Qırx dörd günlük Vətən müharibəsi torpaqlarımızı işğaldan azad etməyimizlə nəticələndi. Təbii ki, dövlət sərhədlərimizə nəzarətimizi bərpa etdikdən sonra, həmin ərazilərdə effektiv quruculuq işlərinin həyata keçirilməsi ən vacib məsələlərdən biridir. Regionda işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin həyata keçirilməsinin səmərəliliyini təmin edən başlıca amil də uğurlu idatrəetmə sisteminin yaradılmasından ibarətdir.
Bu fikirləri millət Vəkili Elşad Mirbəşir Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncamını hafta.az-a şərh edərkən deyib:
"Xatırlatmaq istəyirəm ki, cənab Prezident ötən ilin oktyabr ayının 29-da işğaldan azad edilmiş ərazilərimizdə idarəetmənin təşkil olunması ilə bağlı sərəncam imzaladı. Bu sərəncamın imzalanması hər şeydən öncə ona dəlalət etdi ki, cənab Prezident ərazidə öncə effektiv idarəetmə sistemini yaratmaq fikrindədir. Fikrimcə, bu da olduqca uğurlu və məntiqli yanaşmadır. Düzgün idarəetmə olmadan hər hansı bir layihəni, quruculuq-bərpa işlərini həyata keçirmək qeyri mümkündür. Bu baxımdan Prezident yanvar ayının 19-da azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzaladı. Məqsəd regionda keyfiyyətli idarəetmə və uğurlu quruculuq siyasəti həyata keçirməkdən ibarətdir".
Millət vəkili bu yeniliyin Azərbaycan tarixində özünüidarəetmə sahəsində həm də bir təcrübə rolunda çıxış edəcəyini vurğuladı. Onun fikrincə, ölkə Prezidentinin xüsusi nümayəndəlik institutunun işğaldan azad olunmuş ərazilərdə yaradılması, həmin ərazinin idarə olunmasının səmərəlilik səviyyəsini gələcəkdə daha da qiymətləndirəcək. Bu da bütövlükdə respublikada yerli idarəetmə sisteminə yeni bir baxışı ortaya qoya bilər.
E.Mirbəşir son olaraq onu da qeyd etdi ki, yaxın zamanlarda işğaldan azad olunmuş digər rayonlarımızda da cənab Prezidentin xüsusi nümayəndələri təyin oluna bilər. Şuşaya belə bir nümayəndənin təyin olunması onun göstəricisidir ki, digər azad edilən ərazilərdə də oxşar sistem formalaşdırılacaq. Quruculuq-bərpa işləri bütün azad edilmiş ərazilərimizdə, sistemli şəkildə həyata keçiriləcəkdir. Bu baxımdan ölkə Prezidentinin xüsusi nümayəndəliyi institutu həmin ərazilərdə fəaliyyət göstərərsə, səmərəli nəticə əldə etmək olacaq.