“Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşdır” – LU MEY

20:00 29.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 98-ci ildönümü qeyd olunub.

Hafta.az-ın yazdığına görə, Azərbaycan rəsmi elitasının və diplmatik krpusun, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Çinin dövlət himnləri səsləndirilib.

Çıxış edən Çinin ölkəmizdəki səfiri xanım Lu Mey bildirib ki, bu il Çin Xalq Azadlıq Ordusunun yaranmasının 98-ci, Çin xalqının Yaponiya təcavüzünə qarşı müharibədə və Dünya Antifaşist müharibəsində Qələbəsinin 80-ci ildönümü qeyd olunur.

Xanım diplomat qeyd edib ki, 1927-ci ildə yaradıldığı gündən bəri Çin Xalq Azadlıq Ordusu ölkənin milli suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini və inkişafını qorumağa sadiqdir. Eyni zamanda, Çin Xalq Azadlıq Ordusu dünyada sülhün tərəfdarı kimi qlobal sabitliyə mühüm töhfələr verir.

“Ordumuz BMT-nin sülhməramlı əməliyyatlarında, beynəlxalq humanitar yardımlarda, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında və dəniz quldurluğuna qarşı əməliyyatlarda fəal iştirak edir. Beləliklə, beynəlxalq ictimaiyyətdə sülhün, ədalətin və sivilizasiyanın avanqardı kimi tanınıb. Çin qəti şəkildə inanır ki, sülh və inkişaf bütün xalqların ortaq arzularıdır. Biz dinc inkişaf yoluna sadiq qalırıq, milli müdafiə siyasətini davam etdiririk, fikir ayrılıqlarını dialoq və əməkdaşlıq yolu ilə həll etməyə çalışırıq” deyən səfir Lu Mey bildirib ki, bu yanaşma Çinin sosialist təbiətindən, müstəqil və sülhsevər xarici siyasətindən, həmçinin harmoniya dəyərlərini yüksək tutan mədəni ənənələrindən irəli gəlir. Nun sözlərinə görə, sədr Si Cinpin bəşəriyyət üçün ortaq gələcək icmasının qurulması konsepsiyasını irəli sürərək, bəşəriyyətin ümumi problemlərinin həlli üçün yeni yollar təklif edib və daha yaxşı dünya üçün yol xəritəsi cızıb – uzunmüddətli sülh, ümumi təhlükəsizlik və ortaq rifah dünyası.

“Sədr Si Cinpin, həmçinin Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb ki, bu da ortaq gələcək icması vizyonunun həyata keçirilməsinə yönəlib. Xüsusilə, Qlobal Təhlükəsizlik Təşəbbüsü ümumi, hərtərəfli, əməkdaşlığa əsaslanan və dayanıqlı təhlükəsizlik konsepsiyasını müdafiə edir və bu, beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tanınıb və dəstəklənib”, - deyə Lu Mey diqqətə çatdırıb.

Xanım səfir Çin xalqının Yaponiya təcavüzünə qarşı müharibədə və Dünya Antifaşist müharibəsində Qələbəsinin 80-ci ildönümü ilə bağlı da danışıb. O bildirib ki, sentyabrın 3-də Çində bu əlamətdar gün münasibətilə anım mərasimi və hərbi parad keçiriləcək: “Sədr Si Cinpin bu yubiley münasibətilə mühüm çıxış edəcək. 80 il əvvəl Çin xalqı Yaponiya təcavüzünə qarşı müharibədə böyük qələbə qazanaraq dünya antifaşist müharibəsində ümumi qələbəyə mühüm töhfə verib. Çin Xalq Azadlıq Ordusu həmin qələbədə həlledici rol oynayıb”.

Diplmat qeyd edib ki, bu gün, artıq səkkiz onillik sonra dünya hələ də ciddi çağırışlarla üz-üzədir. Hegemonluq və güc siyasəti dünya üçün ciddi təhlükələr yaradır. Biz tarixin dərslərindən öyrənməli, II Dünya müharibəsinin ağır nəticələrindən və antifaşist müharibəsinin böyük qələbəsindən hikmət və güc toplamalı, bütün növ güc siyasətinə qətiyyətlə qarşı çıxmalı və bəşəriyyət üçün dinc, təhlükəsiz gələcək qurmaq üçün birgə çalışmalıyıq. Bu il həm də Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80-ci ildönümüdür.

Səfir Lu Mey deyib ki, BMT-nin yaradılmasında məqsəd II Dünya müharibəsində əldə edilmiş qələbəni qorumaq və ən əsası, gələcək müharibələrin qarşısını almaq idi. “Biz BMT-ni mərkəzə alan beynəlxalq sistemi və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan beynəlxalq qaydaları qətiyyətlə müdafiə etməliyik”, - deyə xanım diplmat əlavə edib.

Səfir Lu Mey ölkəsinin Azərbaycanla əlaqələrindən də söz açıb. Çin və Azərbaycanın yaxşı dost və etibarlı tərəfdaş olduğunu diqqətə çatdıran diplomat deyib ki, iki ölkə arasında diplomatik münasibətlər qurulduğu 33 il ərzində əlaqələr sağlam və sabit inkişaf edib, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq ölkələrin inkişaf və dirçəlişinə güclü təkan verib və xalqlarımıza real faydalar gətirib: “Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə üçüncü dövlət səfəri zamanı Sədr Si Cinpin və Azərbaycan lideri iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin yaradılması barədə Birgə Bəyanat imzalayıblar. Bu, Çin-Azərbaycan əlaqələrində yeni tarixi mərhələ açıb. Çin dövlət başçılarımızın əldə etdiyi mühüm razılaşmaların həyata keçirilməsi və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycanla birgə işləməyə hazırdır”.

