Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “1+4” proqramı çərçivəsində universitetə hazırlıq üzrə sınaq imtahanı keçirilib.
Hafta.az bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Sınaq imtahanına 150-yə yaxın abituriyent qatılıb. İştirakçıların 80-dən çoxu GAİM-də fəaliyyət göstərən riyaziyyat və məntiq hazırlıq kurslarının tələbələri olub. İmtahan bütün iştirakçılar üçün tamamilə ödənişsiz əsaslarla təşkil edilib.
İmtahanın keçirilməsində əsas məqsəd abituriyentlərin bilik və hazırlıq səviyyəsinin qiymətləndirilməsi, onların real imtahan mühitinə uyğunlaşmasının təmin edilməsi və qəbul prosesinə daha səmərəli hazırlaşmalarına dəstək göstərilməsi olub.
Sınaq imtahanının hazırlanması və təşkilində GAİM-in təcrübəli riyaziyyat və məntiq müəllimləri Fərzin Məşədiyev, Əhmədalı Babaşov və Emin Məmmədov yüksək peşəkarlıq nümayiş etdirərək bu prosesin uğurla həyata keçirilməsinə mühüm töhfə veriblər.
Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov vurğulayıb ki, mərkəzin əsas məqsədlərindən biri gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, elmi biliklərinin artırılması və cəmiyyətə inteqrasiyasının gücləndirilməsidir:
“Bu istiqamətdə təhsil sahəsində genişmiqyaslı layihələr və proqramlar həyata keçiririk. Əsas hədəfimiz gənclərin bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların gələcək uğurları üçün əlverişli imkanlar yaratmaqdır”, – deyə o bildirib.
GAİM bundan sonra da gənclərin təhsilinə dəstək məqsədilə bu kimi layihələrin həyata keçirilməsini davam etdirəcək.