“Bu gün Ermənistanın barəsində danışıb yerinə yetirmək istəmədiyi həmin 2 maddə olduqca prinsipial əhəmiyyətlidir. Bu maddələr olmadan sülh sazişinin imzalanması lazımsızdır. Əgər Ermənistan bu maddələrin razılaşdırılmasından yayınırsa, deməli sülh müqaviləsi imzalamaq istəmir”.
Bunu hafta.az-a siyasi ekspert Aydın Quliyev Ermənistanın rəsmi açıqlamasında sülh sazisi mətninin 17 bəndinin razılasdırılması və yalnız 2 bəndin mübahisəli qalması ilə bağlı qeydlərə diqqət çəkərkən bildirib.
A.Quliyev razılaşdırılması üzərində problem yaşanan həmin bəndlərin Ermənistan konstitusiyasında Azərbaycan torpaqlarına iddiadan əl çəkilməsi və ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina edilməsi ilə bağlı olduğunu deyib.
Ekspert bildirib ki, Azərbaycanın təklifi prinsipial şəkildə sülh sazişinin imzalanması və bölgədə uzunmüddətli sülhün təmin olunmasına hesablanıb. Ermənistanın etdiyi təkliflər isə cari çıxış olmaqla bərabər, uzunmüddətli sülhü təmin etmək məqsədi daşımır. Ermənistanın sülh təklifləri, eyni zamanda əldə olunmuş razılaşmanın pozulması ilə nəticələnəcək potensiala malikdir.
“"Biz hər dəfə ermənilərin çox cüzi xarakterli dəyişikliklərlə, eyni məzmunlu açıqlamalarının şahidi oluruq. Bu, Ermənistanın sülh sazişindən yayınmaq üçün növbəti cəhdidir. Ermənistanın hazırda sülh sazişinin mətninə çıxarmaq istədiyi maddələr əsasən konstitusiya dəyişikliyi aparmaq və ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina ilə bağlıdır. Azərbaycanın sülh sazişinin imzalanmasında nümayiş etdirdiyi mövqe sülhün tam təmin olunması istəyindən irəli gəlir. Hər iki maddə bölgədə münaqişənin qəti şəkildə sona yetirilməsinin qeydə alınması və gələcəkdə belə münaqişələrin olmamasına dair imkanların təsdiqdir.
Ermənistan uzunmüddətli sülh üçün çalışmır. Sadəcə hansısa formada bir sənəd imzalayıb gələcəkdə revanş siyasətlərini həyata keçirmək üçün siyasi-hərbi hazırlıqlarını davam etdirmək isəyirlər”.