Bu il Rəqabət Məcəlləsini qəbul etmək mümkündür - Əli Məsimli

13:08 23.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Məmur oliqarxlar” adlandırılan monopolistlər Rəqabət Məcəlləsinin qəbul olunmasında maraqlı deyillər

Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsi yenidən gündəmdədir. Rəsmi qurumların məlumatlarına inansaq, bu ilin sonuna kimi Məcəllə qəbul oluna bilər. Mövzu ətrafında “Həftə içi” qəzetinin müsahibi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlidir.

- Əli müəllim, Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacibliyini dəfələrlə parlamentdəki çıxışlarınızda siz də gündəmə gətirmisiniz. Sizcə, məsələnin bu qədər yubanmasına səbəb nədir?

- Hələ 2006-cı ildə Milli Məclisə təqdim edilən Rəqabət Məcəlləsi iki oxunuşdan keçsə də, müzakirələr zamanı irəli sürülən irad və təklifləri sistemləşdirib nəzərə almaqla indiyədək üçüncü oxunuşa  çıxarılmayıb. O vaxtdan uzun illər keçdiyindən, hesab edirik ki, əslində Rəqabət Məcəlləsi Azərbaycanın iqtisadi inkişafının hazırkı yeni mərhələsinin tələbləri, o cümlədən postpandemiya mərhələsində bütün dünyada rəqabətin çox kəskinləşəcəyi də nəzərə alınaraq yeni variantda ortaya çıxmalıdır.
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə rəqabət mühitinin təkmilləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq təsbit edilmiş və Rəqabət Məcəlləsinin 2020-ci ildədək qəbul edilməsi qarşıya məqsəd kimi qoyulub. Bundan sonra bu barədə hələ Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində də xüsusi  qeyd edilmişdi. Ona görə də son vaxtlar bu sənəd üzərində işlər xeyli sürtləndi və ötən il aidiyyatı orqanlar açıqlamalar verirdilər ki, Məcəllənin təkmilləşdirilməsi üzrə görülən işlər artıq tamamlanıb. Məcəllə ilə əlaqədar prosedur qaydalı prosesə başlanılıb və layihə aidiyyəti qurumlara təqdim olunub. Bizdə olan məlumatlara görə,doğrudan da aidiyyatı hökümət qurumlarında Rəqabət Məcəlləsi ilə bağlı müəyyən zəruri işlər görülür. Buna əsaslanaraq demək olar ki, istək olsa, bu il Rəqabət Məcəlləsini Milli Məclisə təqdim etmək və qəbul etmək mümkündür. 
Sualın ikinci hissəsinə gəldikdə isə onu demək olar ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi sağlam rəqabətin yaradılmasına hüquqi bazası olaraq həmin işə fundamental şəkildə yardım edir. Sağlam rəqabət isə iqtisadiyyatın inkişafı üçün generator rolunu oynadığından, alternativi olmayan çox vacib şərtdir. Rəqabət Məcəlləsinin qəbulu ölkə daxilində istehsalın stimullaşdırılması, istehsalçıların maraqlarının qorunması baxımından rəqabət qabiliyyətli müəssisələrin fəaliyyətinin formalaşdırılması üçün çox vacibdir.Ölkə iqtisadiyyatında məmur sahibkarlığının timsalında inhisarçılıq güclü olduğundan və onlar yalnız rəqabətsiz şəraitdə güclü ola bildiklərindən, inhisarçılığın daşıyıcılar hədəfində uzun illər Rəqabət Məcəlləsinin qəbulu müxtəlif bəhanələrlə ləngilib.

- Rəqabət Məcəlləsinin qəbul olunmasında kimlər maraqlı deyil?

 - Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunmasında məmur oliqarxlar adlandırılan monopolistlər və onlarla bağlı olan qruplar maraqlı deyil. Bununla belə ölkədə islahatların yeni mərhələsi başlayıb,yeni reallıqlar yaranıb,abı-hava sürətlə dəyişir. Bu, bir sıra həllivacib olan problemlərin  həllinin sürətləndilməsinə, o cümlədən indiyədək ilişib qalmış  Rəqabət Məcəlləsinin qəbul olunmasına da yol açır. Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı həm cəmiyyətdə, həm də mütəxəssislər arasında böyük gözləntilər  var. Ona görə də cəmiyyətin çoxdan gözlədiyi  normativ-hüquqi aktlardan biri kimi  Rəqabət Məcəlləsinin qəbulunun bundan sonra da gecikdirilməsini ziyanlı və yolverilməz hesab edirik.

 - Sizcə, bu Məcəllənin qəbulu  inhisarçılığın kökünü kəsəcəkmi?

- Təbii ki, Rəqabət Məcəlləsinin qəbul olunması ilə Azərbaycanda avtomatik surətdə inhisarçılığın kökü kəsilməyəcək. Nə qədər belə Məcəllə qəbul edilirsə-edilsin, sahibkarlığın məmur-oliqarx  variantının qarşısı əsaslı surətdə alınmasa, Azərbaycanda inhisarçılığı da əsaslı surətdə aradan qaldırmaq mümkün olmayacaq. İqtisadi sahədə inhisar - bir şəxsə, müəyyən bir qrupa və ya dövlətə məxsus müstəsna istehsal, alqı-satqı hüququdur. İnhisarlar kapitalın və istehsalın yüksək təmərküzlşməsi və mərkəzləşdirilməsi əsasında yaranır. Məqsəd ultrayüksək mənfəət əldə etməkdir. Bu, inhisarın yüksək və ya inhisarın aşağı qiymətlərinin qoyulması ilə təmin olunur. İnhisar bazar iqtisadiyyatının rəqabət potensialını zəiflədir, sıradan çıxarır, qiymətlərin artmasına və tarazlığın pozulmasına səbəb olur. Ona görə də azad rəqabət mühiti olmadan bazar təsərrüfatçılıq sisteminin real səmərəliliyini tam şəkildə xarakterizə etmək mümkün deyildir.
Bu baxımdan rəqabət, əslində, iqtisadi həyatın hərəkətvərici qüvvəsi kimi aparıcı rol oynayır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, təsərrüfat subyektləri arasındakı azad rəqabət mühiti bu və ya digər şirkəti, firmanı və s. daha çox yüksək məhsul istehsal etməyə və eləcə də istehsal prosesinin təkmilləşdirilməsi üçün stimul yaradır. İstehsal prosesinin təkmilləşdirildiyi və elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin istehsalata tətbiq edildiyi şəraitdə məhsulun keyfiyyətini yüksəltmək və qiymətlərin səviyyəsini nisbətən aşağı salmaq mümkündür. Azad rəqabət mühitinin formalaşması qiymətlərin səviyyəsinin endirilməsində başlıca ilkin şərt kimi çıxış edir. Ona görə də rəqabətli iqtsadiyyat cəmiyyət daxili mövcud lakin məhdud resursların səmərəli istifadəsini stimullaşdıraraq istehlak tələbinin maksimum ödənilməisnə yönəldilə bilər.
Bundan əlavə rəqabət mühitinin çox mühüm sistem yaradıcı rolu da vardır. Müasir şəraitdə rəqabət mühiti idarə edilən rəqabət proseslərinin nəticəliliyini və səmərəliliyini təmin edən strateji idarəetmənin obyektinə çevrilmişdir. Ölkənin təsərrüfat fəaliyyətinin təşkilinin əsas elementi kimi rəqabətdən istifadə edilməsi səmərəlilik və nəticəliliyin artmasında özünü göstərən kəmiyyət və keyfiyyt məqsədlərinə malik olmalıdır. Bu isə rəqabət mühitinin yaradılması və modernləşdirilməsi vasitəsilə mümkündür. Rəqabət iqtisadi inkişafın və sosial tərəqqinin təmin edilməsi üçün də xalqın rifahının artan səviyyəsinin davamlılığını təmin edən resurslardan istifadənin səmərəliliyinin artırılması baxımından da çox zəruridir.

- Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatına hansı töhfələri verə bilər?

- Rəqabət Məcəlləsinin qəbul olunması ilə Azərbaycan iqtisadiyyatının  öz potensialına uyğun səviyyədə inkişafının qarşında duran  ən ciddi maneələrdən biri kimi, ifrat inhisarçılığın aradan qaldırılması  və azad rəqabət üçün güclü hüquqi baza yaranacaq. Bu, inhisarçılıqla yanaşı, həm korrupsiyaya qarşı mübarizəyə əlavə təkan verəcək, həm də çox ciddi psixoloji amil rolunu da oynayacaq ki, monopolistlər bundan sonra “at oynatmaqda” davam etsə, nə vaxtsa bədəlini ödəməli olacaqlar. Rəqabət mühitinin yaradılması tamamlandıqca öz bəhrəsini verməyə başlayacaq. Rəqabət Məcəlləsinin qəbulu ölkə daxilində istehsalın stimullaşdırılması, istehsalçıların maraqlarının qorunması baxımından rəqabət qabiliyyətli müəssisələrin, sahələrin  fəaliyyətinin formalaşdırılması üçün çox vacibdir. Rəqabət Məcəlləsinin qəbul edilməsi regionlardakı mövcud iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafını təmin etdilməsi baxımından da faydalı ola bilər. Ona görə də rəqabət mühiti ilə bağlı qanunvericilik bazasının formalaşdırılması məqsədilə Rəqabət Məcəlləsinin layihəsinin yeni variantının tezliklə Milli Məclisə təqdim edilməsini zəruri hesab edirik.
Rəqabət Məcəlləsinin qəbulu məsələnin bir tərəfidir. Eyni zamanda onun səmərəli fəaliyyət göstərməyə qadir işlək reallaşdırma mexanizminin hazırlanması da çox vacibdir. Bununla yanaşı, Rəqabət Məcəlləsinin işlək reallaşdırma mexanizminin yaradılması prosesində bir sıra qanun layihələrinə də müvafiq dəyişiklilərin edilməsi çox zəruridir. Bu baxımdan,  dövlətin tənzimlənmə vasitələrinin azad rəqabət mühitinin stimullaşdırılmasında və inhisarçılığın qarşısının alınmasında əhəmiyyətli rol oynamasından ötrü  digər zəruri addımlarla yanaşı həm də “İnvestisiya fəaliyyəti” haqqında Azərbaycan Respublikasının qanunu, “Xarici investisiyaların qorunması” haqqında Azərbaycan Respublikasının qanunu, “Sahibkarlıq fəaliyyəti” haqqında Azərbaycan Respublikasının qanunu, “Kiçik sahibkarlığa dövlət köməyi” haqqında Azərbaycan Respublikasının qanunu, “Dövlət satınalmaları haqqında “Azərbaycan Respublikasının qanunu, “Valyuta tənzimnaməsi” haqqında Azərbaycan Respublikasının qanunu, “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikasının qanunu, “Sığorta fəaliyyəti” haqqında Azərbaycan Respublikasının qanunu, “İpoteka haqqında “Azərbaycan Respublikasının qanunu, “Qiymətli kağızlar bazarı” Azərbaycan Respublikasının qanunu, “İnvestisiya fondları” haqında Azərbaycan Respublikasının qanunu, “Lisenziyalar və icazələr” haqqında Azərbaycan Respublikasının qanunu, “Yeyinti Məhsulları” haqqında Azərbaycan Respublikasının qanunu və digər bu kimi qanunların təftişinin həyat keçirilməsini və müvafiq dəyişiklilərin edilməsi ilə yeni tələblərə cavab verən səviyyəyə çatdırılmasını zəruri hesab edirik.