Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarovla budəfəki söhbətimizdə oktyabrın 6-da dördtərəfli Praqa görüşləri və bəyanatından sonra Ermənistan və Qarabağ ətrafında gözlənilən proseslər, Krım körpüsündəki partlayışdan və ardınca işğalçı Rusiya tərəfindən Kiyev, Lvov və s. iri şəhərlərin kütləvi raket və PUA hücumuna məruz qalmasından sonra Rusiya-Ukrayna savaşının gələcəyi, bu fonda Rusiya lideri V.Putinin çevriliş və ya digər yollarla hakimiyyətdən uzaqlaşdırılması ehtimalı, İranda son iğtişaşların ölkədə rejimin dəyişməsinə hansı dərəcədə şərait yaratması və s. mövzularda müzakirə aparmağa çalışdıq.
– Dördtərəfli Praqa görüşləri və bəyanatından sonra Ermənistan və Qarabağla bağlı Brüssel prosesi davam edəcək, sizcə? Doğrudanmı, ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı var?
– Bilirsiniz, əgər obyektiv təhlil etsək, görərik ki, dördtərəfli Praqa bəyanatında Ermənistan tərəfindən bəzi mövzulara aid hansısa müsbət fikirlər səslənib. Təəssüflər olsun, erməni tərəfi Azərbaycanın ərazi bütövlüyünü hələ də müəyyən şərtsiz, oyunsuz şəkildə tanımayıb. Bəyanatlar verirlər, lakin yenə də hansısa dırnaqarası “Artsax” mövzusunu gündəmdə saxlamağa çalışırlar. Bu da şəxsən məndə sülhün tezliklə baş tutacağına şübhə yaradır.
Hesab edirəm, Ermənistanın hansısa sülhmeyilli bəyanatlarında əsas məqsədi bu və ya digər şəkildə Fransanı prosesə qaytarmaqdır. Söhbət yalnız danışıqlar masasında vasitəçilikdən getmir. Erməni tərəfi maksimum çalışır ki, hansısa missiya-filan vasitəsi ilə rəsmi Parisin bölgədə iştirakını təmin etsin. Bunun üçün onlar mütəmadi olaraq Azərbaycanla sərhəddə həlledici məqamlarda atəşkəsi pozurlar. Görürük ki, Praqa görüşündən sonra da bu baş verdi. İndi deyəcəklər ki, atəşkəsin pozulmasına nəzarət etmək üçün müşahidəçi missiya gərəkdir. Və s. və i.a…
- Bu günlərdə xəbər yayıldı ki, Fransa Senatında Xankəndidə humanitar missiya yaradılması təklif edilən qətnamə müzakirəyə çıxarılacaq…
– Oxşar məlumatlar çox yayılır... 15 noyabrda Fransa Senatında Qarabağla bağlı hansısa sənədi müzakirə edəcəklər. Həmin o Senat ki, 2020-ci ilin 44 günlük müharibəsindən dərhal sonra Qarabağddakı separatçı rejimin "müstəqilliyi"ni tanımağa çağıran qətnamə qəbul edib. Bir sözlə, həm də görürük ki, burada söhbət yalnız ermənilərə dəstəkdən getmir, Türkiyəyə qarşı da Suriya və Yunanıstana əlavə olaraq yeni bir təzyiq nöqtəsi, hərbi-siyasi cəbhə açmağa çalışırlar. Bütün bunlar eyni zamanda, ümumiyyətlə, Türk Dövlətləri Birliyinə qarşı yönəlmiş davranışlardır. Fransa və bəzi digər Qərb dövlətlərinin Zəngəzurda olan marağı da əsasən bununla bağlıdır. Və belə bir vəziyyətdə Azərbaycan dövlətinin ümumi taktikası ondan ibarətdir ki, Qərbin bizə qarşı mənfi təsirlərini neytrallaşdırmaq üçün Rusiyadan, Rusiyanın isə mənfi təsirini neytrallaşdırmaq üçün isə Türkiyəyə güvənirik. Həmin sxem yenə də qüvvədə qalır...
– Hər ikisi müəyyən məqamlarda bizə mane olur: həm Qərb, həm Rusiya...
