Tam bir il əvvəl dünya yeni növ koronavirusla tanış oldu. İlk dəfə Çində - Uhan şəhərində təsadüf edilən bu virus hazırda bəşəriyyətin bir nömrəli başağrısına çevrilməkdədir. Maraqlıdır ki, milyardyarım əhalisi ilə dünyanın ən böyük dövləti olan Çində cüzi sayda yoluxma faktlarını bir yana qoysaq, demək olar ki, virusa qalib gəlinib, insanlar rahat yaşayır və iqtisadiyyat, sosial həyat öz axarında işləyir.
Əlbəttə, pandemiyanın zərbə vurduğu xarici əlaqələr də bərpa edilməkdədir. Bu müstəvidə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından olan Çinin “Covid-19” üzərində qazandığı zəfərdən biz də məmnunuq və bir gün ölkəmizin də bu bəladan tam xilas olaraq, rahat inkişaf edəcəyinə əminik. Amma bunun üçün dost ölkələrin təcrübəsindən, yeri gələndə çətinlik çəkdiyimiz, ehtiyacımız olan sahələr üzrə yardımlarından da bəhrələnməliyik. Necə ki, virusun ölkəmizdə ilk yayıldığı vaxtlarda bu yardımları Çin xalqından və hökumətindən görmüşük. Bəs bu gün necə, epidemiyanın kökünü kəsmiş sayılan Çinlə əməkdaşlığımız hansı səviyyədədir, vurusa qalib gəlmək üçün dəstəyini davam etdirirmi bizə? Suallarımızı Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Minə ünvanladıq. Xanım səfir söhbətə geridə buraxdığımız, pandemiyanın tüğyan etdiyi ildə Çin - Azərbaycan əməkdaşlığını şərh etməklə başladı:
- Bildiyimiz kimi, 2020-ci il Çinlə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 28-ci ili tamam olub. Bu ildə Çin Dövlət Şurasının sədri Si Tzinpin və Azərbaycan prezidenti İlham Əliyevin qayğısı və birgə fəaliyyəti nəticəsində ölkələrimiz arasında əlaqələr sürətli inkişaf tempini qoruyub saxlayıb, qarşılıqlı siyasi etimad daha da artıb, “Bir kəmər, bir yol” layihəsinin inşası üzrə gözəl nəticələr əldə edilib. Ümumiyyətlə, tərəflər iki ölkənin ümumi maraqlarını müdafiə etmək üçün əsas məsələlərdə həmişə bir-birlərinə güclü dəstək veriblər. Siyasi mübadilələrə gəlincə, epidemiya səbəbi ilə iki ölkə arasındakı yüksək səviyyəli səfərlər müvəqqəti dayandırılmış olsa da, iki ölkənin ali rəhbərliyi və müxtəlif dövlət qurumları bir-birlərinə böyük bayram günləri və epidemiya ilə bağlı təbrik və başsağlığı məktubları göndərərək, həmçinin bir-birlərinə güclü dəstəklərini ifadə edərək sıx təmaslarını davam etdiriblər. Ölkələrimiz davamlı olaraq beynəlxalq səviyyədə əməkdaşlığı gücləndirir. Çin hökuməti Azərbaycan prezidentinin BMT Baş Assambleyasının Covid-19-la bağlı xüsusi videokonfransını çağırmaq təşəbbüsünü dəstəkləyib. Çin hökuməti Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq vacib təşəbbüslərini, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının nüfuzunun qorunması müstəvisində atdığı addımları yüksək qiymətləndirir.

- Pandemiya şəraitində qlobal miqyasda iqtisadi-ticarət əlaqələri zəifləyib. Bu müstəvidə Çinlə Azərbaycan arasında əlaqələrin vəziyyəti necədir?
- Ölkələrimiz arasında ticarətin həcmi 1,847 milyard dollar olub ki, bu da əvvəlki illə müqayisədə 15,4 faiz azdır. Buna baxmayaraq, ticarət əlaqələrinin həcminə görə, Çin Azərbaycanın dünyada dördüncü böyük tərəfdaşı sayılır. İkitərəfli ticarət həcminin azalmasına baxmayaraq, Çindən Azərbaycana ixracın həcmində xeyli artım nəzərə çarpır. Amma bununla kifayətlənmək olmaz, ölkələrimizin müxtəlif sahələr üzrə idxal-ixrac əlaqələrini artırmaq üçün böyük potensialı mövcuddur. Azərbaycan Şanxayda keçirilən 3-cü Beynəlxalq Çin EXPO sərgisində fəal iştirak edib. Azərbaycan məhsulları - bal, şərab, cem və digər qida çeşidləri çinlilər tərəfindən böyük maraqla qarşılanıb. Demək mümkündür ki, qlobal pandemiya ölkələrimiz arasında humanitar mübadiləyə qətiyyən təsir göstərməyib.
