“Şəmkirdə ehtiyacı olan 100 ailəyə yardımlar ediləcək. Yardımlar əsasən ərzaq və gündəlik təlabat mallarıdır. Həmin yardımların paylanmasına bu gündən başlanılacaq. Əsasən Şəmkirin kəndlərində imkansız şəxslərə, şəhid ailələrinə, müharibə veteranlarına və ehtiyacı olanlara bu yardımlar ediləcək”.
Bunu hafta.az-a açıqlamasında Şəmkir kənd dairəsindən millət vəkili seçilmiş Nurlan Həsənov deyib.
O, bildirib ki, Şəmkirin kəndlərində hazırda tibbi spirt, tibbi maska və əlcək qıtlığı yaşanmır:
“ Bir qədər öncə Düyərli kəndindən olan seçicilərimlə danışdım. Həmin kənd Tovuza yaxındır. Onlar bildirdilər ki, Tovuzda koronavirusa yoluxanlar olsa da, Şəmkirin Tovuzla həmsərhəd olan kəndlərində virusa yoluxma halı qeydə alınmayıb. Tez-tez həm rəsmi dairələrlə, eləcə də kəndlərdəki seçicilərimlə əlaqə saxlayıram. Hələ ki, dairəmdə yoluxma halına rast gəlinməyib. Təklif etdim ki, Şəmkirin kəndlərinə tibbi maska və tibbi spirt yardımı göndərək. Bildirdilər ki, heç bir çatışmazlıq yoxdur. Amma bildirdilər ki, müəyyən ehtiyacı olan ailələrə ərzaq yardımı etməyimiz daha məqsədə uyğundur. Hal-hazırda kimə yardımlar olunacaqsa, həmin şəxslərin adları dəqiqləşdirilir. Bunun üçün həm rəsmi qurumlarla, həm də kənd sakinləri ilə əlaqə saxlayırıq. Yəni, yardımlar həqiqətən ehtiyacı olan ailələrə çatdırılması üçün çalışırıq”.