“Biz Qərbdəki tərəfdaşlarımıza etibar etmirik” – Borislav Berez

09:00 23.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya çoxdan gözlənilən təhlükəni reallaşdırdı – Donbas və Luqansk separatçı rejimlərini tanıdı və tanımaqla da qalmayıb, ora sülhməramlı adıyla qüvvələrini yerləşdirməkdədir. Belə demək mümkünsə, bu əraziləri ilhaq etdi. Bəs bundan sonra nə olacaq? Ukraynalılar tarixən öz ölkələrinin, xalqlarının millətçisi olublar, bəs bu millətçilik işğalçılarla mübarizədə özünü göstərməyəcəkmi? Ukrayna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsməli, iqtisadi-ticarət əlaqələri məhdudlaşdırmalıdırmı? Ümumiyyətlə, rəsmi Kiyev necə reaksiya verməlidir Rusiyaya? Bütün bunlara Ukraynanın keçmiş millət vəkili, politoloq Borislav Berez cavab verir:

- İlk növbədə parlamentin rəsmi bəyanatı olmalıdır. İkincisi, prezident Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırmalı, Donbas və Luqansk vilayətlərində hərbi vəziyyət elan etmək üçün qərar verməlidir. Üçüncüsü, hərbi səfərbərliyə başlamaq lazımdır. Dördüncüsü, təcavüzkarla diplomatik əlaqələr kəsilməlidir. Bundan sonra isə əlaqə qura biləcəyimiz bir dövlət tapmalıyıq. Beşincisi, Rusiya ilə viza rejiminin tətbiqinə start verilməlidir. Bütün bunları etmək lazım idi.

- Amma bildiyimiz qədər bunlardan heç biri olmadı. Gec də olsa, irəlidə daha kəsərli addımlar atmaq olmaz?

- Parlamentlə prezidentin birləşərək, Qərbdə informasiya sferasında Fransa və Almaniya hökumətlərinə - reallıqda sanksiyalar tətbiq etmək istəməyən bütün ölkələrə təzyiq göstərməyə başlamalıdırlar. Çünki vəziyyətə təsir etməyin yeganə yolu informasiya mübarizəsidir. Onlar buna çox həssasdırlar - seçiciləri bunu bilsələr, siyasətçilər kommersiya maraqlarını deyil, öz əsas dəyərlərini müdafiə etməyin vacibliyini anlayacaqlar.

- İndiki şəraitdə Kiyevin bunu etməsi mümkün görünür sizcə?

- Hökumət çox bacarıqsızdır. Biz Qərbdəki tərəfdaşlarımıza etibar etmirik. Genişmiqyaslı işğal təhlükəsi hələ də aradan qalxmayıb. Rusiya hökumətimizə qarşı çox gözlənilməz hərəkətlər edə bilər, amma Qərbdəki tərəfdaşlarımız bu barədə xəbərdarlıq edirlər. Üstəlik, Putin müraciətində Ukraynaya nifrətini ifadə edib. O, işğal etmək istədiyi Ukrayna şəhərlərinin adını çəkdi - Oçakovdan Kaxovkaya, Xarkovdan Kiyevə qədər. O, Ukraynanı Rusiya imperiyasının quberniyası hesab edir. Ona görə də biz müharibəyə və müqavimətə hazırlaşmalıyıq. Bunun üçün dərhal bütün pulları silahlanmaya və enerji müstəqilliyinə yönəltməliyik. Çünki raketlər, güclü ordu və enerji təhlükəsizliyi olmadan Ukraynanın gələcəyi mümkün deyil.

- Qərbin xəbərdarlıqları nəticə vermədi, əksinə, Moskva daha da radikallaşdı və Ukraynanın daha bir hissəsini de-yuri parçaladı. Qərb bundan sonra necə reaksiya verə bilər?

-Birmənalı şəkildə sanksiyalar tətbiq olunmalıdır. Amma güclü sanksiyalar hökumət üzvlərimizin və yüksək vəzifəli şəxslərin dövlətin maraqlarını necə müdafiə edə bilməsindən asılıdır. Açığını desək, Almaniya və ya Fransa reallıqda ağır sanksiyalar tətbiq etmək istəmirlər. Onlar narahat olduqlarını söyləməyə davam etmək istəyirlər. Yəni Ukraynaya sadəcə sözlə dəstək verirlər. Parlamentin və prezidentin mövqe tutması önəmlidir. Onlar konkret olaraq nə cür təzyiq göstərəcəklər və tərəfdaşlarımız olan ABŞ, Böyük Britaniya, Baltikyanı ölkələrlə necə əməkdaşlıq edəcəklər? Baş verənləri göstərmək üçün Qərb hökumətlərinə təzyiq etməliyik. Əgər Rusiya genişmiqyaslı işğala başlasa, ukraynalıların həyatının məsuliyyəti Qərbdə olacaq. Sanksiyalar tətbiq edilərsə, bəlkə də Rusiyanın işğalçılıq fəaliyyəti dayandırıla bilər.

- Son vaxtlar rusiyalı fərqli iş adamlarına qoyulan sanksiyalar niyə məhz Putinə və yaxın ətrafına qarşı tətbiq edilmir?

- Bu mümkündür. Amma Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayarsa, Putinə qarşı da sanksiya ola bilər. Qərb Putini dayandırmaq üçün son anadək fərqli və sərt sanksiyalardan istifadə edir. Çünki əks halda onun itirəcəyi heç nə olmayacaq və o, bütün istiqamətlərdə Ukraynanı işğal edə bilər.

- Dövlət Duması işğal olunmuş ərazilərlə “dostluq və qarşılıqlı yardım” müqavilələrini ratifikasiya edib. Bu əslində nə deməkdir?

- Onlar öz ordularına dəstək verirlər və bu, Rusiya ilə tamhüquqlu müharibəyə səbəb olacaq. Rusiya işğal etdiyi Donbasda hərbi bazalar quracağını bildirib. Biz artıq bilirik ki, onların orada əvvəldən də bazaları var. Bu, əslində Rusiyanın Ukrayna ərazisini rəsmi ilhaqı deməkdir.

- Minsk razılaşmaları artıq ləğv edilib. Rusiyanı Donbasdan çıxmağa məcbur etmək üçün danışıqlara başlamaq olar?

- Danışıqların yeni formatı məntiqli olanda ortaya çıxacaq, hələ vaxtı deyil.

- Bəzi siyasətçilərin tələb etdiyi kimi, bütün Ukraynada hərbi vəziyyət elan edilməlidirmi?

- Yox, yalnız Donbas və Luqansk bölgələrində lazımdır. Hərbi əməliyyatlar onsuz da mövcuddur. Əgər bütün sərhədlərimiz boyunca Rusiyanın hərbi əməliyyatları baş verərsə, o zaman bütün ölkədə hərbi vəziyyət tətbiq edilə bilər. Bu halda vətəndaşlara bir çox məhdudiyyətlər qoyulacaq - senzuradan tutmuş hərəkət azadlığı, əmlaklarını idarə etmək imkanlarınadək. Hərbi vəziyyət çox güclü vasitədir və ondan həddindən artıq ehtiyatla istifadə edilməlidir.