Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan da, qardaş Türkiyə də əsasən Çin və Rusiyanın hegemon olduğu “BRİKS” təşkilatına üzv olmaq üçün ərizə verib. Bəs görəsən, planetdəki mövcud geosiyasi və geoiqtisadi durumda, Qərbin Çin və Rusiya ilə həm siyasi, həm də iqtisadi rəqabətdə olduğu bir dönəmdə belə bir quruma üzv olmağın ölkələrimiz üçün hansısa ciddi faydası, perspektivi olacaqmı?
Hafta.az-a açıqlamasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov mövzu ilə bağlı qısa olaraq bunları deyib:
“Əlbəttə ki, “BRİKS”ə üzv olmağın faydası, perspektivi ola bilər. Dünyada müəyyən məsələlərə, o cümlədən iqtisadi sahədəki dəyişikliklərə həmişə açıq olmaq, o istiqamətlərdə də fəaliyyət göstərmək lazımdır. Ölkənin iqtisadiyyatına rəhbərlik edənlər, bu sahə ilə məşğul olanlar, iqtisadi siyasəti hazırlayanlar “BRİKS”-ə üzvlüyün fayda və perspektivlərini daha yaxşı qiymətləndirə bilərlər. Zənnimcə, “BRİKS”-ə üzvlükdə əsas görünən üstünlüklər ondan ibarətdir ki, Qərblə ticari, iqtisadi əlaqələr qalmaq şərti ilə yaranmış şəraitdə bu təşkilata üzv olan ölkələrlə münasibətlərin tənzimlənməsi və o istiqamətdə aparılan işlər də ölkənin hər hansı bir maliyyə mənbəyi və ya hansısa xarici valyutadan asılılıqdan qurtarmasına və onun daha rahat şəkildə iqtisadi münasibətləri tənzimlənməsinə gətirib çıxaracaq. Əlbəttə ki, burada daha müsbət addımlar atıla bilər ki, gələcəkdə o istiqamətdə işlər, xüsusilə iqtisadi sahədəki münasibətlər daha rahat şəkildə həyata keçirilsin...”.