– Əslində bu, normal vəziyyətdir.. Bəziləri elə fikirləşirlər ki, insanlar arasıında olan münasibətləri avtomatik şəkildə dövlətlərarası münasibətlərə köçürmək olar... Bilirsiz, siyasətdə münasibətlər prosesinin öz dinamikası var. Bu həmişə baş verir. Kimsə fikirləşir ki, müstəqillik necə olur. Müstəqillik elə budur da... Yəni sən ölkənlə bağlı hər bir şeyə cavabdehsən... Sabah sülh müqaviləsi imzalanandan sonra da problemlər bitməyəcək. Bu problem qurtarandan sonra başqa bir problem başlayacaq. Bu, mürəkkəb bir prosesdir. Bir sözlə, normal siyasətin qaydasıdır... Odur ki, Praqa görüşləri və bəyanatını da bu aspektdən şərh etmək gərəkdir. Fransa bölgədə mövqelərini möhkəmlətməyə çalışır. Ermənistan da istəyir ki, ona şərait yaratsın. Türkiyə, Azərbaycan və qismən Rusiya isə buna qarşıdır...
– Yəni sözünüzdən belə çıxır ki, Ermənistanla sülhə apardığı təbliğ edilən Brüssel prosesində Fransa dominant rol oynayır?
– Əlbəttə. Brüssel prosesini mən daha çox “Fransa prosesi” adlandırardım. Hazırda Fransa, açıq-aşkar Britaniya da Aİ-dən çıxandan sonra həmin İttifaqın hərbi-siyasi liderinə çevrilmək istəyir. Bəzi məqamlarda Almaniya onun üçün iqtisadi bəxımdan bir rəqib ölkə olsa da, görürük ki, Makron Aİ-nin xarici siyasətində dominant olmağa çalışır...
– Bir aydan çoxdur ki, qanunsuz şəkildə Azərbaycan Respublikasının ermənilər məskunlşamış ərazilərinə gəlmiş erməni mənşəli Rusiya milyarderi, özü də hələ rəsmən Rusiya vətəndaşlığından çıxmamış Ruben Vardanyan torpaqlarımızda qanunsuz ictimai-siyasi və iqtisadi-sosial fəaliyyətlə məşğuldur. Amma əvvəlki dövrlərdə digər xarici nümayəndələrin Qarabağa səfərləri zamanı onlar “qara siyahı”ya salınsa da, arzuolunmaz şəxs elan edilsə də, Azərbaycan Xarici İşlər Nazirliyi Vardanyanın suveren ərazilərimizdəki varlığına hansısa rəsmi reaksiya vermir. Sizcə, buna səbəb nədir? Bəzilərinin hətta “Putinin miyarder “desantı adlandırdığı, Rusiya prezidenti və baş nazir müavini D.Medvedyevlə yaxınlığı olan bu erməni iş adamı ciddi təhlükə kəsb etmir, yoxsa?..
– Hesab edirəm, Azərbaycanın ermənilər məskunlaşmış torpaqlarına gəlməkdə erməni mənşəli Rusiya milyarderi Ruben Vardanyanın və ya onu himayə edənlərin bir neçə məqsədi var. Birincisi, o, bankirdir. Bilirik ki, Rusiyanın bank-maliyyə sistemi Qərbin güclü sanksiyaları altında fəaliyyət göstərir. Həmin sahəyə bağlı olan bir çox iş adamları kimi Vardanyan da bu və ya digər şəkildə o sanksiyalardan qaçmaq üçün müxtəlif yollar arayır. Bu mənada istisna etmirəm ki, Qarabağa gəlməkdə Vardanyanın şəxsi məqsədlərindən biri də məhz budur. Həmin məqsədə hansısa siyasi don geydirmək üçün o, Qarabağdakı soydaşlarının mövcud durumunu əlində dəstəvuz edib...
