“Bütün ədalətli ölkələr Azərbaycanın yanında durmalıdırlar” – Əfşar Süleymani

15:45 04.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan ordusunun az qala 30 ildir işğal altında saxladığı torpaqlarımızı azad etmək üçün artıq nə dövlətimizin, nə də xalqımızın səbri qalmayıb. Bunu şanlı Azərbaycan ordusunun sentyabrın 27-də start verdiyi əks-hücum əməliyyatları və bir-birinin ardınca qazandığı qələbələr də təsdiqləyir. Məsələ ondadır ki, Azərbaycan tərəfinin öz torpaqlarını işğaldan azad etməsinə sevinən, hətta açıq-aşkar onu dəstəkləyən dövlətlərlə yanaşı, indiyədək üzdə dost olduğunu deyən, bu gün isə Ermənistana “ordunu Azərbaycan torpaqlarından çıxart” sözünü deməyən və bununla da Azərbaycana qərəzini, Ermənistana isə sevgisini biruzə verən ölkələr də üzə çıxdı.

Hansısa ölkəni ittiham etmək fikrindən uzağıq, amma xalqımızın ürəyində özünə yer tutan dost ölkələrdən bəzilərinin adını çəkməsəm haqsızlıq olardı. Qardaş Türkiyə dövlətini torpaqlarımızın azad olunması əməliyyatında hər an yanımızda hiss edir və görürük. Pakistan, Ukrayna, Moldova, Əfqanıstan, Macarıstan və Latviya kökumətləri, parlament səviyyəsində isə Malayziya, İtaliya, müəyyən mənada İraq və sair açıq şəkildə Azərbaycanın yanında dayandıqlarını, Ermənistanın heç bir şərt qoymadan qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmasını tələb ediblər. Hətta əksər müsəlman ölkələrinin İslamın ümumi düşməni hesab etdiyi İsrail dövləti, hər zaman olduğu kimi, bu haqq mübarizəmizdə də Azərbaycana açıq dəstək verməkdədir. Çox maraqlıdır ki, adlarını qeyd etdiyim üç ölkədən – Türkiyə, Pakistan və Əfqanıstandan (müəyyən mənada Malayziya) başqa heç bir müsəlman dövləti Ermənistana səslənərək Azərbaycan torpaqlarından çıxmağa çağırmadı.

İranın ölkəmizdəki keçmiş səfiri Əfşar Süleymanidən buna, ümumiyyətlə, Azərbaycan ordusunun Qarabağ torpaqlarını və işğal altındakı digər bölgələrimizi erməni işğalından azad etmək üçün başlatdığı əks-hücum əməliyyatlarına münasibətini öyrənmək istədim. 

- Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etməlidir və hətta bu işdə gec qalıb. Çünki 1994-cü ildə bağlanmış atəşkəs sazişindən bu yana götürsək, 26 ildir işğalda qalıb torpaqlar. Bu problemi həll etmək üçün yaradılmış ATƏT-in Mİnsk Qrupu heç bir iş görə bilməyib. Nəticədə uzun müddətdir münaqişə dondurulmuş vəziyyətdə qalıb. Bu da Azərbaycanın suverenliyinə birmənalı şəkildə təhdiddir. Hesab edirəm ki, Azərbaycan öz mövqeyini maksimum möhkəmləndirməli və torpaqlarını geri qaytarmağa çalışmalıdır. Qarabağ adi münaqişədən daha çox böyük dövlətlərin oyun mərkəzidir. Elə götürək Minsk Qrupuna üzv dövlətlərin mövqeyini. Onlar bu illərdə nəinki münaqişəni həll etmədilər, əksinə, Ermənistanın xeyrinə fəaliyyət göstərdilər. İndi atəşkəs çağırışları səsləndirilir. Əlbəttə, tarix boyu bütün müharibələr sülh danışıqları ilə nəticələnib. Amma Azərbaycan, torpaqlarını geri qaytarmaq üçün bütün gücünü ortaya qoymalıdır. Bütün ərazisini azad edə bilərsə lap yaxşı, bunu edə bilməsə belə, bütün hallarda mövqeyini gücləndirməlidir ki, hətta sabah danışıqlar başlasa, bütün işğal olunmuş torpaqlarını geri qaytara bilsin. Eyni zamanda, müxtəlif ölkələrlə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və sairlə sıx əlaqədə olmalıdır ki, siyasi müstəvidə də mövqeyini gücləndirsin. Çoxlu təxribatlar olur. Paşinyan, eləcə də Ermənistan və Dağlıq Qarabağın qondarma rəhbərləri təxribatlara əl atırlar. Son zamanlar İranın da adı çox hallandırılır təxribatlarda, istəyirlər bölgədə baş verən hərbi hadisələrə yeni istiqamət verilsin.

