BMU-da Himayəçilər Şurasının iclası keçirilib

17:20 11.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakı Mühəndislik Universitetində (BMU) Himayəçilər Şurasının növbəti iclası keçirilib. Şuranın sədri, təhsil nazirinin müavini İdris İsayev ötən dövr ərzində Himayəçilər Şurasının tərkibində dəyişikliklərin baş verdiyini, Şuranın  əsasnamənin təsdiq olunduğunu və bunun birgə səmərəli fəaliyyətə öz müsbət təsirini göstərəcəyini vurğulayıb.

Hafta.az-ın yazdığına görə, İ.İsayev bildirib ki, hazırda bütün təhsil pillələrində aparılan islahatlar ali təhsil pilləsində də uğurla gerçəkləşdirilməkdədir. O, ötən dövr ərzində ali təhsil sisteminə əlaçatanlığının artırılması, ali təhsil sistemində akademik potensialın gücləndirilməsi, ali təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verib. Ali təhsil sahəsində akademik potensialın artırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü vurğulayan nazir müavini Prezident cənab İlham Əliyevin müvafiq Fərmanı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edildiyini xatırladıb. O, Dövlət Proqramının birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsinin, yeni akademik mühitin yaradılmasının nəzərdə tutulduğunu, ikinci komponentində isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə etdiyini qeyd edib. Nazir müavini BMU-nun bu istiqamətdə işə başladığını və artıq Cənubi Koreyanın İnha Universiteti ilə anlaşma memorandumu imzalandığını diqqətə çatdırıb. 

Nazir müavini gündəlikdə yer alan məsələlərə toxunaraq Şuranın iclasında digər məsələlərlə yanaşı, BMU-nun inkişafına dair 2020-2023-cu illər üçün Strateji İnkişaf Proqramının müzakirə olunacağını deyib. İ.İsayev vurğulayıb ki, sənədin hazırlanmasının məqsədi, ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, işəgötürənlərlə sıx əməkdaşlıq edərək əmək bazarının daim inkişaf edən tələblərinə uyğun mütəxəssislərin hazırlanması, universitetdə tədris prosesinin, məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması, akademik potensialının gücləndirilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyətinin gücləndirilməsi, universitet-iş dünyası əlaqələrinin genişləndirilməsi, sosial və ictimai fəaliyyətlərinin təkmilləşdirilməsidir.