Çörək sexində 40 dərəcə isti: İşçilər işdən çıxır

15:28 24.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva vilayətinin Balaşixa şəhərindəki Kolomenskiy Çörək Zavodunda işçilərin istehsal sahələrində həddindən artıq isti hava səbəbindən kütləvi şəkildə istefa verdiyi iddia edilir. Mash Telegram kanalının məlumatına görə, istehsal sahələrində temperatur 40 dərəcə Selsiyə, sobaların yaxınlığında isə daha yüksəkdir.

Hafta.az yazır ki, işçilərin sözlərinə görə, müəssisədə kondisioner yoxdur və növbələr 12 saat davam edir. İddialara görə, bəzi işçilər isti istehsal sahələrində işləməkdən imtina edir və bu şəxslər fabrikin digər hissələrinə köçürülür, boş yerlər isə müxtəlif növbələrdən olan işçilər tərəfindən doldurulur.

Bildirilir ki, işçilərin təxminən 35-40 faizi yaşlılardır və isti şərait bu qrupa daha ciddi təsir göstərir. Hər növbədə 60-80 nəfərin işlədiyi və sexdə ümumilikdə təxminən 260 işçinin olduğu bildirilir.

İşçilər həmçinin iddia edirlər ki, rəhbərlik iş şəraitini yaxşılaşdırmaq əvəzinə, onlara təzyiqi artırır və bu da istefaları sürətləndirir. Orta əməkhaqqının təxminən 60 min rubl olduğu deyilsə də, Kolomenski Çörək Zavodu hələlik iddialara münasibət bildirməyib.