Bildiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfərindən həmən sonra dost Pakistan dövlətinin yeni seçilmiş Baş naziri Şahbaz Şərif də ilk xarici səfərini məhz Səudiyyə Krallığına edib.
Qeyd edək ki, sələfi İmran Xanın parlamentdə etimad səsverməsi nəticəsində vəzifəsini itirməsindən sonra bu ayın əvvəlində and içən Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərif daha əvvəl üç dəfə Pakistanın baş naziri olmuş Navaz Şərifin kiçik qardaşıdır.
Xatırladaq ki, vaxtilə Nəvaz Şərifə qarşı hərbi çevriliş edilib və onun həbsinə qərar verilib. Bu zaman imkan tapıb Səudiyyə Ərəbistanına gələn Şərif qardaşları 2007-ci ilə qədər 8 il Ciddədə yaşayıblar. Nəvaz və Şahbaz Şərif qardaşları 25 noyabr 2007-ci ildə Pakistan Konstitusiya Məhkəməsinin onlara ölkəyə qayıtmalarına icazə verən qərar qəbul etdikdən sonra ölkələrinə qayıdıblar. Pakistanın yeni baş naziri, zəngin kəşmirli siyasətçi ailəsinə mənsub olan Şahbaz Şərif əvvəllər Pəncabın baş naziri olub.
Pakistan hökumətinin başçısı ilk xarici səfərini niyə məhz Səudiyyə Ərəbistanına etməsinə aydınlıq gətirib. O, “Sərkul Avsat”a müahibəsində deyib ki, hökuməti Səudiyyə Ərəbistanı ilə əlaqələri maksimum səviyyəyə çatdırmaqda qərarlıdır.
Pakistanın Səudiyyə Krallığı ilə əlaqələrinə münasibət bildirməklə müsahibəyə başlayan Şahbaz Şərif İran, Əfqanıstan, Yəmən, hətta Ukrayna-Rusiya müharibələrinədək çox məsələdən söz açıb...
- Pakistan - Səudiyyə Ərəbistanı münasibətləri tarixi və strateji xarakter daşıyır. Biz buna adi ikitərəfli münasibət və ya qarşılıqlı maraq prizmasından baxmırıq. Biz bunu liderlər və xalqlar səviyyəsində güclü təmas və tam həmrəylik çərçivəsində qiymətləndiririk. Bizim regional və beynəlxalq səviyyədə əhəmiyyəti az olan məsələlərdə sıx əməkdaşlığımız var. Bu, mənim ilk xaricə səfərimdir. Bu, mənim zamanın sınağından çıxmış bu qardaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün dərin öhdəliyimi nümayiş etdirir. Ümid edirəm ki, Səudiyyə Ərəbistanı rəhbərliyi ilə iqtisadi, ticarət və investisiya əlaqələrinin gücləndirilməsi, Krallıqdakı pakistanlı işçi qüvvəsi üçün daha geniş imkanların yaradılması məsələlərinə xüsusi diqqət yetiriləcək. Bizim tarixi əlaqələrimiz son dərəcə stratejidir. İki ölkə son yetmiş il zənginlikdə və yoxsulluqda bir-birinin yanında olub. Hökumətimiz bu əlaqələri növbəti səviyyəyə çıxarmaqda qərarlıdır.
- Sizcə, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri hansılardır?
- Münasibətlərimiz konkret sahə ilə məhdudlaşmır, ikitərəfli əməkdaşlığın bütün aspektlərini, o cümlədən təhlükəsizlik və müdafiə, ticarət-iqtisadi əməkdaşlığı əhatə edir. Biz Səudiyyə Ərəbistanı ilə münasibətlərimizi hər iki tərəf üçün dərin və faydalı olan strateji tərəfdaşlığa çevirmək istəyirik.
-Səudiyyəlilərin Yəmən böhranını həll etmək cəhdini necə qiymətləndirirsiniz?
-Biz Husilərin Krallığı hədəf alan terror hücumlarını şiddətlə qınayır, bölgədə sülh və təhlükəsizliyi təhdid edən bu cür hallara son qoymağa çağırır, Səudiyyə Ərəbistanı Krallığının qardaş xalqının suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı təhlükəyə qarşı həmrəyliyimizi bildiririk. Pakistan Körfəz Əməkdaşlıq Şurası və Səudiyyə Ərəbistanı Krallığının Yəməndəki münaqişənin sülh yolu ilə həlli üçün səylərini tam dəstəkləyir. Yəməndə Prezident Şurasının yaradılmasını da alqışladıq. Ər-Riyadın yəmənlilər arasında danışıqlara ev sahibliyi etməsi də son dərəcə mənalı idi. Biz bu danışıqların uğurlu olduğuna inanırıq və BMT-nin təşəbbüsü ilə Yəməndə atəşkəs elan edilməsini mühüm addım hesab edirik. Hesab edirik ki, Prezident Şurasının yaradılması hərtərəfli siyasi konsensusa nail olmaq yolunda mühüm və düzgün addımdır.
- Səudiyyə Ərəbistanı - İran danışıqlarını necə qiymətləndirirsiniz? İran meydanda nə etməlidir?
- Pakistan həm Səudiyyə Ərəbistanı, həm də İranla yaxşı münasibətlərə malikdir. İran bizim mühüm qonşumuz, Səudiyyə Ərəbistanı isə ən yaxın dostumuzdur. Buna görə də Pakistan Səudiyyə Ərəbistanı - İran danışıqlarını alqışlayır. Çünki Pakistan münaqişədən qaçmağın vacibliyinə inanır və hər zaman gərginliyin azaldılması, fikir ayrılıqlarının siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.
