- “Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan verib, həmçinin, Çinlə Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin məzmununu zənginləşdirmiş olub”.
Hafta.az-ın yazdığına görə, bunu Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey Bakıda keçirilən brifinqdə deyib.
O, Prezident İlham Əliyevin Çinə səkkiz dəfə səfər etdiyini, müxtəlif formatlarda Çin lideri Si Cinpinlə 10 dəfədən çox görüşdüyünü xatırladıb.
“Sədr Si Cinpin Prezident İlham Əliyevi öz köhnə dostu adlandırıb. Məhz iki dövlətin strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri ardıcıl olaraq yeni səviyyəyə yüksəlir və artıq tarixdəki ən yüksək nöqtəsinə çatıb”, - deyə Lu Mey bildirib.
Onun sözlərinə görə, Çin tərəfi Azərbaycanla birlikdə ikitərəfli əməkdaşlığın müsbət dinamikasını dəstəkləməyə və qarşılıqlı fayda, eləcə də, ümumi firavanlıq naminə yeni üfüqlər açmağa hazırdır.
Xanım səfir bildirib ki, son zamanlar Çinlə Azərbaycan arasında qarşılıqlı dəstək müxanizmi daha da güclənib. Onun sözlərinə görə, ölkələr arasında praqmatik əməkdaşlıq üçün potensial daha da artıb, ikitərəfli ticarətin artım tempi isə təsirli olaraq qalır.
Azərbaycanın Tayvanın müstəqilliyinə qarşı çıxdığını xatırladan diplomat qeyd edib ki, Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşlıdır.
“2025-ci ilin yeddi ayında Çindən 225 blok-qatar qəbul edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur” deyən səfir Lu Meyin sözlərinə görə, ilin sonuna qədər daha 400-dən çox blok-qatarın qəbul ediləcəyi gözlənilir.
“Bu ilin əvvəlindən etibarən Pekindən və Çinin Şansi, Quandoun və Çjetszyan əyalətlərindən Transxəzər marşrutu üzrə Çin-Avropa qatarları Azərbaycan üzərindən uğurla yola düşüblər. Sabah mən Çjetszyandan Bakıya gələcək Çin-Avropa yük qatarının qəbul mərasimində iştirak edəcəyəm”, - diplomat qeyd edib.
Xanım Lu Mey bildirib ki, ümumiyyətlə, ölkələrimiz praqmatik əməkdaşlıq üçün böyük potensial və perspektivlərə malikdir.
Prezident İlham Əliyevin Çin səfəri zamanı hər iki ölkənin liderlərinin əməkdaşlığın gücləndirilməsi istiqamətində dərin fikir mübadiləsi apardıqlarını xatırladan diplomat deyib: “Si Cinpin milli inkişaf strategiyalarının uzlaşdırılmasının sürətləndirilməsinin, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığın inkişaf etdirilməsinin, ticarət və investisiyaların liberallaşdırılması və sadələşdirilməsinin, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun buraxılış qabiliyyətinin davamlı artırılmasının əhəmiyyətini vurğuladı. O, həmçinin, infrastruktur, kənd təsərrüfatı və energetika kimi ənənəvi sahələrdə əməkdaşlığın genişləndirilməsinin, eyni zamanda, rəqəmsal iqtisadiyyat, "yaşıl" inkişaf və süni intellekt kimi sahələrdə yeni inkişaf nöqtələrinin formalaşdırılmasının zəruriliyini qeyd edib”.
Diplomat əlavə edib ki, təhsil, elmi-texniki, mədəni, turizm, gənclər və regionlararası əməkdaşlığın gücləndirilməsi də çox əhəmiyyətlidir. Bu, resursların toplanmasına və ikitərəfli münasibətlərin uzunmüddətli inkişafı üçün möhkəm təməlin qoyulmasına imkan yaradacaq.
“Əminliklə demək olar ki, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığı geniş perspektivlərə və təsirli imkanlara malikdir. Çin tərəfi dövlət başçılarının diplomatiyasına və ali səviyyədə əldə olunmuş razılaşmalara əsaslanaraq, Azərbaycan tərəfdaşları ilə birlikdə qarşıya qoyulan vəzifələrin uğurla icrası və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bütün səyləri göstərməyə hazırdır”, - deyə səfir qeyd edib.