- Yeri gəlmişkən, elmi-mədəni sahədə əlaqələrimiz ötən il əvvəlki sürətilə inkişaf edib, hətta bu müstəvidə Səfirliyin də rolu böyük olub...
- Bu sahədə ilk tədbirimiz ötən ilin yanvarında olub. Belə ki, Çin səfirliyi Xalça Muzeyi ilə birlikdə, Bakı sakinləri tərəfindən böyük hərarətlə qarşılanan “Çini tanı, Bakıda xoşbəxt bahar bayramı” adlı birgə tədbir keçirib. İyul ayında isə, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığa dair saziş yenilənib. Bu sazişə əsasən, hər iki tərəfin 100 sayına çatan mübadilə əsasında dövlət təqaüdlərinin həcmi də artırılıb. Hazırda Azərbaycanda Çin dilinə marağın artdığını görürük. Azərbaycanda fəaliyyət göstərən iki konfutsi institutu yerli istedadların Çin dilini öyrənməsi üçün vacib baza rolunu oynayıb. Eləcə də, Çinin bir neçə universitetində Azərbaycan dilini tədris edən xüsusi bölmələr açılıb. 2021-ci ildə Çin və Azərbaycan qarşılıqlı siyasi etimadı daha da dərinləşdirmək, milli strateji inkişafa dair razılığı daha da möhkəmləndirmək, müxtəlif sahələr üzrə praktik əməkdaşlığı genişləndirmək - bura iqtisadi, ticarət, elmi-humanitar sahələr daxildir, həmçinin iki ölkə arasında münasibətlərin gələcəkdə inkişafına təkan vermək istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
- Koronaviris epidemiyası təhlükəsi ilə üz-üzə qaldığımız bir vaxtda, Çin və Azərbaycan bütün bu çətinlikləri dəf etmək üçün birlikdə hansı işləri görə bilər?
- Covid-19 epidemiyası yayıldıqdan sonra Çin və Azərbaycan bir-birlərinə yardım edib və epidemiyaya qarşı mübarizədə səylərini birləşdiriblər. İki ölkənin hökumətləri və xalqları çiyin-çiyinə mübarizə apardı, yüksək qarşılıqlı etimad, dərin dostluq ənənələri, ölkələrimizin inkişaf konsepsiyasına uyğun həmrəylik nümayiş etdirərək bir-birlərinə dəyərli dəstək nümayiş etdirdilər. Birincisi, güclü mənəvi dəstəkdir. İlk öncə dövlətlərimizin rəhbərləri və xarici işlər nazirləri epidemiya vəziyyəti ilə əlaqədar qarşılıqlı şəkildə başsağlığı məktubları göndəriblər. Onlar epidemiyaya qarşı mübarizədə bir-birlərinin gördükləri tədbirləri yüksək qiymətləndiriblər. Pandemiya ilə mübarizə sahəsində çətinlikləri dəf etmək üçün Azərbaycan və Çin xalqlarının səylərini birləşdirəcəklərini bildiriblər. Heydər Əliyev Fondu epidemiya ilə mübarizədə Çinə dəstək və həmrəylik ifadə etmək üçün Bakının ən məşhur tikililərindən olan Heydər Əliyev Mərkəzinin binasını beş ulduzlu, qırmızı bayraq fonunda işıqlandırılması təşəbbüsü ilə çıxış edib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycanın digər qeyri hökumət təşkilatları “Haydı Uhan, haydı Çin” reklam çarxı çəkərək, orada Azərbaycan və Çin xalqlarının yaxın dost, bir-birilərinin sevincinə və kədərinə ortaq olduğunu göstəriblər. İkinci ən vacib məqamlardan biri təcrübə mübadiləsidir. Hər iki ölkənin tibb ekspertləri və epidemiyaya qarşı mübarizə departamentləri epidemiyanın qarşısının alınması, nəzarəti və müalicəsi ilə bağlı təcrübələrini bölüşmək üçün çox sayda v 4-17 avqust 2020-ci il tarixlərində Çin hökuməti epidemiyaya qarşı mübarizədə kömək etmək, onun qarşısının alınması, idarə olunması və müalicəsi üçün işlərin təşkili üçün bir qrup tibb ekspertlərini Azərbaycana göndərdi. Ekspert qruplarımız Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Cəlilabad və digər ərazilərdə epidemiya ilə mübarizənin ön cəbhəsində dayanıblar. Onlar bir sıra xəstəxanalara baş çəkib, laboratoriyalarda, qan mərkəzlərində və sair olub, öz təcrübələrini azərbaycanlı müvafiq səlahiyyətli şəxslərlə bölüşüblər. Çinli tibb ekspertlərinin yüksək fəaliyyəti Azərbaycan hökuməti və xalqı tərəfindən rəğbətlə qarşılanıb. Əlaqələrimizdə üçüncü vacib məqam vaxtında edilən maddi dəstəkdir.

