Perunun “La Razon” qəzetində Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş məqalə dərc edilib.
Hafta.az xəbər verir ki, yazıda Limada bu münasibətlə keçirilən qala-konsertdən bəhs olunur. Manuel Sequra Teatrında təşkil edilən tədbirin iki ölkə arasında dostluğun, qarşılıqlı hörmətin və mədəni əməkdaşlığın rəmzinə çevrildiyi vurğulanır.
Məqalədə qeyd edilir ki, tədbirdə Peru hökumətinin rəsmiləri, deputatlar, diplomatik korpusun nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər. Peru Xarici İşlər Nazirliyinin Avropa üzrə baş direktoru Alberto Kampana çıxışında son 30 ildə siyasi dialoq və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, 2025-ci ildə Limada keçirilən ilk siyasi məsləhətləşmələrin mədəniyyət, təhsil, turizm, enerji, ticarət və investisiya sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd edib. Vurğulanır ki, konsertdə azərbaycanlı dirijor Fuad İbrahimovun rəhbərlik etdiyi “Camerata de Cuerdas” kamera orkestri Azərbaycan və Peru bəstəkarlarının əsərlərini səsləndirib. Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri Peru bəstəkarlarının musiqiləri ilə birlikdə ifa olunaraq iki xalqın zəngin musiqi irsini eyni səhnədə bir araya gətirib. Gecədə soprano Rosa Parodi, skripkaçı Mariya Foust və tenor Luis Alberto Melqar da çıxış ediblər.
Yazıda, həmçinin Azərbaycanın Meksikadakı və eyni zamanda Perudakı səfiri Seymur Fətəliyevin son illər siyasi, parlamentlərarası, mədəni və təhsil sahələrində əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndiyini vurğuladığı bildirilir. Peru–Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvü Rosangella Barbaran isə musiqinin xalqları birləşdirən universal dəyər olduğunu qeyd edərək, yubileyin iki ölkə arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.