Cəlilabadda şəhid Bayram Babaşovun adını daşıyan bulağın açılışı olub

14:06 10.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunun Günəşli kəndində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış baş leytenant Babaşov Bayram İlqar oğlunun doğum günündə onun adını daşıyan bulağın açılışı olub.

Bu münasibətlə keçirilən açılış mərasimində rayon rəhbərliyi, şəhidin doğmaları, kənd sakinləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən cəlilabadlı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

Qeyd olunub ki, 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olmuş baş leytenant Babaşov Bayram İlqar oğlu Vətən müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub.

Bölük komandiri olan baş leytenant Bayram Babaşov doğulduğu kənddə dəfn edilib. Onun iki qardaşı da Vətən müharibəsində ilk gündən iştirak edib və onların hər ikisi qazidir.

Şəhid zabitimiz ailəli idi, onun 4 yaşlı oğlu var.

Diqqətə çatdırılıb ki, şəhid Bayram Babaşov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.