Ermənistanda referendum keçirilə bilər

13:32 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təkcə Rusiya deyil, həm də Avrasiya İqtisadi Birliyinin (AİB) digər üzv dövlətləri - Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Avropa Birliyi ilə yaxınlaşma siyasətinin birlik üçün ciddi iqtisadi risklər yaratdığına inanırlar. 

Hafta.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. 

Qaluzinin sözlərinə görə, bu iki inteqrasiya birliyi bir-biri ilə kökündən uyğunsuzdur:

"Avrasiya İqtisadi İttifaqı tənzimləyici və qanunvericilik bazasına görə Avropa İttifaqından köklü, kəskin və tamamilə fərqlidir. Buna görə də AİB-in üzvü olaraq qalmağa davam edən bir ölkənin Aİ-yə üzvlük prosesinin başlanması özlüyündə Rusiya üçün qəbuledilməzdir".

Qaluzin həmçinin qeyd edib ki, aqrar-sənaye kompleksinin məhsulları da daxil olmaqla, Ermənistan ixracatının əhəmiyyətli bir hissəsi Rusiyaya və digər AİB ölkələrinə gedir. Onun sözlərinə görə, bir sıra mallar üçün bu rəqəm 90-100 faizə çatır. O hesab edir ki, Ermənistan rəhbərliyi ölkə əhalisinə Avropa İttifaqına qoşulacağı təqdirdə ölkənin hansı imtiyazları itirəcəyini izah etməlidir.

Diplomat həmçinin vurğulayıb ki, Moskva Ermənistanda referendum keçirilməsini gözləyir və bu müddət ərzində ölkə vətəndaşları Avropa İttifaqına qoşulmaq perspektivi ilə bağlı mövqelərini bildirə biləcəklər.