Onunla, təxminən, bir il əvvəl elə Milli Mətbuatın ildönümü ərəfəsində söhbətləşmişdik. Dediyinə görə, Vətən Müharibəsindən sonra peşə bayramını daha qürurla və yüksək səviyyədə qarşılayır. O, ömrünün böyük hissəsini Azərbaycan jurnalistikasının inkişafına həsr edən bir insandır. İndi də bu istiqamətdə fəaliyyətini sevə-sevə, yorulmadan davam etdirir. Söhbət Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlidən gedir. “Həftə içi” qəzetinin müsahibi qocaman jurnalist Cahangir Məmmədlidir.
- Bu gün Azərbaycan mətbuatında sistemli inkişaf var. Biz 30 il idi ki, Milli Mətbuat Gününü bir az xəcalətlə qarşılayırdıq. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsindən sonra mətbuatımız ruhlanıb. Mən ötən söhbətlərimizdə də vurğulamışam ki, Vətən uğrunda mübarizədə, döyüşdə mətbuat da az rol oynamadı, birlik nümayiş etdirdi, Prezidentimizin yanında oldu. Ordumuz, onun Ali Baş Komandanı, bütövlükdə xalqımızın birliyi və üstəgəl Azərbaycan mediasının həmin günlər və ondan sonrakı günlər göstərdiyi performansa qərhəmanlıq deyərdim. Bu gün də Prezidentimizin işğaldan azad olunmuş yerlərdəki fəaliyyəti, quruculuq işlərinə rəhbərliyi, verdiyi göstərişlər Azərbaycan mediası vasitəsilə xalqa çox gözəl və dolğun çatdırılır. Yəni, bu proseslərə etinasız yanaşan mətbuat orqanı tanımıram. Bu gün mətbuat orqanlarımız Azərbaycanın Zəfər Yürüşünü, Zəfər Bayrağını göylərə qaldıran qurumlardan biridir. Ona görə mətbuatdan heç bir giley edə bilmərəm.
Bu il də jurnalistikamız yeni, özünün növbəti ildönümünü çox yüksək səviyyədə qarşılayır. Təbii ki, sosial şəbəkələrdə narahatlıq yaratmaq istəyənlər də var. Amma mən onların fəaliyyətini jurnalistikaya aid etmirəm. Hələlik jurnalistika print jurnalistikası, televiziya və çox az sayda saytların çiynindədir. Təxminən, 10 belə saytımız var. Xüsusilə qəzetlərimizi vurğulamaq istəyirəm. Tarixdə qalacaq bir media tipi var ki, o da qəzetlərdir. Arxivlərdən, təxminən, bir 100 il sonra qaldırıb görəcəklər ki, Azərbaycan jurnalistikası 2020-ci illərdə necə işləyib. Ona görə qəzetlərimizə dəstək məsələsi çox vacibdir. Medianın İnkişafı Agentliyi bu istiqamətdə çox böyük iş görür, peşəkarlığı artırmaq, jurnalistləri mükafatlandırmaq və s. cəhətdən obyektiv addımlar atır. Bir sözlə, bu gün jurnalistikamız, mediamız inkişaf prosesindədir.
- Bu gün mediada yeni çağırışlar formalaşıb. Hər bir mətbuat orqanı çalışır ki, yeni çağırışlara uyğun olaraq öz fəaliyyətini daha operativ və çevik şəkildə qursun. Maraqlıdır, indiki dövrdə sizin əsas informasiya mənbəyiniz televiziya, qəzet, sayt, yoxsa sosial şəbəkələrdir?
- Düzünü deyim ki, daha çox televiziyadan məlumat əldə edirəm. Televiziya mətbuat qurumları içində tipaloji xarakterinə görə elə bir sistemdir ki, orada artıq-əskik heç nə etmək olmur və nəsə baş verəndə isə dərhal tənqid edilir. İctimai qınaq güzgüdür. Ona görə televiziyalarımız yaxşı şəkildə informasiyaları çatdırdığından mən də məlumatı oradan alıram. Qəzetlərimizi də izləyirəm. Birincisi, jurnalistika fakültəsinin müəllimi kimi bilməliyəm ki, qəzetlərimizdə, saytlarımızda nə var. Axı, biz bunları auditoriyada tələbələrlə müzakirə edirik. Ona görə hətta bəyənmədiyim qəzeti belə oxumağa məcburam, lakin bəyəndiyim qəzetlər də var. Elə sizin qəzet, “Xalq Cəbhəsi”, “525-ci qəzet”, “Şərq” qəzetləridir ki, ən çox inandığım mətbuat orqanlarındandır. Ən çox baxdığım televiziya isə “REAL” televiziyasıdır. İnformasiyadan əvvəl bu telekanal, həm də vətəndaş kimi fəaliyyət göstərir.
