“BRİCS-də iştirakımız Qərblə əlaqələrimizə xələl gətirməyəcək” – BƏƏ-nin iqtisadiyyat naziri

10:48 29.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Birləşmiş Ərəb Əmirlikləri BRİCS-ə üzv olmaqla ticarəti inkişaf etdirməyə çalışır və təşkilat tərəfindən yaradılmış Yeni İnkişaf Bankına (NPD) daha çox kapital ayırmağı planlaşdırır”.

Hafta.az-ın Bloomberg-ə istinadən yazdığına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdullah bin Tavk əl-Marri deyib. BƏƏ-nin BRİCS-də iştirakının Qərb ölkələri ilə əlaqələrinə xələl gətirməyəcəyini vurğulayan Marri, "BRİCS-ə üzvlük ABŞ-a qarşı olmayacaq, ıəksinə BƏƏ-nin dünyaya təklif etdiyi plüralizmin dəstəklənməsinə də töhfə verəcək" deyib.

Cənub ölkələrinə fokuslandıqlarına işarə edən Marri, "Bizim çox böyük işimiz var və diqqətimizi Qərbə yönəldəcəyik. Biz sülh və rifah istəyirik, iqtisadiyyat və ticarəti gücləndirməyə çalışırıq. Qlobal cənuba getmək hazırda diqqətimizi çəkən ən mühüm məsələdir” bildirib.

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa avqustun 24-də ölkəsində keçirilən BRİCS sammitində İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Efiopiya və Argentinanı 2024-cü ilin əvvəlində bu təşkilata üzv olmağa dəvət edib.

Yohannesburqda keçirilən sammitdən əvvəl 40-dan çox ölkə BRİCS-ə qoşulmaqda maraqlı olduğunu açıqlayıb, 23 ölkə isə iştirak üçün rəsmi müraciət edib.

Hazırda dünya əhalisinin 40 faizindən çoxu BRİCS ölkələrində yaşayır. 2000-ci illərin əvvəllərində BRİCS ölkələri qlobal iqtisadi istehsalın (ÜDM) 7,7 faizini təşkil edirdisə, son vaxtlar bu göstərici 25 faizdən çox olub. Əlavə ediləcək yeni üzvlərlə təşkilatın təsirinin artacağı və sözügedən nisbətin təxminən yüzdə 30-a yüksələcəyi hesablanır.