“Dünən Azərbaycan xalqı, eləcə də bütün dünya azərbaycanlıları şəhidlərimizin Anım Gününü qeyd etdi. İlk dəfə keçirilən şəhidlərimizin Ümumxalq Anım Günü həqiqətən də tariximizdə qızıl hərflərlə yazılacaq bir hadisə oldu. Bu münasibətlə təşkil olunan bütün tədbirlər bir-birindən möhtəşəm idi. Dünənki Anım Gününün zirvəsində isə möhtərəm Prezidentimizin və Birinci vitse-prezidentimizin iştirakı ilə keçirilən yürüş idi. Bu yürüş unikallığına, orijinallığına görə fərqlənirdi”. Bunu hafta.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Deputat onu da qeyd edib ki, sözügedən yürüş ölkə Prezidentinin, Birinci vitse-prezidentin şəhidlərimizin əziz ruhuna olan ehtiramının ifadəsi idi: “44 günlük Vətən Müharibəsində şəhid olan 3000-ə yaxın hər bir qardaşımızın, eləcə də Arəstə bacımızın, terror qurbanı olan insanlarımızın gözəl hazırlanmış fotoları ilə keçirilən yürüyüş bir sıra beynəlxalq mətbuatın da diqqətini çəkdi. Mən bu gün mətbuatı izlədim və gördüm ki, bir sıra dünya mediası, eləcə də qardaş Türkiyənin mətbuatı bu yürüşü gündəmdə saxlayır. Bir daha vurğulayıram ki, bu yürüş ölkə Prezidentinin, Birinci vitse-prezidentin şəhidlərimizin əziz ruhuna olan ehtiramının ifadəsi idi.Bu yürüş həm də Azərbaycan xalqının əzəmətini, yenilməzliyini, birliyini, həmrəyliyi göstərir. Bu yürüş qəddar və qatil qonşumuz olan Ermənistanın üzərində Azərbaycan xalqının əbədi zəfərini göstərir. Erməni xalqı təcavüzkar xalq olaraq tarixə yazılmışdır. Erməni xalqının törətdiyi cinayətlər, terrorlar indiyə qədər bir sıra hesabatlarda öz əksini tapıb və düşünürəm ki, Azərbaycan xalqının bu zəfəri təkcə Ermənistan üzərində qələbə deyildi. Bu bütövlükdə Ermənistanı dəstəkləyən, ermənipərəst təşkilatlların, erməni lobbisi, eləcə də bir sıra beynəlxalq təşkilatların, güclərin üzərində qələbə idi. Bu qələbə Azərbaycan xalqının, Azərbaycan dövlətinin gücünü, nüfuzunu, qüdrətini göstərirdi və Müzəffər Ali Baş Komandanımız əyilməzliyini, məğlubedilməzliyini göstərdi. Dünənki gün erməni faşistlərinə, revanşistlərə həm də bir dərs idi. Hesab edirəm ki, onlar bu müharibədən, ötən müddət ərzində görülən işlərdən dərs çıxaracaqlar . Bir daha Azərbaycana və Türkiyəyə qarşı qərəzli mövqe göstərməyəcəklər. Erməni xalqının, Ermənistan dövlətinin mövcudluğu da Azərbaycan və Türkiyə ilə konstruktiv əməkdaşlıqdan keçir. Çünki bu ölkə dalan vəziyyətinə düşmüş bir dövlətdir. Əgər erməni xalqı öz mövcudluğunu istəyirsə, Ermənistan dövlətinin müstəqilliyini, süquta uğramamasını istəyirsə, Azərbaycan və Türkiyəyə qarşı səmimi olaraq konstruktiv qonşuluq siyasəti həyata keçirilməlidir. Onlar buna məhkumdur. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan heç nə qazanmadı, əksinə ölkədə səfalət, yoxsulluq, rəzalət hökm sürdü. Onlar baş verən hadisələrdən dərs çıxarmalıdırlar”.
M.İbrahimqızı vurğulayıb ki, Azərbaycan xalqı həmişə öz qəhrəman oğulları ilə fəxr edib: “Bir daha bütün şəhidlərimizə rəhmət diləyirik, ruhları qarşısında baş əyirik. Onları böyüdüb boya-başa çatdıran valideynlərin qarşısında baş əyirik ki, belə övladlar yetişdiriblər. Azərbaycan xalqı həmişə öz qəhrəman oğulları ilə fəxr edib. Azərbaycan xalqı üçün torpaq həmişə şərəf, namus, ləyaqət, qürur olub. Və şəhidlərimiz, qazilərimiz öz canları, öz sağlamlıqları, öz həyatları ilə Azərbaycan xalqının şərəfini, ləyaqətini, qürurunu ucalara qaldırdılar, xalqımıza başucalığı gətirdilər”.