Sonra Çinin ölkəmizdəki hərbi attaşesi, polkovnik Sun Cun bildirib ki, bu günədək Azərbaycanla Çin arasında hərbi əlaqələr ardıcıl olaraq möhkəmlənib: “Biz yüksəksəviyyəli mübadilə, hərbi-texniki əməkdaşlıq, o cümlədən hərbi kadrların hazırlanması, təhsili sahələrində bir sıra əməli və səmərəli tədbirlər keçirmişik. Bu əməkdaşlıq təkcə hərbi qulluqçularımızın peşəkarlıq səviyyəsini yüksəltməyib, həm də Çin və Azərbaycan silahlı qüvvələri arasında qarşılıqlı anlaşma və etimadı dərinləşdirib”.

Sun Cun Azərbaycanla Çin arasında münasibətlərin müsbət istiqamətdə inkişafında dövlət başçılarının xüsusi rolunu diqqətə çatdırıb.

Diplomat bildirib ki, Çin və Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlıq xalqlarımıza fayda verəcək: "Ölkələrimiz arasında beynəlxalq və regional əməkdaşlıq daha da inkişaf edir. Əminik ki, Sədr Si Cinpin və Prezident İlham Əliyevin güclü rəhbərlikləri altında iki ölkə silahlı qüvvələrinin birgə səyləri ilə hər iki tərəf dialoq, strateji məsləhətləşmələr və praktik əməkdaşlıqda daha səmərəli nəticələr əldə edəcək. Çin və Azərbaycan silahlı qüvvələri arasında dostluq və əməkdaşlığı daha da dərinləşdirmək hər iki dövlətin maraqlarına tam uyğundur və şübhəsiz ki, xalqlarımıza fayda verəcək".

Ümumiyyətlə, Azərbaycan oxucusu olaraq Çin Xalq Azadlıq Ordusu haqda nə bilirik? Gəlin Çin ordfusu haqda bəzi maraqlı məlumatlara məlumatlara birlikdə nəzər salaq:

Çin Ordusu 1 avqust 1927-ci ildə general Cu Qenin başçılığı altında kommunistlər Nançanda Homindana üsyan qaldırdı. Bu tarix çinlilər tərəfindən milli-azadlıq ordusunun yaranması kimi qəbul edilir.

1949-cu ildə Çin Xalq Respublikası elan edildikdən sonra silahlı qüvvələr rəsmən Xalq Azadlıq Ordusu adlanmağa başladı. Bu ordu hərbçi sayına görə dünyanın ən böyük ordusudur.

Kişilər üçün hərbi xidmətə çağırış 18 yaş müəyyən edilib. Hərbi xidmət müddəti 2 ildir. Amma vətəndaşlar Könüllülər Qanuna əsasən 49 yaşa qədər xidmət edə bilər. 50 yaşa qədər olan kişilər ehtiyat qüvvə hesab olunur. Müharibə dövründə 350 milyon insan silahlanmağa qadirdir. Orduya çağırışçı ehtiyatlarının həddən artıq çox olması, çağırışçıları seçim əsnasında aparılmasına imkan verilir, bu da hərbi rəhbərliyə ən yaxşıları ilə, yəni, daha yüksək keyfiyyətlərə malik olanlarla müqavilə bağlamağa şərait yaradır. Xidməti müqavilə, 3 ildən 30 ilə kimi bağlana bilər. Hərbi xidmət müddəti, 18–35 yaş arası müəyyən edilib. Əsgərliyə çağırılmayanlar ordunun ehtiyat qüvvəsi hesab olunur və xalq milis ordusunda qeydiyyata alınır, hansı ki, onların ümumi sayı 36,5 milyon nəfərdir. Onlar Xalq Azadlıq Ordusunun tərkibində təşkil olunmuş, partizan hərəkatının döyüşə hazır ehtiyat qüvvəsi hesab edilir.

Hazırda Çin ordusunun sayı təxminən 2,3 milyon nəfərdir. Çin Xalq Azadlıq Ordusunda hərbçilərin sayının yaxın 2–3 il ərzində 700 min nəfər azaldılması düşünülür. Şəxsi heyətin sayının azaldılması, ordunun daha müasir və çevik inkişafı üçün aparılan islahat çərçivəsində həyata keçiriləcək. Çin eyni zamanda Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin sayını artırmağa hazırlaşır. Bəzi məlumatlara görə bu qoşun növlərinə ali təhsilli şəxsləri cəlb edəcəklər.

Ekspertlər bildirir ki, 2002-ci ildən bəri Çin öz texnologiyalarını sürətlə inkşaf etdirməkdədir, hətta bəzi göstəricilərinə görə Rusiyanı qabaqlayır. Çinin hərbi büdcəsi son 20 il ərzində ardıcıl olaraq hər il artıb və nəticədə hazırda bu ölkə müdafiə büdcəsinin həcminə görə dünyada ABŞ-dən sonra 2-ci yerə çıxıb.

Rəsmi Pekin hamını əmin edir ki, qlobal hərbi liderliyə can atmır və hərbi büdcənin artırılması Xalq Azadlıq Ordusunun qarşısında dayanan cari məsələləri həll etmək istəyilə bağlıdır. Çinin hərbi sənayesi, hərbi təyyarədaşıyan gəmi, stels texnologiyalı gözəgörünməz hərbi təyyarələrin, kosmosdakı peykləri vura bilən raketlərin istehsalı kimi istiqamətləri əhatə edir.