Bu gün əmək bazarının və məşğulluğun formalaşmasında qadınların rolu kifayət qədər deyil.
Bu fikirləri hafta.az-a Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib:
“Məsələn, ana olan qadınlar üçün infrastruktur olsa, onlar öz uşaqlarını bağçaya qoyar, yaxud dayələrə tapşırar. Bu bir faktdır ki, Azərbaycanda uşaq bağçalarının və körpələr evlərinin sayı kifayət qədər azdır. Üstəlik, respublikamızda dayəlik çox zəif inkişaf edib.
Ona görə də həmin qadınlar məcburiyyət qarşısında qalaraq evdə oturur, uşaqlara baxır və öz vaxtlarını onlara ayırırlar. Bu cür hal isə ölkənin əmək bazarının formalaşmasına ciddi mənfi təsirini göstərir.
Ona görə də qadınların əmək bazarına çıxışını asanlaşdırmaq üçün əlavə infrastruktur sahələr yaradılmalıdır. Bu məsələdə körpələr evlərinin, uşaq bağçalarının sayının artırılması, dayəlik institutunun inkişaf etdirilməsi mütləq nəzərə alınmalıdır.
Yaxud, sosial məzuniyyətlərdən qayıdan qadınlar üçün pulsuz peşəyönümlü və ya peşələrin dəyişdirilməsi istiqamətində kursların təşkili də vacib amillərdən biridir. Qadınlar üçün münasib olan iş yerlərinin yaradılması da kompleks tədbirlər planında öz əksini tapmalıdır. Qadınların çalışdıqları ənənəvi yüngül sənaye sahələrinin inkişafı və sair də nəzərə alınmalıdır”.