Yazını böyüt
Yazını kiçilt
Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bakı. 1926: Dil, Fikir, Birlik" sərgisinin açılış mərasimi keçirilib.
Hafta.az xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə ərsəyə gətirilən sərginin əsas məqsədi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının ortaq elmi və mədəni irsini, həmçinin türkoloji elmin inkişaf mərhələlərini geniş ictimaiyyətə təqdim etmək idi. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirliklərinin əməkdaşları, elm və mədəniyyət xadimləri, ali təhsil müəssisələrinin təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, ictimaiyyət üzvləri və muzey əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Birinci Türkoloji Qurultayın Azərbaycan və ümumilikdə türk dünyasının elmi, mədəni və ictimai fikir tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğuladı. O, qeyd etdi ki, Milli Azərbaycan Tarixi Muzeyi bu əlamətdar hadisənin 100 illiyini zəngin muzey materialları əsasında hazırlanmış sərgi ilə qeyd etməklə tarixi yaddaşın qorunmasına, tarixi-mədəni irsin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verir. Akademik Nailə Vəlixanlı sərgidə nümayiş olunan nadir sənədlərin, fotoşəkillərin və digər əhəmiyyətli eksponatların Qurultayın mahiyyətini və dövrün ictimai-siyasi mühitini əks etdirdiyini diqqətə çatdırdı.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nazir müavini Səadət Yusifova çıxış edərək, Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi düşüncəsinin formalaşmasında və mədəni inteqrasiyasında mühüm rol oynadığını bildirdi və belə layihələrin ortaq tarixi irsin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
Sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında Birinci Türkoloji Qurultayın türk dünyasının elmi əməkdaşlıq tarixində mühüm hadisə olduğunu qeyd etdi. O, sərginin türk xalqları arasında ortaq tarix, dil və mədəni irsin təbliğinə, eləcə də qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini bildirdi.
Sərgidə türk xalqlarının ortaq mədəni kökləri, XIX–XX əsrlərdə əlifba islahatları, Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti, Yeni Türk Əlifbası hərəkatı, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay, 1937–1938-ci illərin repressiyaları, eləcə də müstəqillik dövründə türk dünyasının yenidən inteqrasiyası kimi mühüm tarixi mövzular öz əksini tapıb. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin fondlarında qorunan nadir sənədlər, Qurultayın rəsmi protokolları və hesabatları, dövri mətbuat nümunələri, həmçinin professor Ədalət Tahirzadənin şəxsi kolleksiyasından fotoşəkillər və digər qiymətli tarixi materiallar nümayiş etdirilib.
"Bakı. 1926: Dil, Fikir, Birlik" sərgisi türk xalqlarının ortaq elmi və mədəni irsinin təbliği, türkoloji fikir tarixinin geniş auditoriyaya çatdırılması və bu sahədə tarixi yaddaşın qorunmasına xidmət edən mühüm layihə kimi ziyarətçilərə təqdim olunub.

