Böyük güclərin UKRAYNA BAZARLIĞI

09:30 21.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti “Artıq altı müharibəni dayandırmışam”, – deyib yeddincini – Rusiya–Ukrayna savaşını da sülhlə başa vurmağa çalışır. Səbəbi növbəti seçkilərdə özünün və ya ən azından, respublikaçıların qələbəsini təmin etməklə yanaşı, həm də qoca Baydenin acığına Nobel sülh mükafatını almaq istəməsidir. Amma deyəsən yox, Rusiya ilə Ukrayna heç də əvvəlki altı müharibə aparan tərəf kimi üzüyola görünmür və ən azından, bir az vaxt aparacaq…

Öncə qeyd edək ki, Tramp hakimiyyətə gəlməzdən öncə seçildiyi təqdirdə, müharibəyə son qoyacağını, ABŞ-nin Ukraynaya göndərdiyi bütün yardımları dayandıracağını bəyan edirdi. O vaxt çoxları bunu ölkə daxilində pisləşən social problemləri aradan qaldıracaq qəhrəman obrazı yaradaraq səs almaq istəyi kimi yozurdu. Amma görünən budur ki, Tramp sözünün üstündə bək durub və bacardığı qədər çalışır ki, Ukraynanı əzməjk hesabına müharibəni dayandırsın. İlk gündən verilən bəyanatlara, aparılan danışıqlara nəzər yetirin: hər birində açıq şəkildə Ukraynaya “təslim ol”, “Rusların işğal etdiyi torpaqlardan vaz keç”, “Krımı birdəfəlik unut” kimi qəti çağırışlar edilir və birmənalı şəkildə dünyanın dictator kimi tanıdığı Putinin əlini daha da gücləndirib, Rusiyanın keçmiş kommunizm məkanında yenidən söz sahibi olma iştahası qızışdırılır. Yəni dünya ABŞ ilə Rusiya arasında müəyyən sərhədlər daxilində beləcə, bölünür.

Qayıdaq konkret olaraq ABŞ-də keçirilən görüşlərə. Donald Tramp Alyaskada Putinlə dünya xəritəsini yenidən cızmaq üçün keçirdiyi görüşün ardıyla Vaşinqtonda Zelenski, ardıyla da Avropanın digər liderləri ilə görüşdü. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün dostcasına, lakin ilkin cəhd kimi qiymətləndirilib. Özü də görüşün böyük hissəsi Zelenski müharibəni bitirmək üçün razılaşarsa, Avropa ölkələri və ABŞ-ın Ukraynaya verə biləcəyi təhlükəsizlik zəmanətlərinin mahiyyətinə yönəldilib.

Görüş, əsasən, liderlər arasında, ümumilikdə, razılaşma ilə başa çatıb. Amma bəzi fərqli mövqelər də istisna olmayıb. Almaniya kansleri Fridrix Merz Rusiya ilə hər hansı danışıqlar üçün ilkin şərt kimi atəşkəsə çağırıb, lakin Tramp nəzakətlə bu təklifi rədd edib. Fransa Prezidenti Emmanuel Makron Putinin niyyətlərinə şübhə ilə yanaşaraq, “Prezident Putinin sülh istədiyinə əmin deyiləm” deyib.

Bununla belə, görüş Zelenskinin Ağ evə əvvəlki səfəri zamanı yaranmış gərginliyi təkrarlamadı. İştirakçılar Zelenski ilə Putin arasında birbaşa görüş keçirməyə razılaşıblar. Digər məsələlər, məsələn, Ukraynanın təhlükəsizlik zəmanətlərinin təfərrüatları, Kiyevin saziş çərçivəsində hər hansı ərazi güzəştinə gedib-getməməsi üzərində hələ də işlənilir.

Mən isə qəti deyərdim ki, hətta ABŞ-nin istədiyi sülh yaranarsa belə, bu Ukraynanın biabırcasına məğlubiyyəti və bölünməsi hesabına əldə olunacaq. Hər yerdə başıaşağı gəzən ukraynalılarla üzləşən qalib ruslar isə onlara yuxarıdan aşağı baxmağa davam edəcək. Tramp isə Putinlə keçirdiyi görüşü nə qədər “tarixi sammit” adlandırsa da, bu sadəcə onu Nobel mükafatına yaxınlaşdıran başqa bir xalqın acı məğlubiyyəti və Ukraynanın timsalında bir müstəqil dövlətin bölünməsi üzərində qanunsuz və haram proses kimi tarixdə qalacaq. Tramp hər kəlməsində “insanların ölməsi dayanmalıdır”, “Ukraynaya sülh lazımdır” desə də, bu sülh ukraynalılara nə verəcək – vətənlərinin dörddə birinin işğalını, yüz minlərlə şəhidinin uzun illər yaddan çıxmayacaq acısı və ömürboyu işğalçı Rusiyanın təzyiqlərinin ağırlığı altında bir həyat.