- Bu gün Türkiyə, Pakistan, Ukrayna, Əfqanıstan, Malayziya, İtaliya, Latviya, Macarıstan kimi ölkələr hərbi əməliyyatlara münasibətdə açıq-aşkar Azərbaycanı dəstəklədiklərini bəyan ediblər və hətta Bakı necə istəsə, o cür də dəstək verəcəklərini açıqlayıblar. Yunanıstan və Kipr isə Ermənistanın işğal siyasətini açıq müdafiə ediblər. Rusiya və ABŞ prosesə müdaxilə etmir və sair. Sizcə nə baş verir, yoxsa dünya Qarabağ məsələsinin həllində güc yolunun son seçim olduğunu başa düşüb?

- Ola bilər ki, İranın sərgilədiyi mövqe Azərbaycanda xalq tərəfindən o qədər də xoş qarşılanmasın. Amma bilmək lazımdır ki, İran Azərbaycanın ərazi bütövlüyünün bərpasına tərəfdardır. Bunu dövlətimiz rəsmi şəxsləri dəfələrlə bildirib, hətta keçmişdə sülhün yaranması üçün əlindən gələni edib. Təbii ki, hansısa səbəblərdən bu təşəbbüslər nəticə verməyib.

- Bu gün Azərbaycana açıq dəstək çox vacibdir. Bu gün xalqımız isəyir ki, İran prezidenti və Xarici İşlər nazirinin açıq şəkildə Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa çağırsın...

- Baxın, Türkiyə Qarabağ torpaqlarının azad olunması üçün Azərbaycana ciddi dəstək verir. Amma inanmıram ki, müharibənin çevrəsi genişlənsə Türkiyə birbaşa ordu ilə müdaxilə etsin bölgəyə. Çünki Türkiyə ordu gətirsə, Rusiya da öz ordusunu göndərəcək. Başqa bəzi ölkələr də kömək üçün bölgəyə əsgər göndərmək təşəbbüsləri eşidilir, amma bütün bunlar vəziyyəti daha da gərginləşdirə bilər. Ona görə də Azərbaycan öz potensialına arxalanaraq torpalarını azad etməlidir.

- Söz yox, Azərbaycanın heç bir ölkənin canlı qüvvə yardımına ehtiyacı yoxdur, çünki ən müasir və çevik əməliyyatlar aparmağa qadir ordusu var. Amma belə çətin vəziyyətdə dost və qardaş bildiyimiz ölkələrin vediyi siyasi və mənəvi dəstəyə ehtiyac duyuruq...

- Söz yox, xarici ölkələr siyasi dəstək verməlidir Azərbaycana. Onlar Ermənistandan öz ordusunu Azərbaycan ərazisindən çıxarmasını tələb etməlidirlər. Bunun nəticəsi daha yaxşı olar. Amerika arxada Rusiya ilə öz planlarını həyata keçirir. Görürsünüz, ruslar Gürcüstana hücum edəndə də Amerika müdaxilə etmədi, heç Ukraynadakı proseslərə də qarışmadı. Onlar arxada alverlərini edirlər. Sonra da ki, Rusiya Ermənistanın arxasında dayanıb. Bu gün nə qədər desələr ki, bitərfdirlər, inanmayın, Rusiya Ermənistana dəstək verir. Bunun ən bariz isbatı günümüzdə Ermənistanda mövcud olan rus hərbi bazalarıdır.

- Hə, proseslərə müdaxilə etmirlər, amma döyüşləri dayandırıb danışıqlara başlamağa çağırırlar...

- Düzdür, ayrı-ayrı dövlətlər, Avropa İttifaqı, başqa təşkilatlar bir ağızdan döyüşləri dayandırmağa çağırırlar. Bəlkə bugünki proseslər indiyədək münaqişəni dondurub saxlayan ölkələri silkələyə, onlar münaqişənin çox uzandığını və mütləq həll edilməli olduğunu anlayalar. Bu gün Qarabağda gedən proseslər dünyada mövcud olan bütün münaqişələr üçün dərs olmalıdır. Hər halda Ermənistan nə qədər zəifləsə, Azərbaycanın xeyrinədir. Bütün ədalətli ölkələr bu məsələdə Azərbaycanın yanında durmalıdır. Təəssüf ki, İslam dünyasının bir parçası olan Azərbaycanı açıq dəstəkləyən ölkələr çox azdır. Amma baxın: bütün Qərb-xristian aləmi açıq-aşkar Ermənistana arxa durub. Buna baxmayaraq, inşallah, haqq qalib gələcək.

