Çinin ən varlı iş adamı Zhong Şansan "kifayət qədər vətənpərvər" olmadığı üçün tənqid edilib.
Hafta.az-ın “Fortune”yə istinadən yazdığına görə, Çinin ən böyük içki şirkəti olan Nongfu Spring-in sahibi Zhong ölkədə Twitter-in ekvivalenti olaraq istifadə edilən Weibo-da millətçi qrupların hədəfinə çevrilib.
CNN, tənqidlərin Nongfu Spring-in ən böyük rəqiblərindən olan içki firması Wahaha Group-un qurucusu Zonq Qinqhounun ölümündən sonra başladığını yazıb.
Fevralda 79 yaşında vəfat edən Zonq, Fransada yerləşən “Danone” şirkəti ilə ortaqlığına görə məhkəməyə verilib və o, 2009-cu ildə davanı qazanaraq şirkətin səhmlərini satın alıb. Bundan sonra o, 2012-ci ildə 20,1 milyard dollarlıq sərvətlə Çinin ən zəngin adamı olub və ölkədəki millətçi seqmentin dəstəyini qazanıb.
Bəzi sosial media istifadəçiləri iki iş adamı arasında müqayisələr apararaq Zhonga qarşı təhqiramiz yazılar yazıblar.
Weibo istifadəçisi 69 yaşlı iş adamının oğlu Zhong Şuzinin ABŞ pasportuna sahib olduğuna diqqət çəkərək yazıb: "O, atasının böyük sərvətlərini miras alacaq. Bununla belə, Çinin gələcək ən varlı adamı olacaq bu şəxs Amerika vətəndaşıdır. Bu inanılmaz bir şeydir”.
Nongfu Spring-in əsas səhmdarları arasında ABŞ-da yerləşən Vanguard və BlackRock investisiya firmaları kimi şirkətlər var.
Başqa bir Weibo istifadəçisi isə bu vəziyyətə diqqət çəkərək, "Zhongun oğlu nəticədə Amerika vətəndaşı olaraq şirkəti qurdu. Ancaq bir çinli olaraq yalnız öz milli brendlərimizi dəstəkləyirəm" deyib.
Digər tərəfdən sosial mediada Nongfu-nun məhsullarına qarşı başladılan boykot təşəbbüsü də təsirli olub. CNN-in məlumatına görə, fevralın əvvəlindən şirkətin səhmləri 5 faiz ucuzlaşıb. Bunun şirkətə 3 milyard dollara başa gəldiyi bildirilir. Bloomberg Billionaires Index-in məlumatına görə, Zhongun şəxsi sərvəti martın əvvəlindən 2 milyard dollar azalıb. İş adamının aktivləri 64,5 milyard dollardır.
Xəbərdə Zhonga qarşı tənqidlərin Pekin administrasiyasının iqtisadi inkişafı gücləndirmək məqsədilə özəl şirkətləri dəstəkləmək üçün siyasət yürütdüyü bir vaxta təsadüf etdiyi də qeyd olunub.
Çin Kommunist Partiyasının Ciciang əyalətindəki “Ciciang Daily” qəzetində dərc olunan təhlildə özəl şirkətlər haqqında mənfi yazıların dayandırılması tələb olunub.
Ciciang Maliyyə və İqtisadiyyat Universitetinin akademiki Vey Ciang tərəfindən yazılmış məqalədə "Özəl şirkətlər görünməmiş problemlərlə üzləşirlər. İndi biz onları daha da qorumalıyıq" deyilib.