Bu, uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır - UNİCEF-dən Ermənistanın uşaqları hərbi təlimlərə cəlb etməsinə reaksiya

14:22 16.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəliyi müxtəlif “Telegram” kanallarda Azərbaycanın işğal altında olan Xankəndi şəhərində yetkinlik yaşına çatmayan erməni uşaqlarının hərbi təlimlərə cəlb edilməsi ilə bağlı yayılan videoya münasibət bildirib.

Nümayəndəliyin İctimaiyyətlə əlaqələr üzrə rəsmisi Cuho Hyun Trend-in sorğusuna cavab olaraq bildirib ki, UNICEF videonun məzmununu yoxlamaq imkanına malik deyil.

C.Hyun əlavə edib ki, münaqişədə uşaqların istənilən cür istifadəsi onların hüquqlarının kobud şəkildə pozulması deməkdir:

“Biz bütün tərəfləri mülki şəxsləri, mülki infrastrukturu beynəlxalq və humanitar qaydalara uyğun olaraq qorumağa çağırırıq. Ermənistan və Azərbaycandakı UNICEF nümayəndələri zərərçəkən uşaqlara humanitar yardım göstərmək üçün yerli tərəfdaşlarla işləyir”.

Qeyd edək ki, müxtəlif “Telegram” kanallarında yayılan videolardan Ermənistan hökumətinin Qarabağda döyüş əməliyyatları nəticəsində çoxlu sayda canlı qüvvə itirdikdən sonra uşaqları döyüşlərə cəlb etməyə başladığı aydın olur.

Videolardan görünür ki, Xankəndidə dərs saatında kamuflyaj formalı hərbçilərin nəzarəti altında döyüş hazırlığı təlimləri keçirilir.

Xatırladaq edək ki, bu, Yerevanın hərbi əməliyyatlara uşaqları cəlb etməsi ilə bağlı birinci fakt deyil. Bu cür hadisələr 1990-cı illərdə davam etmiş birinci Qarabağ müharibəsi zamanı da qeydə alınıb.

Xarici xüsusi xidmət orqanlarının məlumatına görə, Qarabağın yüksək dağlıq rayonlarında və Ermənistanda erməni terrorçularının bir neçə uşaq düşərgəsi yaradılıb. Burada yeniyetmələr döyüşlərdə iştirak etmək məqsədilə psixoloji “beyin yuma” prosesindən keçirilir.

Qeyd etmək lazımdır ki, uşaqların silahlı qüvvələr və digər silahlı dəstələr sırasında xidmət etməsi üçün cəlb olunması beynəlxalq hüquqa əsasən hərbi cinayət hesab olunur.

Oxunma sayı 871