- Telekanallardan danışmışkən, yəqin ki, bu yaxınlarda Mir Şahinin yerli televiziyaları sərt şəkildə tənqid etməsindən və bir sıra ittihamlar səsləndirməsindən xəbəriniz var. Sizin bununla bağlı mövqeyiniz necədir? Mir Şahin irəli sürdüyü tənqid və ittihamlarında haqlıdırmı?
- Mir Şahin nə deyirsə, mən onun bütün mətnlərinin altından eyni səviyyədə qol çəkirəm. Mir Şahin o dərəcədə kumirimdir. Belə bir məsələ var ki, telekanalların hər birinin özünün tipoloji xarakteri var. Məhz tipoloji xarakterə görə onları təhlil etmək lazımdır. Məsələn, Azərbaycan Televiziyası rəsmi mənzərəni daha çox qabardır. Ona görə ki, dövlət kanalıdır. Bunun da tipoloji xarakterini nəzərə almaq lazımdır. İctimai Televiziya ictimai kanaldır. Onun ayrıca qanunu var və o qanunla da işləyir. Onun fəaliyyəti birbaşa ictimai maraqlara söykənir. Deyək ki, əgər Azərbaycan Televiziyası daha çox milli maraqlara söykənirsə, İctimai Televiziya həm milli, həm də ictimai maraqlara söykənir. O ki qaldı özəl telekanallara, onlara bəzən çox irad tutmaq çətindir. Onlar özləri-özlərini maliyyələşdirirlər və bəzən reklam bazarından maliyyəni qazanmaq məqsədilə kütlə üçün işləyir. Deyək ki, elit qüvvələr bayaq adını çəkdiyim kanallara daha çox baxır. Kütləvi baxış isə musiqi, əyləncə olan proqramlardır. Əgər onları konsert proqramları, şou proqramlar baxımından qiymətləndirmək lazım gəlsə, məsələn, Türkiyənin Kanal D televiziyasında “Şarkılar bizi söyler” proqramı var, o proqramdan keçə bilmirəm. Orada məzmun var, ideya var, Türkiyə var, Vətən var. Yəni, o proqramda hər şey var. Əgər mahnının özündə Vətənə sevgi, məhəbbət, lirika, sevgi dünyası yoxdursa, mahnı bayağıdırsa, onu izləməyə dəyməz. Bizdə telekanallarda bayağı mahnıların olması məni həddindən artıq narahat edir.
- Bu gün ənənəvi medianın yeni media subyektlərinə uduzduğu kimi fikirlər səsləndirilir. Ənənəvi media öz varlığını qorumaq üçün hansı addımları atmalıdır?
- Bu, həqiqətən mürəkkəb sualdır. Əgər indiki zamanda Rəşad Məcid kimi bir jurnalist deyirsə ki, həqiqətən ənənəvi media yeni modern media sisteminə uduzur, o zaman mən bir az əlacsız qalıram. Amma uduzmaq məsələsindən ehtiyat etmək lazımdır, onu dilə gətirmək olmaz. Məsələn, mən “525-ci qəzet”in oxucusuyam, onu hər səhər almayanda özümü narahat hiss edirəm. “525-ci qəzet” və bayaq adını çəkdiyim digər qəzetlər, yəni qəzet sistemi həm yaşlı nəsil, həm də elit qüvvələr üçündür. Məsələn, Rusiyada, Türkiyədə ənənəvi mediaya olduqca diqqət edirlər. Türkiyədə hər səhər qəzetlərin xülasəsi verilir və s. İndi bu metoddan bizim telekanallar da istifadə etməyə başlayıb. Xüsusilə REAL TV hər səhər qəzetlərin xülasəsini verir və oradan informasiya götürür. Əlbəttə, bu mənada Türkiyə kanalları TRT1, Kanal D və s. onlar ənənəvi medianın inkişafına mənəvi cəhətdən daha böyük dayaq olurlar. Bizim televiziyaları bu sahədə qınamaq olar ki, ənənəvi televiziyanı ortaya qoysunlar, qəzetlərimizə diqqət yetirsinlər. Və bir də onu deyim ki, qəzetlər gərək o qədər gözəl materiallar versinlər ki, oxucu qəzeti axtarmaqda maraqlı olsun. Məsələn, “Komsomolskaya pravda” qəzeti bilirsiniz neyləyib? Görürsünüz, heç adını da dəyişməyib. Vaxtilə komsomolu atdılar, kommunisti atdılar, “Komsomolskaya Pravda” dedi ki, mən belə çıxacam. Məni oxuyan oxusun, oxumayan oxumasın. Onlar necə edirlər? Tutaq ki, informasiyanı saytda verir, sonra yazır ki, bütöv materialı qəzetimizdən oxuya bilərsiniz. Əlbəttə, o materialdan sonra oxucular gedib qəzeti alıb oxuyurlar. Yəni, bu yenilikdir, artıq bizdə də edirlər. Məsələn, “Şərq” başdan-ayağa xəbər qəzetidir. O təhlillər oxucu sistemi, təbəqəsi var ki, onlara çox vacibdir. Belə şeyləri fəallaşdırmaq lazımdır.