- Taliban Hərəkatının hakimiyyətə qayıdışından sonra Əfqanıstanda təhlükəsizlik təhdidləri artıb. Sizcə Əfqanıstanı nə gözləyir?
- Terror bəlasına qarşı mübarizə təkcə Əfqanıstan və Pakistan üçün deyil, həm də bütün beynəlxalq ictimaiyyət üçün ümumi məqsəddir. Bu kontekstdə biz terrorla mübarizə məsələlərində Əfqanıstan hökuməti və onun qurumları ilə sıx əlaqə saxlayırıq. Beynəlxalq ictimaiyyət terrorizmlə mübarizədə Əfqanıstanı dəstəkləməlidir. Əfqanıstanın sabitliyi və firavanlığı regionumuzda uzunmüddətli perspektivdə sülh və sabitliyin bərqərar olmasının əsas təminatıdır.
- Pakistanın Avropa və ABŞ-la münasibətləri son vaxtlar yaxşı deyil. Əlaqələri inkişaf etdirmək barədə nə düşünürsünüz?
- İlk növbədə qeyd etməliyəm ki, bu təəssürat yanlışdır. Pakistan ənənəvi olaraq Avropa ilə güclü iqtisadi və ticarət əlaqələrinə malikdir. Avropanın bizdə əhəmiyyətli dərəcədə investisiyaları var. Qarşıdakı illərdə bu əlaqələri daha da gücləndirmək əzmindəyik. Pakistanın Avropa ölkələri ilə ikitərəfli əlaqələri də son dərəcə yaxşıdır. Bizim onlarla regional məsələlərdə, o cümlədən Əfqanıstanda sıx əməkdaşlığımız var. Avropa həm də Pakistanın ən böyük ticarət və investisiya tərəfdaşlarından biridir. Avropada yaşayan üç milyon pakistanlı bu münasibətlərdə körpü rolunu oynayıb. Biz insan hüquqları və qanunun aliliyi məqsədlərinə nail olmaq üçün Avropa ilə qarşılıqlı fəaliyyət göstəririk. Biz regional təhlükəsizlik, ticarət və investisiyalar, iqlim dəyişikliyi sahələrində əməkdaşlığımızı qarşılıqlı maraqlara uyğun olaraq daha da inkişaf etdirməyi hədəfləyirik. Pakistanın avropalı tərəfdaşlarına qarşı heç bir şikayəti yoxdur. ABŞ-la münasibətlərimizə gəlincə, İslamabadla Vaşinqton arasında genişmiqyaslı və ümumi maraqları güdən uzunmüddətli ikitərəfli əlaqələr mövcuddur. Güclü əməkdaşlığımız keçmişdə olduğu kimi davam edəcək. İnanırıq ki, ABŞ-la əməkdaşlığımız regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına töhfə verəcək. Biz iqtisadi inkişafa da xüsusi diqqət yetiririk. Hazırda ölkəmizdə ABŞ-ın böyük investisiyaları var.
- Keçmiş baş nazir İmran Xan onun siyasi səhnədən uzaqlaşdırılmasının arxasında ABŞ-ın olduğunu iddia edib. Bununla bağlı şərhiniz nədir?
- Bu barədə fikrim yoxdur. Çünki məsələnin kontekstdən kənar olduğunu düşünürəm.
- Rusiya - Ukrayna böhranında Pakistanın mövqeyi necədir? Bu böhranın Pakistana təsirləri varmı?
- Pakistan əvvəldən hərbi münaqişənin baş verə biləcəyindən narahat idi. Nəhayət, diplomatiya iflasa uğradı. Müharibə mümkün qədər tez bitməli və tərəflər diplomatik həll yollarına diqqət yetirməlidirlər. Biz səmimi qəlbdən ümid edirik ki, Ukrayna ilə Rusiya arasında danışıqlar uğurla nəticələnəcək. Pakistanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Bununla belə, biz Birləşmiş Millətlər Təşkilatının fundamental prinsiplərinə uyğun hərəkət etməyə diqqət yetiririk. Xalqların gələcəyini silah gücü ilə müəyyən etmək olmaz. Xalqlar öz müqəddəratlarını azad şəkildə təyin edə bilməlidirlər. Ölkələrin suverenliyi və ərazi bütövlüyü pozula bilməz. Mübahisələr sülh yolu ilə həll edilməlidir. Pakistan kimi tərəfsiz ölkələr hər iki dövlətlə əlaqə yarada bilər. Bu kontekstdə biz müharibəni bitirmək üçün səy göstərən ölkələr sırasındayıq. Hesab edirik ki, humanitar dəhlizlər yaradılmalı, Ukraynaya göstərilən humanitar yardımlar kəsilməməli və böhran diplomatiya yolu ilə tezliklə həll edilməlidir. Pakistan bu məsələlərdə bütün səyləri dəstəkləməyi öz vəzifəsi bilir. Münaqişə heç kimin marağında deyil. Pakistan kimi inkişaf etməkdə olan ölkələr bu cür münaqişələrdən son dərəcə mənfi təsirlənir. Qlobal bazarlarda enerji və ərzaq qiymətlərinin artması ilə bu mənfi mənzərə özünü daha qabarıq şəkildə büruzə verdi.