Tədris ilinin yekunlaşması münasibətilə Qarabağ Universitetinin tələbə yataqxanasında universitetin müəllim və tələbə heyətinin iştirakı ilə “Tələbə həyatının ritmi” adlı sosial-mədəni proqram keçirilib. Akademik tədris ilinin başa çatmasını qeyd etmək, tələbələrin il ərzindəki fəaliyyətini dəyərləndirmək və yay tətili öncəsi onların bir araya gəlməsini təmin etmək məqsədilə təşkil olunan proqram universitet həyatında unudulmaz anlarla yadda qalıb.
Hafta.az xəbər verir ki, tələbələrin sosial fəallığının təşviqi, universitetdaxili ünsiyyət mühitinin gücləndirilməsi və yaradıcılıq potensialının dəstəklənməsi məqsədilə təşkil olunan proqram müxtəlif məzmunlu fəaliyyətləri özündə birləşdirib.
Tədbir çərçivəsində interaktiv oyunlar və müxtəlif yarışlar keçirilib, iştirakçılar arasında komanda ruhunun və birgə fəaliyyət mədəniyyətinin inkişafına yönəlmiş təşəbbüslər həyata keçirilib. Eyni zamanda, İncəsənət fakültəsinin musiqi ixtisası üzrə təhsil alan tələbələrinin ifaları proqramın bədii hissəsini təşkil edib.
Tədbir zamanı Dizayn ixtisası tələbələrinin hazırladıqları rəsm əsərləri nümayiş olunub, onların yaradıcılıq baxışı və estetik yanaşmaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sosial məsuliyyət və ekoloji həssaslıq komponentini də əhatə edən proqram çərçivəsində tələbələrin iştirakı ilə yataqxana ərazisində quş yuvaları asılıb. Bu təşəbbüs tələbələrin ətraf mühitə diqqətinin artırılması və yaşayış mühitinin daha funksional və estetik formalaşdırılması baxımından əhəmiyyət daşıyıb.
Akademik tədris ilinin yekunlarına həsr olunan proqram tələbələrin birgə fəaliyyətini, yaradıcılıq imkanlarını və universitet ruhunu əks etdirən tədbir kimi yadda qalıb. “Tələbə həyatının ritmi” Qarabağ Universitetində akademik mühitlə yanaşı, sosial, mədəni və yaradıcı inkişafı dəstəkləyən universitet ənənələrinin formalaşdırılması istiqamətində atılan addımlardan biri olub.