Rusiyanın təbii qazda gücünü itirdiyi Avropa bazarına alternativ olaraq gördüyü Çinə qədər uzanması planlaşdırılan “Sibirin Gücü-2” boru kəməri layihəsi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Hafta.az-ın “South China Morning Post” qəzetinə istinadən yazdığına görə, Pekinin Rusiyanın təbii qazını Çinə daşıyan "Sibirin Gücü-2" boru xətti layihəsinin davam etdirilməsinə investisiya qoymaqdan vaz keçdiyi iddia edilib.
“South China Morning Post” qəzeti Moskvadakı mənbələrə istinadən Çinin bu məsələdə Rusiyadan daha güclü mövqedə olduğunu anladığını və qazın qiymətinin endirməsini istəməyə hazırlaşdığını bildirib.
“Qazprom”un “Sibirin Gücü-1” boru kəməri ilə Çinə satdığı təbii qazın hər min kubmetrinin qiyməti 2024-cü il üçün 297,3 dollar olduğu halda, Avropa ölkələri və Türkiyə üçün bu rəqəm 501,6 dollar təşkil edir.
Gələn il Rusiya büdcəsində Çin üçün nəzərdə tutulan təbii qaz endiriminin 46 faizə yüksələcəyi, min kubmetrin orta qiymətinin isə 271,6 dollara enəcəyi gözlənilir. Türkiyə və Avropa ölkələri üçün bu qiymətin 481,7 dollar olacağı proqnozlaşdırılır.
Buna baxmayaraq, Çinin Rusiyadan daha çox endirim əldə etməyə çalışdığı və “Sibirin Gücü-2” xəttinə investisiyanın davam etdirilməsi üçün heç bir risk və əlavə xərclərin olmayacağına əmin olmaq istədiyi bildirilir.