- Maddi-mənəvi dəstək ölkələrarası əlaqələrdə çox müsbət stimul verir...
- Razıyam. Epidemiyanın ilk yayıldığı günlərdə Çində də tibbi ləvazimat çatışmazlığı yaşanırdı. Belə bir vaxtda Azərbaycandan - Sumqayıt şəhər bələdiyyəsi təcili olaraq 100 min qoruyucu tibbi qapaq, 80 min cərrahi maska, 150 min cüt tibbi əlcək, 4 ton tibbi spirt və epidemiya əleyhinə digər vasitələri toplayaraq, yardım şəklində Çinin Sian və Myanyan şəhərlərinə göndərdi. Bu yardım onların tibbi ləvazimat çatışmazlığını effektli şəkildə yünğülləşdirdi. Heydər Əliyev Fondu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və digər vətəndaş cəmiyyətləri də öz kanalları ilə Çinə açıqürəkli humanitar yardımlar göndəriblər. Azərbaycanda da epidemiya şəraiti ağırlaşanda, Çin dövləti də eyni addımı ataraq vaxtında öz yardım əlini uzatdı. Mərkəzi və yerli idarəetmə orqanları, həmçinin müxtəlif sənaye müəssisələri öz imkanlarını birləşdirərək Bakıya ümumilikdə 10 milyon yuan həcmində nuklein turşusu test reaktivləri, süni nəfəs aparatları, tibbi maskalar, qoruyucu geyimlər, gözlüklər, temperatur dəyişikliyini ölçmək üçün cihazlar və s. ümumi 10 milyondan çox məbləğdə tibbi yardım göndərib ki, hesab edirəm bununla Azərbaycan xalqına böyük faydamız toxunub. Epidemiyaya qarşı birgə mübarizə prosesində Çin və Azərbaycan həmişə bir-birini dəstəkləmiş və ikitərəfli və çoxtərəfli səviyyədə sıx əməkdaşlıq etmişlər və praktik fəaliyyətlər sayəsində bəşəriyyət üçün ümumi bir tale konsepsiyasını həyata keçirmişlər. Əminəm ki, epidemiyanın təsirinə məruz qalan Çin - Azərbaycan əlaqələrini mütləq uğurlu və parlaq sabahlar gözləyir.
- Hazırda Çində Covid-19-a qarşı aşılama prosesi necə gedir?
- Çində bu proses sabit və nizamlı şəkildə həyata keçirilməkdədir. Dövlətimizin epidemiyaya qarşı mübarizə, onun yayılmasının qarşısının alınmasına hesablanmış nəzarət planı üzrə Dövlət Strategiyası bütün ölkə üzrə iki mərhələli qaydada icra olunur. İlk etapda dondurulmuş məhsulların idxalı, limanlarda karantin nəzarəti, gəmilərin yoxlanılması, aviasiya xidmətləri, faraş məhsullar satılan bazarlar, ictimai nəqliyyat, tibbi mühafizə sahələrində və həmçinin yoluxma risqi daha yüksək olan orqanların əməkdaşları aşılanır. Bura həmçinin, təhsil və işləmək məqsədilə orta və yüksək risk qrupuna daxil edilən ölkələrə səfər edənlər də daxildir. İkinci etapda isə bütün insanların peyvəndlənməsi nəzərdə tutulub. Yanvarın 26-na qədər Çində artıq 22,76 milyon insana peyvənd vurulub. Növbəti mərhələdə, vaksinləri təkmilləşdirmək üçün həyata keçirilən kliniki sınaqların aparılması və istehsal imkanlarının yaxşılaşdırılması nəticəsində Çində yaşlı, eləcə də yan xəstəlikləri olan insanların aşılanması həyata keçiriləcək.
