Cəbhədəki ukraynalılar problemləri təsvir edir

10:45 25.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Senatı 61 milyard dollar Ukraynaya, 26 milyard dollar isə İsrailə hərbi yardım olmaqla, ümumilikdə 95 milyard dollarlıq xarici yardım paketini təsdiqləyərək Ağ Evə göndərib. Prezident Co Baydenin bunu mümkün qədər tez təsdiq edəcəyi gözlənilir.

Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, bu inkişaf Kiyevdə sevinclə qarşılanarkən, cəbhə xəttindəki ukraynalı əsgərlər sevinmirlər.

Ölkənin şərqində yerləşən Çasov Yar bölgəsində mühasirədə olan əsgərlər Rusiyanın bu mövzuda üstünlüyünü hiss etdirdiyi üçün Amerika silahlarına ehtiyac duyduqlarını vurğulayıb, yeni silahlar gələnə qədər buranı saxlamağa çalışdıqlarını bildirdilər.

Ukrayna əsgərləri bildiriblər ki, təyyarələrdən atılan yarım tonluq partlayıcı yüklü bombalar onların mövqelərini dağıdıb, pilotsuz uçuş aparatları isə hərəkət edən hər şeyi məhv edib.

Moskvanın keçən il işğalın ən qanlı döyüşündə qalib gəldiyi Bahmutla üzbəüz Çasov Yar strateji əhəmiyyətə malikdir. Kiyev bu şəhəri itirərsə, bu yay Donetsk vilayətində nəzarət etdiyi digər rayonları da itirmək ehtimalı xeyli artır.

Ukraynanın 92-ci Hücum Briqadasının pilotsuz təyyarələrə cavabdeh komandiri Yuri Fedorenko deyir ki, Çasov Yarın itirilməsi halında bölgədə nəzarət etdikləri üç ən böyük yer ciddi təhlükə ilə üzləşəcək.

Moskvanın Ukraynada əsas hədəfinə çevrilmiş bu şərq şəhərində döyüşən əsgərlərin ilk problem döyüşçü çatışmazlığıdır. Bu, Amerika yardımının həll edə bilməyəcəyi problemdir.

Aylarla fasiləsiz döyüşən əsgərlər cəbhə xəttində 5 gündən artıq qalmamalı olduğu halda, indi bu müddət 10-15 günə çata bilər.

38 yaşlı Kipiş keçən həftə rusların cəbhədə irəliləmədiyinə əmin olduqlarını, lakin 110 nəfərdən yalnız 35-nin döyüşə tab gətirə bildiklərini söyləyib: “Kişi qıtlığımız olduğundan hətta komandirlərimiz də bizimlə mövqelərdədir”.

Ukrayna rəsmiləri müharibədən əvvəl 12 minə yaxın insanın yaşadığı şəhərdə 700 mülki şəxsin qaldığını bildirir.

Getmək istəyən mülki insanları təxliyə etmək tapşırığı verilmiş Mikola Moxilevski bildirir ki, onun hədəf auditoriyasının əksəriyyəti ərazini özbaşına tərk edə bilməyən yaşlılardır. O, bölgədə vəziyyətin əvvəlki növbətçi məntəqəsi Bahmutdan da pis olduğunu vurğulayır: "İki ay əvvəl maşınla şəhərə girib gəzə bilirdim. İndi tez hərəkətə keçmək lazımdır. Pilotsuz təyyarələrin riski böyükdür. Hətta bəzən mülki şəxslərə də hücum edirlər”.

Hərbi ekspertlər Rusiya əhalisinin Ukraynadan 4 dəfə çox olduğuna diqqət çəkir və bildirirlər ki, Moskva bu itkilərin yerini daha tez doldura bilər.

Avstraliya ordusunun istefada olan general-mayoru Mayk Ryan Ukrayna liderləri haqqında deyir: "Onlar bəzi çətin siyasi qərarlar qəbul etməlidirlər. Torpağı saxlayıb çoxlu insanı itir, ya da torpağı verib ordunu xilas et? Onların mövqeyi budur".

Siyasət rubrikasından digər xəbərlər