Əlbəttə, əvəzində Avropa Rusiyaya bazarını açacaq, ABŞ ilə Rusiya dünyanı öz bazarları kimi böləcək və bunu “böyük qələbə” adlandıracaq…

Ağ ev rəhbərinin təbirincə desək, ikitərəfli Alyaska zirvəsindən sonra keçirilən Zelenski və Avropa liderləri ilə ara görüşünün ardıyla üçtərəfli zirvənin reallaşması gündəmdədir. Bunun üçün bir neçə versiya səslənirdi. Avqustun 22-si yaxın vədəli, oktyabr ayı bir az orta vədəli gözlənti var. Əsas odur ki, bu yolda maneə Zelenskinin və Avropadakı müttəfiqlərinin mövqeyi ola bilərdi. Amma göründüyü kimi, Tramp onu və Ukraynaya yardım edən Avropa liderlərini öz sarayına çağıraraq qəti hökmünü verdi – heç bir milli maraq, suverenlik haqqı filandan söhbət gedə bilməz, hətta Kiyevi belə verməklə də olsa, müharibə başa çatmalıdır! Hamı da səssiz-sədasız boyun əydi. Tramp da, Avropa və bütün dünya liderləri də əla bilir ki, Rusiya işğalçıdır, Ukraynaya hücum edilib, torpaqları zəbt olunub və onu ayı sürüsü didib-parçalayır, amma çarəsizcəsinə ona kömək edə bilmirlər. Çünki ABŞ belə istəyir.

Acınacaqlısı odur ki, Tramp hər dəfə müharibənin qalibi olmayacaq deyir. Onda sual yaranır: Putin əvvəldən Krımın və digər dörd Ukrayna vilayətinin Rusiyaya birləşdirilməsini, Kiyevin NATO-ya üzv olmamasını, ərazisində xarici hərbi baza yerləşdirməməsi tələbi ilə müharibəyə başlamışdı və indi həmin tələblərin hamısı artıqlaması ilə yerinə yetirilir. Hansı məntiqlə müharibənin birmənalı qalibinin Rusiya olmadığını deyə bilərsiniz? Üstəlik, Ukraynadakı ədalətsiz qalibiyyətindən ruhlanaraq keçmiş sovet respublikaları ilə də Ukraynaya davrandığı kimi davranmayacaqmı? Digər yandan, müharibə başa çatdığı təqdirdə ABŞ-ın xarici ticarəti və qlobal hərbi-siyasi maraqları tam təhlükəsiz inkişaf edəcək, Ukraynanın yeraltı sərvətləri, bütün iqtisadi-sənaye sahələri üzərində nəzarəti ələ alacaq, şəxsən Tramp isə arzuladığı Nobel mükafatını alacaq, bu, ABŞ-nin də qələbəsi demək olmayacaqmı?

Bu arada, uduzan ancaq Ukrayna olmayacaq, Rusiyanın təcavüzü dövründə onu dəstəkləyən hər bir ölkə məyus olacaq. Ukrayna müharibəsi, bir çox digər beynəlxalq problemlər kimi, Avropa İttifaqının və BMT-nin əslində çox zəif olduğunu üzə çıxardı və olan-qalan nüfuzunu da məhv etdi. Bundan sonar artıq heç bir xalq və dövlət BMT-dən haqlı olaraq imdad gözləməyəcək və hamı Rusiyaya qorxunc qüvvə, ABŞ-yə isə xilaskar kimi baxacaq.

Tanınmış türk politoloq Onur Sinan Güzaltan da hesab edir ki, Zelenski ölkəsinin xilası naminə təkbaşına təşəbbüs göstərə bilər, ancaq son anda onun Amerika və Avropanın dəstəyinə ehtiyacı var. Mövcud hadisələr isə göstərir ki, ABŞ Rusiya ilə normallaşmaya can atır. Bu səbəbdən də, Zelenski indi Vaşinqtona deyil, Avropaya bel bağlayır, xüsusən də Böyük Britaniyanın dəstəyini almağa çalışır və müharibə davam edərsə, bu dəstək tələb olunacaq. Bununla belə, Avropa zəifləmiş vəziyyətdədir. Ona görə də hamı çağbaş qalıb. Odur ki, ABŞ-ın təzyiqləri Zelenskiyə razılaşmanı imzalamaqdan başqa seçim vermir.

“Bəs Amerikasız Avropa Rusiyaya qarşı nə qədər dayana bilər? İqtisadi və siyasi baxımdan bu, mübahisəlidir. Ona görə də Zelenskinin müharibəni davam etdirməkdə israr etməsi əslində onun aradan qaldırılması demək ola bilər. Nəhayət, Tramp ümumilikdə sülh elçisi mövqeyinə keçib. Halbuki biz bunun çoxlu nümunələrini görmüşük. Məsələn, İran-İsrail müharibəsindən əvvəl amerikalılarla iranlılar arasında danışıqlar gedirdi, lakin onlar masa arxasında olarkən İsrail məhz Ağ Evin dəstəyi ilə İrana hücum etdi. Ona görə də aydındır ki, Trampa və onun administrasiyasına etibar etmək olmaz. Amerika administrasiyası hazırda sülh danışıqları və sülh elçisi rolunu öz üzərinə götürsə də, Rusiyanı sarsıtmaq üçün səylərini davam etdirir. Bu səbəbdən də qarşıdakı dövrdə danışıqlar müsbət nəticə versə belə, tam hüquqlu sülh razılaşması gözləmək bir qədər real görünməyəcək. Şəxsi fikrim budur ki, hazırda Qərblə Şərq arasında ziddiyyətlər barışmazdır. Bu gün atəşkəs, hətta sülh əldə olunsa belə, qarşıdakı dövrdə istər Ukraynada, istər Fələstində, istər Yaxın Şərqin digər bölgələrində, istər Aralıq dənizində yeni münaqişələr alovlanacaq. Söhbət barışmaz ziddiyyətlərdən gedir və bu prosesi yalnız bir tərəfin danışıqlar masasında digər tərəfə öz iradəsini sırımaqla həll etmək mümkün deyil”, - politoloq deyib.