Bu il tələbə adı qazananlar təhsil kreditindən necə yararlanacaq?

12:17 30.06.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən il 17 iyunda ölkə başçısının fərmanı ilə Təhsil Tələbə Kredit Fondu yaradıldı. Fondun əsas məqsədi, əsasən, ödənişli əsaslarla təhsil alan tələbələr üçün təhsil krediti verməkdir. Bir ildir ki, təhsil haqqını maddi cəhətdən ödəməkdə çətinlik çəkən tələbələr bu kreditlərdən yararlana bilirlər. Onu da nəzərinizə çatdıraq ki, Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər.

Bəs görəsən, növbəti tədris ilindən etibarən, universitetlərə yeni qəbul olan gənclərin təhsil krediti almaq üçün edəcəkləri müraciətlərdə hər hansı gecikmələrin yarana  ehtimalı varmı? Prosesin sürətləndirilməsi üçün hansı işlər görülməlidir?

Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi söylədi ki, təhsil kreditlərinin verilməsi ilə bağlı nəzərdə tutulan say 98 430 nəfərdir:

“Ötən ildən başlayaraq tələbələrə təhsil kreditinin verilməsinə başlanılıb. Bu sayədə tələbələr kreditdən yararlanaraq təhsil haqqılarını ödəyə bildilər. Sırf tələbə krediti götürə bildi deyə, təhsilini dayandırmayan şəxslər belə oldu. Hazırda ölkəmizdə 146373 tələbə ödənişli əsaslarda təhsil alır. Ümumi tələbə sayını təxminən 246000 götürsək, qalan təxmini 100060 tələbə isə dövlət təhsili alır. Bundan başqa, elə xüsusi statuslu (məs. sağlamlıq imkanları məhdud)tələbələr də var ki, onlar təhsil haqqının bir hissəsindən azaddırlar. Tələbəyə təhsil kreditinin verilməsi ilə bağlı işlər aparılır. Təhsil kreditlərinin verilməsi ilə bağlı nəzərdə tutulan təxmini say 98430 nəfərdir. Təəssüflər olsun ki, tələbələrin hamısı bu kreditlərdən yararlana bilmirlər. Çünki burada təhsil krediti düşən tələbələrin sayı 56300-ə qədərdir. Bunların da, 4465 nəfəri bakalavr, 5526 nəfər magistr, 10317 nəfər isə subbakalavr pilləsində təhsil alır. Sayən belə az olmasına səbəb isə tələbələrin kəsirlərinin olmasıdır. Fikrimcə, burada əsas məsuliyyət universitetlərin üzərinə düşür. Onlar çalışmalıdırlar ki, tələbələrin kəsri olmasın”.

Növbəti tədris ilindən, daha doğrusu bu il ödənişli əsaslarla universitetlərə qəbul olan tələbələrin tələbə krediti alan zaman qarşılaşa biləcəyi problemlərə gəldikdə isə, ekspert hesab edir ki, bu məsələyə Təhsil Tələbə Krediti Fondu daha həssas yanaşmalıdır:

“Onlar tələbələrə kreditlərin verilməsi prosesini sürətləndirməlidir. Hələ ki, belə çətinliklərin yaranacağı düşünülsə də, fikrkmcə fond bütün bu məsələlərin qarşısını ala bilər”.

Bəs görəsən banklar tələbələrin kütləvi müraciətlərinə hazırdılarmı? Bu sualdan yola çıxaraq, məsələnin iqtisadi və bankçılıq tərəflərini iqtisadçı ekspert Xalid Kərimliyə sorduq. Ekspert söylədi ki, məsələ Mərkəzi Bankın nəzarətində olduğundan və bir çox bankın infrastukturu yüzlərlə kreditin verilməsinə imkan verdiyindən proseslə bağlı elə də bir çətinlik yaşanacağını ehtimal etmir:

“Bu kreditləşmə dövlət resursu hesabına həyata keçiriləcək. Mən burada elə də çətinlik yaranacağını düşünmürəm. Doğrudur proses yeni olduğundan bir qədər təcrübə formalaşacaq. Bankların artıq 30 ildən uzun müddət Azərbaycan bazarında olması onların texnoloji olaraq inkişaf etməsinə, xidmət təşkili üzərində nəzarətin formalaşmasına bakların kredit müraciətlərinə şəffaf şəkildə reaksiya verməsinə şərait yaradıb. Razıyam ki, ilk dövürdə böyük kütlə banklara müraciət edəcək. Ancaq, banklar buna indidən hazır olmalıdırlar”.

X.Kərimli, mövzu ilə bağlı bir məqamı xüsusi vurğuladı. Bu da, prosesdə banklarla yanaşı, universitetlərin və Təhsil Nazirliyinin tələbələrə, müəyyən gecikmələr olduğu halda möhlət verməsi məsələsidir:

“Fikrimcə, müvəqqəti sıxlıq yaşanacağı ilə əlaqədar banklar əlavə işçiləri bu prosesə cəlb etməlidirlər. Yəqin ki, onlar bu hadisələri öncədən planlaşdırırlar. İlkin period olduğunu nəzərə alaraq düşünürəm ki, ödənişlərlə bağlı Təhsil Nazirliyi də tələbələrə bir qədər möhlət verə bilər. Burada əsas məsələ tələbələrin hüquqlarının qorunmasıdır. Bu baxımdan hesab edirəm ki, həm maaliyə sektoru, həm də Təhsil Nazirliyi və universitetlər  məsələyə daha həssas yanaşacaqlar”.

Oxunma sayı 277