Eyni zamanda biz görürük ki, bu erməni milyarderin digər çox şübhəli bir fəaliyyət sahəsi də var. Məsələn, Ermənistanın Azərbaycana qarşı sanksiyalar tətbiq olunmaq istəyinin gerçəkləşməsi üçün məhz hazırda Qarabağda olan Vardanyandan istifadə olunur. Axı bu həm də Rusiyanın marağında olduğu bir məsələdir. ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi rəsmi Bakıya qarşı sanksiyalardan danışanda, yaxud bu məsələ Avropa Parlamentində müzakirə olunanda yaxşı başa düşürük ki, bunun arxasında Kreml dayanır. Axı hazırda Rusiyanın enerji daşıyıcılarının ixracı ciddi sanksiyalar altındadır. Moskvanın strateji məqsədi ondan ibarətdir ki, Avropa enerjidaşıyıcılarından tamamilə imtina etsin və orada yanacaq böhranı baş qaldırsın. Həmin böhranın olmaması üçün Azərbaycanın da Qərbə bəzi tövsiyələri var. Məhz ona görə Avropa İttifaqının məsul şəxsləri Bakıya gələrək açıq şəkildə bəyan edirlər ki, Azərbaycandan neft və qaz ixracını artırmaq niyyətindədirlər. Və bu prosesin qarşısını almaq üçün digərləri kimi Vardanyana da Kremldən müəyyən tapşırıqlar verildiyi açıq hiss olunur. Görünür, bu da Moskvanın yeni bir layihəsidir...
Ermənistan teleqram-kanallarının yazdığına görə, Pelosinin Ermənistana qeyri-rəsmi səfəri məhz Vardanyan tərəfindən maliyyələşdirilib. Bunun üçün ermənilər təxminən 140 milyon dollara yaxın pul xərcləyib. Əslində, Pelosi İrəvana Demokratlar pariyasının siyasi fəaliyyəti çərçivəsində səfər edib. ABŞ-ın 3-cü rəhbər şəxsi kimi onun gəlişinin maliyyələşdirilməsi, onun üçün xüsusi təyyarə və mühafizənin təşkil olunması və s. böyük məbləğ tələb edir. Xülasə, yekunda Ermənistanın xərclədiyi məbləğdən 50 milyon dolları Demokratlar partiyasının büdcəsinə gedib. Təxminən, 30 milyon dollar Pelosinin mühafizəsinin təşkilinə xərclənib. Məlumatlara görə, bütün bu proseslərin maliyyələşməsində Vardanyan və Putinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysın böyük rolu olub. Yəni burada Kremlin marağı çox açıq şəkildə özünü büruzə verir. Pelosinin səfərinin təşkilində əsas məqsədlərdən biri də Azərbaycanın Rusiya qazına alternativ olaraq Avropaya qaz nəqlinə sanksiyalar tətbiq edilməsinə nail olmaq idi. Həmin sanksiyalardan qazanan Putin və Rusiya dövləti ola bilər...
– Ukraynada Krım körpüsündəki partlayışdan və ardınca Rusiya tərəfindən Kiyev, Lvov və s. iri şəhərlərin kütləvi raket və PUA hücumuna məruz qalmasından sonra baş verənlər hansı perspektivi vəd edir?
– Bundan sonra hərbi əməliyyatların daha yüksək səviyyəyə qalxacağı görünür. Sonuncu kütləvi raket zərbələrindən sonra Ukraynanın da Rusiya ərazisinə adekvat zərbələr endirməsi qarşısında heç bir maneə qalmayıb...
Və yeri gəlmişkən, çox maraqlı bir məsələyə də toxunmaq istərdim, artıq müharibənin 8-ci ayıdır, Ukrayna ərazisinin 20 faizə yaxını işğal edilib, amma nə Rusiya birbaşa Ukraynaya müharibə elan edib, nə də ərazisinin 20 faizi yaxını işğal edilmiş Ukrayna torpaqlarının azad edilməsi üçün Vətən müharibəsi elan edib. Bu, anormal bir haldır. Düzdür, Ukrayna hərbi vəziyyət elan edib. Ukrayna Ali Radası hələ 2015-ci ildə Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərini işğal olunmuş ərazi kimi tanıyıb. Bu yaxınlarda Rusiyanın hücumunu ukraynalılara qarşı soyqırım kimi tanıyan qətnamə qəbul edib. Budəfəki savaşdan sonra ölkə ərazisinin işğalı ilə bağlı hansısa ümumi qanun qəbul olunmayıb, müharibə elan edilməyib. Yəni müharibənin elan ediləcəyi halda hər iki tərəf üzərinə öz xalqları qarşısında bir sıra vəzifələr götürməlidir. Bundan əlavə, hər iki ölkə qarşılıqlı olaraq digərinin vətəndaşlarını rəsmən düşmən kimi qəbul etməlidir. Xüsusən Ukrayna tərəfdən, ən azı, ərazilərin işğalıyla bağlı qanun qəbul olunmalıdır...
