Çin qlobal yerləşdirmə sistemi üçün kosmosa iki peyk göndərdi

09:32 27.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən “Long March-3B” daşıyıcı raketi ilə iki “BeiDou-3” peyki kosmosa buraxılıb.

Hafta.az-ın “Sinxua” agentliyinin istinadən yazdığına görə, BeiDou şəbəkəsinin 57-ci və 58-ci hissələri olan peyklər orbital sınaqlar aparıldıqdan sonra işə salınacaq.

Buraxılış Long March raketləri ilə həyata keçirilən 504-cü uğurlu nəqliyyat missiyası idi.

Çin hökuməti ABŞ-ın GPS qlobal yerləşdirmə sistemindən hərbi asılılığını azaltmaq üçün BeiDou Peyk Yerləşdirmə Sistemini (BDS) inkişaf etdirir.

BeiDou peyk şəbəkəsi üçün ilk peyk 2000-ci ildə buraxılıb. Dörd peykdən ibarət “BDS-1” şəbəkəsinin ardınca 20 peykdən ibarət “BDS-2”, 5 peykdən ibarət “BDS-3S” və 34 peykdən ibarət “BDS-3” şəbəkələri hazırlanıb.

“BDS-4” adlı yeni nəsil peyk şəbəkəsinin 2035-ci ilə qədər sistemə əlavə edilməsi hədəflənir.