Bu ixtisas qruplarında rəqabət yüksək olacaq - ABITURIYENTLƏRIN DIQQƏTINƏ

11:49 23.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, ali məktəblərə qəbul imtahanlarının birinci cəhdi artıq başa çatıb. İndi yaz imtahanında əldə etdiyi nəticəyə qane olmayan abituriyentlər yay qəbul imtahanlarına hazırlaşırlar. Hazırda bütün abituriyentlərin əsas hədəfi imtahanda yüksək nəticə əldə etməkdir ki, ixtisas seçimi zamanı ciddi problemlə qarşılaşmasınlar.

Qeyd edək ki, III ixtisas qrupu üzrə ikinci şans imtahanı iyulun 6-sı, II ixtisas qrupu üzrə iyulun 7-si, I və IV ixtisas qrupları üzrə isə iyulun 20-21-də keçiriləcək. Maraqlıdır, görəsən, bu il müsabiqə zamanı formalaşan keçid ballarında dəyişiklik proqnozlaşdırılırmı? Ötən il ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları nə qədər olub? Bu il dövlət sifarişli yerlərin sayında artım gözlənilirmi?

Yeri gəlimkən xatırladaq ki, ötən il ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 44 861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ötən il müsabiqə zamanı formalaşmış keçid ballarına gəlincə, yüksək bal toplayan abituriyentlərin daha çox seçim etdiyi Bakı Ali Neft Məktəbində minimum keçid balı 400 bal olub. Azərbaycan Tibb Universitetində ötənilki keçid balları Müalicə işi ixtisası üzrə Azərbaycan bölməsində minimum bal 595, Rus bölməsi üzrə 602.4, İngilis dili bölməsində isə 666.3 olub. Stomayologiya ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 577.9, Rus bölməsində 582.1 olub. İctimai Səhiyyə ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 545.5, Rus bölməsində isə 547.1 bal olub. Əczaçılıq üzrə keçid Azərbaycan bölməsində 524, Rus bölməsində isə 512.3, Fizioterapiya ixtisası üzrə 567.7 bal, Tibb bacılığı ixtisası üzrə isə 488.9 bal olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) minumum keçid balı 200 bal təşkil edib. Ötən il Bakı Slavyan Universitetində ən aşağı keçid balı “Regionşünaslıq” (Rusiya üzrə) (rus bölməsi, əyani təhsil forması) ixtisasında 152.6 bal olub. Əən yüksək keçid balı “Xarici dil müəllimliyi” (ingilis dili) ixtisasında olub. Həmin ixtisasın ödənişli keçid balı 450.4, dövlət sifarişli keçid balı isə 535.8 bal olub. Ötən il Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetinin hər birində minimum keçid balı 200 olub.

2020-ci ildə isə Bakı Dövlət Universitetində 1-ci qrup üzrə ən aşağı keçid balı Fizika müəllimliyi (ingilis dilində), Geologiya, Geologiya və geofizika mühəndisliyi ixtisasları üzrə keçid balı 200 olub. BDU-da ən yüksək bal 577 bal olub ki, bu da Kompüter elmləri (ingilis dilində) ixtisası üçün müəyyən olunub.

Azərbaycan Neft və Sənaye Universitetində isə bakalavrlarda 1-ci qrupdan 200 balla Cihaz mühəndisliyinə (ingilis dilində) qəbul aparılıb. ADNSU-da ən yüksək bal 625 – İnformasiya texnologiyaları (ingilis dilində) ixtisasında olub.

Müqayisə üçün deyək ki, 2020-ci ildə də ixtisaslar üzrə keçid balı ən yüksək Bakı Ali Neft Məktəbində qeydə alınıb. Belə ki, İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisası üçün 689 bal tələb olunub. Bu universitetdə minimal bal Neft-qaz mühəndisliyi ixtisası üzrə 592 təşkil edib. Azərbaycan Texniki Universiteti və Memarlıq və İnşaaat Universitetində ən aşağı bal 200, ən yuxarı bal 324 və 438 bal təşkil edib. Azərbaycan Pedaqoji Universitetində ən aşağı bal müəllimlik ixtisasları üzrə 200, ən yuxarı 450 bal müəyyən olunub. Dövlət İqtisad Universitetində (UNEC) İnformasiya təhlükəsizliyi ixtisası üzrə ən yüksək keçid balı 491, ən aşağı bal Materiallar mühəndisliyi və digər ixtisaslar üzrə 200 təşkil edib. Bakı Mühəndislik Universitetində minimal keçid balı Fizika müəllimliyi üzrə 200, maksimal isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə 433 bal olub. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Kompüter elmləri ixtisasına keçid balı 620 təşkil edib. ADA-da minimal 540 və maksimal 554 bal müəyyən olunub ki, bu da Kompüter elmləri (ingilis dilində), İnformasiya texnologiyaları (ingilis dilində) ixtisasları üçün keçərlidir. Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti və Xəzər Universitetində minimal 200, maksimal isə 487 bal olub.

