Çin zənginləri ölkənin “iqtisadi və siyasi gələcəyindən narahat olaraq” investisiyalarını tədricən xaricə köçürməkdədirlər.
Hafta.az-ın “The New York Times”a istinadən yazdığına görə, Yaponiyada yerləşən onlayn daşınmaz əmlak platforması “Shenjumiaosuan”ın meneceri Zhao Jie bildirib ki, paytaxt Tokioda dəyəri 3 milyon dollar və ya daha çox olan dəbdəbəli mənzillərin əksəriyyətini zəngin çinlilər alır.
İnvestorların bu məbləğləri “nağd pulla dolu çamadanlarla” ödədiklərini ifadə edən Jie, pandemiyadan əvvəlki dövrdə çinlilərin ümumilikdə 300 min dollar və daha aşağı qiymətə studiya mənzillərə üstünlük verdiyinə diqqət çəkib.
“The New York Times”ın paylaşdığı rəqəmlərə görə, Çindəki zəngin ailələr və özəl sektor şirkətləri bu il hər ay xaricə təxminən 50 milyard dollar sərmayə qoyub.
Digər tərəfdən xəbərdə Pekin rəhbərliyinin xaricdə otel və ya ofis binası alınması kimi sərmayələrə icazə vermədiyi, bu səbəbdən zənginlərin müxtəlif üsullarla xarici ölkələrə pul köçürdüyü bildirilib. Bu üsullardan biri də külçə qızıl alıb xaricə göndərməkdir. Xəbərdə külçə qızıla tələbatın artması ilə əlaqədar Çində banklar arasında qızıl satış rəqabətinin başladığı da qeyd edilib.
İstifadə olunan digər üsul Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsindəki banklarda hesablar açmaq və onlar vasitəsilə xaricdə müxtəlif sığorta məhsullarına investisiya qoymaqdır. Honq Konq administrasiyasının məlumatlarına görə, bu ilin birinci yarısında 2019-cu ilin eyni dövrü ilə müqayisədə materik Çindən olan investorlara satılan sığorta hissələrində 21,3 faiz artım olub.
Digər tərəfdən, ekspertlər Çindən xaricə sürətli pul axınının ölkənin 17 trilyon dollarlıq iqtisadiyyatı üçün yaxın perspektivdə risk yaratmadığını bildiriblər.
Çində yerləşən Hang Seng Bankın baş iqtisadçısı Vang Dan ölkədən çıxan pulların dövlət üçün “yaxşı idarə oluna bilən səviyyədə” olduğunu deyib.
Bununla belə, “The New York Times” mütəmadi pul axınının davam etməsinin Çində uzunmüddətli perspektivdə maliyyə problemlərinə səbəb ola biləcəyinə diqqət çəkib.
Xəbərdə 2015-ci ildə Çində birjanın çökməsindən sonra ölkədən külli miqdarda pul çıxarıldığı, Çin Mərkəzi Bankının valyuta ehtiyatlarından hər ay 100 milyard dollara yaxın vəsait xərclədiyi xatırladılıb.
Xatırladaq ki, sentyabrda yuan ABŞ dolları qarşısında son 16 ilin ən aşağı səviyyəsinə düşüb.