Müəllimlərin maaşlarının artırılması anlaşılmazlığa səbəb olub ki, bu da günlərdir sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.
Belə ki, ötən həftə dövlət başçısının imzaladığı sərəncamla 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır. Bu zaman ortaya belə bir sual çıxır. Bəs, diaqnostik qiymətləndirmə aparılmayan, həmçinin işə imtahanla qəbul edilməyən müəllimlərin əməkhaqqı artırılmır?
Məsələ ilə bağlı hafta.az-a açıqlama verən təhsil eksperti Kamran əsədov söylədi ki, kimlər ki, imtahanla işə qəbul olub, yaxud da işlədiyi müddətdə imtahan verib onların əməkhaqqıları artırılacaq:
“2017-ci ildə müəllimlərin 142 mini diaqnostik imtahandan keçib. Bununla yanaşı indiyə qədər müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak edənlər də var. Kimlər ki, imtahanla işə qəbul olub, yaxud da işlədiyi müddətdə imtahan verib onların əməkhaqqıları artırılacaq. Ümumilikdə yeni sərəncam orta ixtisas təhsili müəssisələrində çalışan və diaqnostik imtahandan keçmiş şəxslərə şamil olunur. Bura məktəb psixoloqu da daxil olmaqla təhsil sistemində çalışan hər kəs aiddir. Amma onlar gərək ki imtahanda iştirak etsinlər”.
Ekspertin sözlərinə görə, imtahan verməyən müəllimlər üçün yaxın günlərdə yeni qanunun qəbul ediləcəyi gözlənilir:
“Kimlər ki imtahan verməyib(bu say təxminən 8000-ə yaxındır) maaşları artırılmır. Yerdə qalan 8000 nəfərə gəldikdə isə, onlar üçünsə Nazirlər Kabinetinin ayrıca qərarı olacaq”.