Builki nəticələr ötən illə, təxminən. eynidir

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndi deyib ki, bu il yaz imtahanlarında abirutiyetlərin göstərdiyi nəticələr yaxın 2-3 il ərzində qəbul imtahanlarında qeydə alınan nəticələrlə təxminən eynidir: “Biz yalnız buraxılış imtahanında ötən illərlə müqayisədə aşağı nəticələr müşahidə etmişik. Belə ki, təxminən 23-24 min nəfər 0-50 arası bal toplayıb. Amma blok imtahanının nəticəsi və yaxud iki imtahanın nəticəsi əsasında onu demək olar ki, ümumi nəticə ötən ildən bir qədər yaxşıdır. Bu da onu deməyə əsas verir ki, 2022-ci ildə müvafiq olaraq bəzi ixtisas qruplarında ixtisaslar üzrə keçid ballarında artım ola bilər. Təbii ki, bununla bağlı ikinci şans imtahanından sonra daha dəqiq fikir yürütmək mümkün olacaq. Bilirik ki, DİM tərəfindən formalaşdırılmış konkret müsabiqə şərtləri var. Müsabiqə şərtlərinə əsasən, bütün qruplar üzrə ümumi 200 bal tələb olunur. Bunun 100 balını abituriyent blok imtahanından əldə etməlidir. Əgər abituriyent 100 bal həddini toplayarsa, bu zaman o, dövlət sifarişli və ya ödənişli bütün ixtisasların müsabiqəsində iştirak etmək hüququ qazanır. Yox, əgər abituriyent blok imtahanında 50-100 bal nəticə göstərirsə, o zaman hər bir ixtisas üçün 150 ballıq yerlərin müsabiqəsində iştirak edə bilər. Bu yerlər Nazirlər Kabineti və DİM arasındakı razılaşma əsasında formalaşıb. Nazirlər Kabineti hələ ki, yeni tədris ili üzrə ali təhsil müəssisələri üçün plan yerlərinin sayını açıqlamayıb və yaxın günlərdə açıqlayacaq. Ümumi müsabiqə vəziyyətinə əsasən deyə bilərik ki, bu il ümumi qruplar üzrə müsabiqədə iştirak edənlərin sayı həddindən artıq çoxdur. Bu il I ixtisas qrupu təxminən 16-17 min nəfər müsabiqədən kənarda qalacaq. II ixtisas qrupu üzrə 8-9 min abituriyentin müsabiqədən kənarda qalma ehtimalı var. III ixtisas qrupuna gəldikdə isə bu il həmin qrupda vəziyyət ötən ilə nisbətən bir qədər yaxşıdır. Plan yerləri artıb. Ötən ilə nisbətən müsabiqədə iştirak edənlərin sayında da artım var deyə, böyük rəqabət olacaq. Ümumilikdə nəzər yetirsək, burda təxminən 8-9 min abituriyent müsabiqədən kənarda qalacaq. IV ixtisas qrupunda isə ən gərgin vəziyyət proqnozlaşdırırıq. Bu il hətta müvafiq ixtisaslar üzrə keçid ballarında artım gözlənilir. Yüksək nəticə göstərənlərin demək olar ki, böyük əksəriyyəti bu qrupdadır. Bu qrup üzrə ilkin mərhələdə təxminən 1500-2000 nəfərin ümumi müsabiqədən kənarda qalma ehtimalı var. Hesab edirəm ki, abituriyentlər ikinci şans imtahanından sonra nəticələrini bir qədər də yaxşılaşdıracaqlar”.

Yüksək bal toplayan abituriyentlərin favorisi hansı ali məktəblərdir?

Ekspert öz açıqlamasında həmçinin bu il hansı ali məktəblər və ixtisaslar arasında rəqabətin yüksək olacağını da açıqlayıb: “I ixtisas qrupunda əsasən, informasiya və kompüter sahəsi üzrə olan ixtisaslarda ciddi rəqabət olacaq. Bu ixtisas qrupunda əsas rəqabət aparan ali məktəblər isə Bakı Ali Neft Məktəbi, ADA, Prezident yanında Dövlət İdarəçilik Akademiyası olacaq. Yüksək nəticə göstərənlər əsasən bu üç ali məktəb arasında seçim edirlər. II ixtisas qrupunda yenə Bakı Ali Neft Məktəbi, ADA və UNEC rəqabət aparacaqlar. III ixtisas qrupunda BDU, ADA, Dillər Universiteti və Pedaqoji Universitet arasında rəqabət olacaq. IV ixtisas qrupunda isə tibb istiqamətində böyük rəqabət gözlənilmir. Amma pedoqoji ixtisaslarda BDU, BMU və Pedoqoji Universitet arasında rəqabət ola bilər”.

