Bu qurumlarla ikitərəfli əməkdaşlıqlara yenidən baxmaq zamanı gəlib - Ağasif Şakiroğlu

18:30 25.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Avropa Parlamentinin fəaliyyəti Azərbaycana qarşı hər zaman qərəzli olub. Bunun biz müstəqillik illərinin ilk mərhələsində də, sonra da, xüsusilə 44 günlük Vətən savaşı zamanı şahidi olduq".

Bunu hafta.az-a Avropa Parlamentində ölkəmizə qarşı göstərilən açıq qərəzlə bağlı açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

Partiya sədri hesab edir ki, Avropa Parlamentinin nə deməsi heç də önəmli deyil. Onun sözlərinə görə, önəmli olan Azərbaycanın tutduğu yoldur. Hansı ki, bu yol Azərbaycanı yüksəklərə və qələbələrə aparır.

"Bir çox dövlətləri öz maraqlarında alət etmiş Avropa Azərbaycanla digər dövlətlərlə danışdığı dillə danışa bilməməsini həzm edə bilmir. Düşünürəm ki, məlum hadisə COP29 beynəlxalq tədbiri öncəsi Azərbaycana qarşı təxribatdır. Belə demək mümkünsə, Azərbaycandan ala bilmədiklərini bu cür gedişlərlə əldə etmək istəyirlər, amma alınmayacaq. Azərbaycan xalqı monolitdir, xalq dövlətin düşmənlərinə qarşı siyasi mövqeyindən, siyasi rəngindən asılı olmayaraq vahid cəbhədə birləşib. Bu gün ölkədə iqtidar-müxalifət həmrəyliyi var və daxili auditoriyanı parçalamaq, spekulyasiya etmək cəhdləri də uğursuzdur. Həmin qurumlarla ikitərəfli əməkdaşlıqlara yenidən baxmaq zamanı gəlib".