- Sizin də vurğuladığınız kimi, bu gün Azərbaycan mediası inkişaf edir, əlaqələrini genişləndirir. Etiraf edək ki, aparıcı media orqanları ilə əlaqələrimiz hələ səsimizin daha yaxşı eşidiləcəyi səviyyədə deyil. Bəs, necə edək ki, xaricdəki aparıcı media orqanlarında da səsimiz eşidilsin?
- Bu istiqamətdə də addım-addım gedirik. Vətən Müharibəsindəki qələbəmiz onsuz da xaricdə bizə marağı artırdı. Bizim Prezidentimiz obrazı xarici mətbuat orqanlarında az qala hər gün görünürdü. Prezidentin də dediyi kimi, dünyanın bir çox ölkələri 44 günlük müharibədə olan qələbənin formatını öyrənmək istəyirlər. Rusiya 6-7 aydır ki, müharibə aparır, hələ müharibənin nə qədər davam edəcəyi bilinmir. Bu mənada xarici medianın bizə artıq marağı var. Prezidentin müharibə dövründə verdiyi müsahibələr elə Azərbaycanı əməlli-başlı dünyada tanıtdı. Bizim telekanallarımızın, bəzi qəzetlərimizin də xaricdə xüsusi müxbirləri var. Onlar da xeyli iş görürlər. Bunu gücləndirmək lazımdır. Onu da danmaq olmaz ki, həm telekanalların, həm qəzetlərin o qədər böyük maliyyəsi yoxdur ki, xaricdəki xüsusi müxbiri Brüsseldən xəbər versin, 2 saat sonra Berlində olsun. Bu bizim üçün hələlik çətin məsələdir. Bir müddət sonra bu kimi məsələlər də yoluna düşəcək. Lakin psinsipcə bunlar işləyirlər, özü də Vətən sevgisi ilə işləyirlər.
- Son olaraq Milli Mətbuat Günü ərəfəsində qələm əhlinə tövsiyələrinizi də eşitmək istərdik. Jurnalistlərə əsas nəyi tövsiyə edərdiniz?
- Azərbaycan yeni müstəqilliyini əldə edən zaman jurnalistikada belə bir tendensiya əmələ gəldi, Qərb jurnalistikasına söykənmək, qərb jurnalistikası məktəbini öyrənmək və s. Bir müddət keçdi və məlum oldu ki, məsələn, Azərbaycanla Ermənistan arasında nə qədər fərq qoydular. Saxta şəkildə nə qədər Ermənistanı müdafiə etdilər. Əslində, mən elə bilirdim ki, Euronews kanalı, BBC-yə söykənmək olar. Biz İctimai Televiziyanı yaradanda İsmayıl Ömərov və digərləri ilə oturub BBC-nin proqram siyasətini ortaya qoyub ona oxşamaq istədik. Sonra məlum oldu ki, bu BBC Yasir Ərəfatın ölümündə birbaşa rol oynayan telekanal oldu. Yalan danışdı və s. İndi Rusiya Ukrayna müharibəsində bütün dünya Rusiyanın üstünə düşüb. Mən demirəm Rusiyada günah yoxdur. Amma belə olmaz axı? Bir dənə olsun obyektiv informasiya götürmək mümkün deyil. Mən ona görə deyirəm ki, biz əvvəlcə vətəndaş, sonra jurnalist olaq. Bu, birinci tövsiyəmdir. İkinci, Qərbin səfeh nümunələrinə baxıb ondan imtina etmək lazımdır. Azərbaycan klassik jurnalistikasına söykənmək lazımdır. Cəlil Məmmədquluzadəni, Üzeyir bəyi, Ömər Faiq Nemanzadəni öyrənmək lazımdır. Ömər Faiq Nemanzadə 1906-cı ildə deyirdi ki, bu erməni elə bir xislətdi ki, onu gətir özünə qardaş et, bağrına bas, yedir-içizdir, o da deyəcək sən də mənim qardaşımsan, amma 2 saatdan sonra səni keçi qiymətinə sata bilər. Bunu bizə vaxtilə deməyiblər. Biz indi öyrənirik ki, klassik jurnalistikamızda nə var nə yox. Ona görə də jurnalistlərimiz ancaq və ancaq klassik jurnalistikaya söykənməlidir.