- Son vaxtlar Azərbaycan da daxil olmaqla, bir sıra ölkələr Çindən Covid-19-a qarşı istifadə edilən vaksin alıblar. İstərdik vaksin istehsalı sahəsində Çinin beynəlxalq təşkilatlarla əməkdaşlıqda təcrübə və ideyalarını bizimlə bölüşəsiniz...
- Virus sərhəd tanımır və bəşəriyyət bu mənada ümumi taleyi bölüşür. Hesab edirəm ki, birlik və əməkdaşlıq pandemiya ilə mübarizədə ən güclü silahdır. Hazırda vaksinlər epidemiyaya qarşı mübarizədə beynəlxalq müstəvidə əməkdaşlığın mərkəzində dayanır. Çin Dövlət Şurasının sədri Si Tzinpin Ümumdünya Səhiyyə Təşkilatının 73-cü iclasında bəyan edib ki, Çində istehsal edilmiş vaksin bütün dünya ictimaiyyəti üçün əlçatan olacaq. Xüsusilə də, Çin aşısının ixracı üçün əlçatanlıq prinsipi üçüncü qrup ölkələrin də ondan rahat faydalanmasına şərait yaradacaq. Nəzərinizə çatdırım ki, vaksinin hazırlanması sahəsində çinli araşdırmaçılar dünyada ilk yerlərdə qərarlaşıblar. Artıq vaksinlərdən biri bazara çıxarılıb, digərləri isə tibbi sınaq mərhələsindədir. Düşünürəm ki, Çin vaksin hazırlanması sahəsində dünyaya öz töhfəsini verir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün səylə çalışır, xarici dünya ilə, xüsusilə də üçüncü qrup ölkələrlə vaksin sahəsində əməkdaşlıq edir. Tam olmayan statistikaya əsasən, hazırda dünyanın 40-dan çox ölkəsi Çin vaksinini təqdir edib. Güman edirəm ki, Çin vaksin istehsalını genişləndirməklə, daha çox ölkənin ehtiyacını ödəməyə çalışacaq. Çinin vaksin sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dair təşəbbüsləri dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Hazırda Sinopharm, Sinovac, CanSino və digər Çin müəssiləri koronavirus əleyhinə vaksinin hazırlanması planı çərçivəsində əməkdaşlığı müzakirə edirlər. Biz bu plan əsasında inkişaf etməkdə olan ölkələrin vaksinə əlçatanlığını təmin eləmək üçün öz töhfəmizi verməyə hazırıq. Türkiyə przidenti Rəcəb Tayyib Ərdoğan, vitse-prezidenti Fuat Oktay, Seyşel Adalarının prezidenti Ramkalavan, İordaniyanın baş naziri Aun əl-Xasaun, İndoneziya prezidenti Coko Vidodo, Bəhreynin vəliəhd şahzadəsi və baş naziri Salman ibn Xamad ibn İsa əl-Xəlifə və sair ictimaiyyətə açıq şəkildə Çin aşısı ilə peyvənd olunublar. O cümlədən, Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB-in sədri Ramin Bayramlı və digər yüksək rütbəli şəxslər də Çin vaksini ilə aşılanıblar. Bu yaxınlarda Çin Xalq Respublikasının sədri Si Tzinpin, Ümumdünya İqtisadi Forumunda “Davos gündəliyi” çərçivəsində çıxışı zamanı qeyd edib ki, ölkəsi pandemiyanın qarşısının alınması sahəsində qazandığı parlaq təcrübəsini digər ölkələrlə bölüşməyə davam edəcək, koronavirusla mübarizədə çətinlik çəkən dövlətlərə yardım göstərəcək. Belə bir söz var: soyuq qış isti yazın gəlişini, zülmət gecə isə səhər şəfəqini dayandıra bilməz. Bəşəriyyət, əlbəttə ki, bu pandemiyanı dəf edərək, fəsadlarını mütləq aradan qaldıracaq...