BMT-nin İnkişaf Proqramı korrupsiyaya qurşanıb

10:00 24.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Londonda nəşr olunan “The Guardian” qəzetinin apardığı araşdırma nəticəsində məlum olub ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İraqdakı nümayəndəliyində çalışan insanlar iş adamlarına ölkədə müharibədən sonrakı yenidənqurma layihələri üçün tenderləri udmaqda köməklik göstərmək müqabilində rüşvət alıblar.

Hafta.az-ın yazdığına görə, istintaq müəyyən edib ki, BMT-nin İnkişaf Proqramı (UNDP) əməkdaşları müqavilə qiymətinin 15 faizi məbləğində rüşvət tələb ediblər. Bunun müqabilində işçinin podratçıya BMTİP-in mürəkkəb tender sistemində yoxlama prosesini keçməsinə kömək edib.

BMTİP əməkdaşı iz buraxmamaq üçün razılaşmaların kağız üzərində deyil, şifahi şəkildə edildiyini, hətta bəzən hansısa nüfuzlu iraqlının zaminə çevrildiyini bildirib.

İddia olunur ki, tikinti layihələrinə nəzarət etmək üçün BMTİP tərəfindən təyin edilmiş dövlət məmurları da pay alıb. Layihələri yoxlayan podratçılar və BMTİP əməkdaşları bildiriblər ki, İraq rəsmiləri tamamlanmış layihələrə imza atmaq müqabilində şirkətlərdən “rüşvət almaq” üçün səlahiyyətlərindən istifadə ediblər. İki podratçı “The Guardian”a belə ödənişləri etməyə məcbur olduqlarını bildiriblər.

Məsələ ilə bağlı bəyanatında BMTİP korrupsiya və şəffaflığın olmaması ilə bağlı iddiaları ciddi qəbul etdiyini, saxtakarlıq və korrupsiyaya yol verilmədiyini bildirib.

BMTİP ölkə əhalisinin beşdə birini təşkil edən 8,9 milyon iraqlının həyatını yaxşılaşdırmağa müvəffəq olduğunu iddia etsə də, qəzet bu rəqəmlərin bəzilərinin şişirdilə biləcəyini yazıb.

Şimali İraqdakı kəndlərdən birində yerli sağlamlıq mərkəzinin qarşısındakı BMTİP-in posterində agentliyin işinin tərifəlayiq olduğu, lakin İraq qüvvələrinin 2017-ci ildə İŞİD yaraqlılarını qovduğu zaman cüzi ziyan görən müəssisənin digər iki təşkilat tərəfindən bərpa edildiyi bildirilib.

İddia edilən geriödəmələr BMTİP-in 2015-ci ildə təxminən 1,9 milyard dollar maliyyə dəstəyi ilə başladığı “Bərpa edilmiş Sahələrin Sabitləşdirilməsi Proqramı”nda korrupsiya və yanlış idarəçilik iddialarından birini təmsil edir.

Donorlar proqramı daha iki il uzatmağa razılaşıblar və qalan vəsaitin bir hissəsini sosial və institusional inkişafa yönəltmək istəyirlər. Bununla belə, müsahiblər BMTİP-in bu təşəbbüslər çərçivəsində keçirdiyi təlim və seminarları “əhəmiyyətsiz” və “strateji uyğunluğun olmaması” kimi qiymətləndiriblər.

“The Guardian” yazır ki, hökumət rəsmiləri və icma üzvləri pulsuz səfərlərdən faydalanmaq və ödənişlər almaq üçün tez-tez bu sessiyalara qatılırlar. Keçmiş işçilərdən biri deyib: “UNDP sadəcə pul xərcləmək və donorlara təhsil işləri ilə məşğul olduqlarını göstərmək istəyir”.

İstintaqla bağlı İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin müşavirlərindən olan Fərhad Alaaddin bildirib ki, BMTİP-də korrupsiya və dövlət qurumlarının hadisədə iştirakı ilə bağlı iddialar təsdiqlənərsə, hüquqi addımlar atılacaq.