E,Əfəndi həmçinin onu da vurğulayıb ki, bu il ali məktəblərdə dövlət sifarişli plan yerlərinin sayında artım gözlənilir: “Bu, əsasən, birinci və üçüncü ixtisas qrupları üzrə baş verəcək. Ümumilikdə isə demək olar ki, bu ilki qəbul ilində 50 faiz 50 faiz nisbətində artım gözləyirik. Yəni, əgər hazırda universitetlər olaraq biz 50 minə yaxın tələbəni qəbul etmək potensialına malikiksə, onların təxminən 25 mini ödənişsiz, dövlət vəsaiti hesabına təhsil almaq imkanı qazanacaq. Ümumilikdə isə bu il digər statusu olanlarla yanaşı, təxminən 27-28 minə yaxın şəxsin pulsuz təhsil almaq imkanı olacaq”.

Ekspert qəbul imtahanlarında balların artıb-azalması məsələsinə də toxunaraq deyib ki, istənilən halda DİM balları artırıb-azaltmır: “Cəmiyyətdə yanlış fikir formalaşıb ki, qəbul imtahanlarında balları DİM artırıb-azaldır. Əslində balların azalıb-artmasına məsul abituriyentlərdir. Məsələn, Bakı Ali Neft Məktəbi İnformasiya təhlükəsizliyi ixtisasına müvafiq olaraq 10 yer ayırıb. Ancaq buraya 200 nəfər müraciət edib. Bu zaman əgər 200 nəfərin içərisində 10 nəfərin balı 680-dirsə, demək, həmin ixtisasın balı 680 olacaq. Əgər 10-cu şəxsin balı 650 olacaqsa, onda ixtisasın balı da 650-yə düşəcək. Yenə deyirəm, bu vəziyyəti formalaşdıran şəxslər yalnız abituriyentlərdir. DİM bununla bağlı heç bir fəaliyyət həyata keçirmir”.

Maksimum bal toplamaq təhsilin keyfiyyət göstəricisi deyil, amma…

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Elşən Qafarov isə hesab edir ki, abituriyentlərin qəbul imtahanlarında göstərdikləri nəticə onların real biliklərini əks etdirmir: “İmtahanlar abituriyentlərin real bilik və bacarıqlarınən qiymətləndirilməsi fonunda aparılmalıdır. Düzdür, maksimum bal toplamaq təhsilin keyfiyyət göstəricisi deyil. DİM imtahanları keçirən texniki quruma çevrilənədək biz bu problemi yaşayacağıq. DİM-in öz proqramı var. İmtahan sualları şagirdlərin bilik-bacarıqlarını qiymətləndirməyə yönəlmir. DİM-in öz vəsaitləri var. Suallar həmin vəsaitlərə əsasən hazırlanır. Hesab edirəm ki, DİM-in  imtahan keçirmə mexanizmi yanlışdır. Uzun zamandır biz bu yanlışlıqları desək də, dəyişən bir şey yoxdur.  DİM imtahanları təşkil edən texniki qurum olsa da, görürük ki, qurum həm imtahan suallarını hazırlayır, həm imtahanları təşkil edir, həm də dərsliklər çap edir. Bu, yolverilməzdir. Bütün bu işləri Təhsil Nazirliyi görməlidir. Dünyanın heç bir ölkəsində təhsili iki qurum idarə etmir”. 

Ekspertin sözlərinə görə, ya Nazirlər Kabineti, ya da Prezident yanında Testalogiya İnstitutunun yaradılması vacibdir:

Hansı ki, institut nə Təhsil Nazirliyinin, nə də DİM-in səlahiyyətində olmayacaq. Bizim məqsədimiz nədir? Şagirdlərin bilik və bacarıqlarını yoxlamaqdır. Bu zaman tərtib edilən testlər və təşkil edilən imtahanlar da obyektiv olmalıdır. Hazırkı imtahanlarda obyektivlikdən danışmaq mümkün deyil. Testologiya institutu olsa, şagird və abituriyentlərin tələbələrin hazırlıq səviyyəsinə uyğun testlər tərtib edilər və hazırkı kimi aşağı nəticələr də olmaz”. 

Oxunma sayı 7781