilirlər. Hətta keçən il regionşünaslıq ixtisasına keçid dövlət universitetlərində 157 bal idi. Məhz buna görə də aşağı bal toplayan abituriyentlər həmin ixtisası seçə bilirdilər. Bu onu deməyə əsas verir ki, az bal toplayanlar kifayət qədər çox olduğundan sözügedən ixtisas üzrə bal artımı ola bilər”.
Mütəxəssis qeyd edib ki, bu il I ixtisas qrupu üzrə sənəd verən abituriyentlərə ilk dəfə olaraq informatika fənnindən suallar düşüb: “Bununla bağlı Dövlət İmtahan Mərkəzi 2023-cü ildə qəbul planına dəyişiklik edib ki, I ixtisas qrupunda kompüter və İT ixtisasını seçən abituriyentlər kimya yox, informatika fənni üzrə imtahan verəcəklər. Amma I ixtisas qrupu üzrə abituriyentlər artıq 7-8-ci siniflərdən kimya fənni üzrə hazırlaşmağa başlayırlar. Məktəblərimizdə informatikanın tədrisi isə olduqca aşağıdır. Abituriyentlər hazırlıq üçün repetitorlara üz tutsalar da, həm informatika fənnini yaxşı bilən müəllimlərimizin sayı çox azdı, həm də məktəb bazası olmayan şagirdlərin bir il ərzində informatika fənnindən yüksək nəticə göstərməsi inandırıcı deyildi. Deməli, cari ildə informatika fənninə görə kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisaslarının keçid balları aşağı düşəcək. Digər fənlər üzrə sualların təhlili də göstərdi ki, fizika fənninin sualları üzrə də müəyyən problemlər vardı. Riyaziyyat fənni üzrə də açıq və situasiya tipli sualların cavablandırılmasında abituriyentlər çətinlik çəkiblər”.
Ekspert bununla yanaşı qeyd edib ki, bu il ali təhsil ocaqlarına plan yerləri də kifayət qədər artıb: “Məsələn, bakalavr pilləsində bu il 27691 plan yeri pulsuz, dövlət sifarişli ixtisaslara ayrılıb. Bu o deməkdir ki, ali məktəblərə qəbul olan hər iki nəfərdən biri pulsuz təhsil alacaq. Magistratura pilləsinə isə 6478 pulsuz, dövlət sifarişli ixtisaslar üzrə plan yeri ayrılıb. Ali təhsilin əlçatanlılığı 100 faiz təmin olunub. Müqayisə üçün deyim ki, 2019-cu ildə bakalavr pilləsində pulsuz plan yerlərinin sayı 12000 idi. 4 il sonra isə 27691. I ixtisas qrupu üzrə hətta 200 balla pulsuz ixtisaslara qəbul olmaq mümkün olacaq”.
Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi hesab edir ki, ümumiyyətlə, 2019-cu ildən yüksək nəticə göstərən abituriyentlərin sayında ciddi azalma müşahidə edilir: “Əslində II və III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələrində ötən illə müqayisədə elə bir kəskin fərq yoxdur. Ümumiyyətlə, 2019-cu ildən üzü bəri yüksək nəticə göstərən abituriyentlərin sayında ciddi azalma müşahidə edilir. Təbii ki, 700 bal yığan abituriyent yoxdur deyə, ümumi imtahan göstəricilərini aşağı qiymətləndirmək də düzgün deyil. Sadəcə, kurikulum əsasında olan imtahan abituriyentlərin maksimal nəticə əldə etməsinə mane olur. Əgər imtahan sualları sadəcə qapalı və ya açıq tipli suallardan ibarət olsaydı, bir neçə abituriyent 700 ballıq göstəriciyə nail olardı. Yəni, yeni formata abituriyentlər hələ ki uyğunlaşa bilmirlər. Bəlkə də növbəti illərdə abituriyentlər yeni tərtibata uyğunlaşacaq və maksimal nəticələr görə biləcəyik. Amma buna o qədər də ümidli deyiləm. Növbəti ildəki imtahanlarda xarici dil və Azərbaycan dili fənnlərində müəyyən dəyişikliklər olacaq. Ona görə də nə zamansa maksimum nəticə olacağını düşünmürəm”.
Ekspert həmçinin vurğulayıb ki, bu il keçid ballarının aşağı düşüb-düşməyəcəyi müsabiqənin ikinci mərhələsindən sonra bəlli olacaq: “İmtahanın ikinci mərhələsi də bitdikdən sonra konkret fikir bildirmək olar ki, keçid balları hansı civarda olacaq. Hal-hazırda bütün ixtisaslar üzrə müvafiq müsabiqə şərti belədir ki, buraxılış və blok imtahanı birgə 200 bal olan hər bir abituriyent ümumi ixtisaslar müsabiqəsinə qatılır və dövlət sifarişli ixtisasları da yaza bilir. Eyni zamanda ümumi balı 150 bal olan və bu balın 50-ni blok imtahanında toplayan hər bir abituriyent müvafiq ixtisas qruplarında 150 ballıq ixtisaslar kimi formalaşan ixtisaslar müsabiqəsində iştirak edə bilər. V qruplarda isə müvafiq olaraq 60 bal idman akademiyası, dizayn və bu kimi istiqamətlər üçün müsabiqə şərti kimi müəyyənləşib, ən minimal bal isə 30 baldır ki, bu da xoreoqrafiya istiqamətindədir”.