– Son günlər guya Kremldə Rusiyanın hərbi-siyasi elitasında parçalanmalar baş verməsi, artıq Putinə qarşı ciddi qruplaşmanın yaranması və s. haqda informasiyalar yayılır. Sizcə, hazırkı Rusiya liderinin çevriliş və ya digər yollarla hakimiyyətdən uzaqlaşdırılması ehtimalı nə qədərdir?
– Bilirsiniz, Rusiya daxilində, xüsusən də Kremldə gedən proseslər haqda dəqiq və rəsmi məlumatlar yayılmır. Bu, aydındır. Digər tərəfdən isə müəyyən sızmalar hərbi təbliğatın, informasiya müharibəsinin bir elementi ola bilər. Bu baxımdan Putinin səhhəti, xəstəlikləri, eləcə də ona müxalif olan qüvvələr və s. barədə məlumatlar sızır. Onların mənbəyi və dəqiqliyi də sual altındadır. Buna inanmaq da olar, inanmamaq da. Bu, həm də kimin cəbhənin hansı tərəfində olmasından asılıdır...
– Oktyabrın 10-da bəzi Britaniya nəşrləri Putin çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağından qorxduğundan Moskvada təhlükəsizliyi gücləndirmək üçün Rusiya ordusunun 18 minlik elit birliyi yerləşdirilməsi, şəhərdə xüsusi postlar qurulması və hətta şübhəli hərbçilər arasında həbslər aparılması və s. haqda informasiyalar yaymışdı...
– Belə bir məlumata mən də rast gəldim. Ancaq davamını, heç olmasa, vizual təsdiqini görə bilmədim. Yəni belə bir olay doğrudan da baş veribsə, məsələn, Moskvada xüsusi postların qurulmasını təsdiq edən heç olmasa, fotogörüntülər yayılmalıdır. Görünür, bu da hansısa informasiya savaşının tərkib hissəsidir...
– İrandakı son həyəcanlı hadisə və proseslərə necə baxırsız? Sizcə, bu ölkəni nə gözləyir?
– Hələlik belə görünür ki, İran əsasən öz daxili problemləriylə məşğuldur. Yəni beynəlxalq siyasətdə onun hansısa şəkildə fəallığı hələ də görsənmir. Doğrusu, İranla bağlı da o qədər dəqiq məlumatlarım yoxdur. Odur ki, ölkə daxilindəki son iğtişaşların harada bitəcəyi, nəyə aparıb çıxaracağı haqda proqnoz vermək çətindir. İranın cənubunda, eləcə də Azərbaycan türkləri yaşayan ərazilərdə hansısa məhdud hərbi fəallığın da olması görünür. Lap cənubda, Xuzistan vilayətində xüsusi gərginlik, hətta kiçikmiqyaslı hərbi qarşıdurma haqda da məlumatlar mövcuddur. O bölgədə həmişə gərginlik olur. Ötən il həmin Xuzistanda hərbi parad zamanı hərbçilər atəşə tutulmuşdu. Orada hərbi müxalifət güclüdür. İndi bəzi məlumatlara görə, orada 180 nəfərə yaxın həlak olan var. Məlumatlar dəqiq və sistematik olmadığı üçün biz də hansısa nəticəyə gələ bilmirik. Məlum olan odur ki, hələ də İrandakı proseslərin sakitləşməyə doğru getməsi görsənmir... İkincisi, siyasi baxımdan çox vacib hadisələrin ərəfəsindədir İran. Dini rəhbərliyin mümkün olan dəyişməsi, dini liderin xəstə olması haqda məlumatlar və s. gündəmdədir...
– Yəni deyirsiniz, ancaq fiqurlar dəyişiləcək?
– Bəli, fiqurların dəyişməsi ehtimalı daha çoxdur. Amma bəzən fiqurlar dəyişəndə struktur da dəyişir, rejim də...