"Azərbaycanın müstəqil daxili siyasəti Avropada müəyyən dairələrin xoşuna gəlmir. Onlar Azərbaycanı özlərinin satış bazarı, daxili münaqişələrdə öz təbii sərvətlərinə sahib ola bilməyən bir ölkə kimi görmək istərdilər".
Bunu hafta.az-a Avropa Parlamentində ölkəmizə qarşı göstərilən açıq qərəzlə bağlı açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. Onun sözlərinə görə, bu baxımdan edilən iradlar, Azərbaycana qarşı hücumlar ölkəmizi daha yaxşı etmək yox, problemli etmək məqsədi daşıyır.
"Onların qəbul etdikləri qərarların, yönləndirdikləri mesajların da kökündə ilk növbədə Azərbaycanı zəiflətmək istəyi durur. Bu isə əlbəttə ki, heç bir zaman Azərbaycan tərəfindən qəbul edilə bilməz. Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır və digər ölkələrin də onun daxili işlərinə qarışmasına heç zaman imkan verməyəcək. Ona görə müstəqillik qazanmamışıq ki, hansısa ölkələr bizim üzərimizdə bir siyasi prokuror rolunu oynasınlar. Azərbaycana nəyi necə etmək lazım gəldiyini göstərsinlər. Azərbaycanın kifayət qədər ağıllı, maraqlarımıza uyğun siyasət yürüdən lideri, ölkəsini sevən vətəndaşları, ziyalıları, iş adamları, gəncləri var. Azərbaycan maraqlarını qoruyan demokratik, güclü, nüfuzlu mətbuatı var. Odur ki, Avropa Parlamentindəki Azərbaycana qarşı bu cür aşkar qərəzli qərarlar heç bir zaman bizi öz yolumuzdan döndərə bilməz".