- Ermənistan hakimiyyəti 30 ilə yaxındır davam edən münaqişə dövründə guya Qarabağ ərazisində olmadıqlarını iddia edir, Azərbaycanın münaqişənin həlli üçün Qarabağın separatçı rejimi ilə danışmalı olduğu deyir. Amma qəribədir ki, bu gün Ermənistanda hərbi vəziyyət, səfərbərlik elan olunur. Necə bilirsinizmi, Ermənistanın bu hərəkəti Azərbaycana müharibə elan etmək mənasına gəlmirmi? Ümumiyyətlə, Ermənistanın Qarabağda Azərbaycanla savaşması İrəvanın ölkəmizə qarşı müharibə elan etməsi deyilmi?​​​​​​​

- Ermənistanın bu dediklərinə heç kim inanmayıb və hər kəsə aydındır ki, Ermənistan birbaşa münaqişənin tərəfidir. Ermənistan çəkilsin kənara, Rusiya da dəstəyini kəssin, Qarabağ münaqişəsi bir həftəyə həll olunacaq. Amma mən belə düşünürəm ki, burada başqa məsələ var - Rusiya Paşinyanı istəmir. Bəlkə də Moskvada istəyirlər ki, münaqişə bir qədər uzansın, Paşinyan yıxılsın və ya Kremlin əmrinə tabe olsun. Hər halda inanmıram ki, Rusiya Azərbaycanın işğal altındakı torpaqlarını tam azad etməsinə razı olsun. Çünki ruslar Qafqazdan çıxmaq istəmirlər. Narahatdırlar ki, bölgədən çıxsalar yerlərinə hansısa başqa dövlətlər gələ bilər. Eyni mövqe Ukrayna üçün də sərgilənir.

- Təəssüflə deyim ki, İran hökuməti indiki məqamda rəsmən Azərbaycanın mövqeyini dəstəkləmədi və Ermənistanı ordusunu Azərbaycan torpaqlarından çıxarmağa dair çağırış etmədi. Xalqın arasındayam və uşaqdan böyüyə hər kəs bundan təəssüflənir. Düzdür, deyə bilərsiniz ki, İran Azərbaycanın mövqeyini həmişə müdafiə edib. Əslində dünyanın bütün dövlətləri həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər. Amma müharibə vaxtı çox istərdik ki, İran da Ukrayna, Türkiyə, Pakistan və sair ölkələr kimi, birmənalı şəkildə Ermənistandan Azərbaycan torpaqlarından çıxmağı tələb etsin. Sizcə İran hökuməti bunu niyə etmir?

- İran bayaq da dediyim kimi, Azərbaycanın mövqeyini müdafiə edir. Hətta dəqiq xatırlamıram, deyəsən 1994-cü ilə idi, iki rəhmətlik prezidentlər Haşimi Rəfsəncani ilə Heydər Əliyev ikitərəfli müqavilə imzalanmışdı. Həmin müqavilədə deyilir ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu gün sərgilənən mövqeyə gəlincə, şəxsi fikrim belədir ki, ola bilər burada İsrail - Azərbaycan münasibətlərinin, bəzi başqa daxili milli-etnik məsələlərin təsiri rol oynayır. Amma hesab edirəm ki, bu səbəblərdən mövqe tamamilə dəyişməlidir. Əksinə, bu gün İranla Azərbaycan arasında əlaqələr daha da sıxlaşmalıdır ki, başqa tərəflər bəzi boşluqları fürsət bilib yararlanmasınlar. İran birbaşa hərbi müdaxilə etməsə də, hansı ki, açıq müdaxiləni zərərli sayıram, hər halda Azərbaycana açıq dəstək verməli, Ermənistanı öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa çağırmalıdır. Həm də tək İran yox, bütün müsəlman ölkələri eyni addımı atmalıdırlar. Yəni haqqı dəstəkləməlidirlər. Hətta İran, Türkiyə və Rusiya Azərbaycanla Ermənistanın iştirakı olmadan, üçlükdə görüşüb münaqişəyə çözüm yolu tapmalıdırlar.

- Qarabağda gedən indiki hərbi proseslərin nəticəsini necə görürsünüz? 

- Yuxarıda da dediyim kimi, proses Azərbaycanın xeyrinə başa çatmalıdr. Düzdür, Rusiya və başqaları buna imkan verməməyə çalışır. Amma arzu edirəm ki, Azərbaycan qələbə əldə etsin. Azərbaycan çalışıb daha çox əraziləri geri qaytarmalıdır. Çünki mövqeyini nə qədər gücləndirsə, bir o qədər də söz sahibi olacaq.