Çin səfirliyi Bakıda keçirilən Beynəlxalq Xeyriyyə Yarmarkasında iştirak edib

17:15 23.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Xarici İşlər Nazirliyi, BMT-nin ölkəmizdəki Rezident əlaqələndirici Ofisi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Xeyriyyə Yarmarkasında Çinin Bakıdakı Səfirliyi də iştirak edib.

Hafta.az-ın yazdığına görə, tədbirin açılış mərasimində iştirak edən səfir xanım Qo Min Çin stendində ölkəsinin milli məhsullarını qonaqlara təqdim edib.

Xeyriyyə yarmarkasına gələn çoxsaylı qonaqlar geniş çeşidli malların nümayiş olunduğu stendləri gəzərkən, Çin stendini xüsusi maraqla izləyiblər. Çinin Azərbaycandakı Səfirliyinin stendi milli bayrağı, qırmızı fənərlər, çin düyünləri və digər dekor əşyaları ilə əlvan şəkildə bəzədilmişdi ki, bu da azərbaycanlı qonaqların və müxtəlif ölkələrdən gələn turistlərin diqqətini cəlb edib.

Rəngarəng ipəkdən hazırlanmış mənzərə rəsmləri, möhtəşəm asma bəzəklər, panda şəklində suvenirlər, məşhur ətirli Çin çayı, eləcə də incə işlənmiş çay dəstləri, dekorativ boşqablar, yelpiklər, bloknotlar və digər məhsullar bir çox yüksək vəzifəli şəxslərin, səfirlərin, eləcə də qonaqların maraqlarına səbəb oldu və məmnuniyyətlə alındı.

Satışdan əldə edilən gəlirlə yanaşı, Çinin Azərbaycandakı Səfirliyi UNİCEF-in Azərbaycandakı layihələrini dəstəkləmək və Azərbaycanda uşaqların inkişafına töhfə vermək məqsədilə 81360 manat köçürüb. Xarici işlər naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Fərid Qayıbov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və digər vəzifəli şəxslər stendi ziyarət edərək alış-veriş edib, Çin səfirliyinin iştirakı və verdiyi ianə üçün minnətdarlıqlarını bildirdilər.