COVID-19 pasportu, peyvənd və mərasimlərlə əlaqədar əhali arasında sorğu aparılıb

11:52 02.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bu ilin əvvəllərindən etibarən tətbiq edilən bir sıra məhdudiyyətlərin sayı azaldılır. Aradan qaldırılan məhdudiyyətlərdən biri də ölkəmizdə müəyyən şərtlər daxilində şənlik mərasimlərinin bərpa edilməsinə icazə verilməsidir. Sosial Tədqiqatlar Mərkəzi bu məsələlərlə əlaqədar vətəndaşlar arasında sorğu keçirib.

Mərkəzin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə edərək 1072 respondentin rəyini öyrənib. Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilən regionlar sorğuda əhatə edilməyib. Rəyi soruşulanların 49 faizi kişi, 51 faizi qadınlardan ibarət olub. Yaş cəhətdən 37-54 yaş qrupunda olanlar iştirakçılar arşında nisbətən üstünlük təşkil edir.

Sorğuda vaksinasiyaya dair suallarla yanaşı, COVID-19 pasportuna münasibət haqqında mövqe öyrənilib. Sorğuda iştirak edənlərin 57 faizi ən azı bir doza peyvənd qəbul edib. Peyvənd olunmayan 43 faiz respondentin vaksin olunmamaqla əlaqədar ifadə etdiyi səbəblər isə müxtəlifdir.

Bununla yanaşı, sorğunun keçirildiyi müddətdəki qanunvericiliyə əsasən, ölkəmizdə idman zalları istisna olmaqla, heç bir xidmətin istifadəsində vətəndaşlardan COVID-19 pasportu tələb edilmirdi. Qeyd edək ki, bu il sentyabrın 1-dən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan, eləcə də yaşı 18-dən yuxarı olan bütün şəxslər bir sıra qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.

Sorğuda iştirak edənlərin üçdə bir hissəsi idman zallarından istifadə olunmasında COVID-19 pasportunun tələb edilməsini adekvat hesab edir. Sorğu iştirakçılarının 57 faizi ölkə xaricinə səyahət etməyə adekvat münasibət bəsləsə də, rəyi soruşulanların 28 faizi həmin pasportun heç bir halda tələb edilməsini adekvat hesab etmir. İşsiz respondentlər arasında həmin mövqe daha geniş yayılıb, onların 38 faizi bu fikirdə olduğunu ifadə edib.

Bu ilin arxada qalan altı ayının vətəndaşlar üçün necə keçdiyi də öyrənilib. Respondentlərin 63 faizi üçün ötən yarım il bu və ya digər dərəcədə uğurlu, demək olar ki, 33 faizi üçün isə uğursuz olub.

Bu il iyunun 22-də Nazirlər Kabineti yanında Operativ Qərargah şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. Rəyi öyrənilənlərin 69 faizinin həmin qərara münasibəti əsasən müsbət olsa da, 13 faizi bu qərarla razı deyil.

Toyların keçirilməsi şərtlərinə dair mövcud qaydalardan respondentlərin 36 faizi “tam razı”, 35 faizi isə “əsasən razı” olduğunu bildirib. Əhalinin əsaslı hissəsinin həmin qərara müsbət münasibətini bir neçə amillə – həmin qaydaların toy təşkilatçıları və iştirakçıların sağlamlıqlarının qorunmasına xidmət etməsi, toylarda bir sıra olan adət-ənənələrin qoruyub-saxlanılmasına imkan verməsi və yeni ailə qurulmasına mane olan səbəblərdən biri olan karantin məhdudiyyətinin qüvvədən düşməsi ilə əlaqələndirmək olar.

Respondentlərin 48 faizi həmin mərasimlərdə iştirak zamanı COVID-19-a yoluxmaqdan ehtiyat etmir. Qadınların 62, kişilərin 38 faizi bundan müxtəlif dərəcələrdə ehtiyat edir. Yaş artdıqca qorxu nisbətən artır.

Maraqlıdır ki, hər dörd nəfərdən biri dəvət edildiyi təqdirdə toyda iştirak etməyəcəyini bildirib ki, bunun da əsas səbəbi kimi COVID-19-a yoluxmaq təhlükəsi ilə əlaqələndirib. Respondentlərin 12 faizi maddi çətinliklərlə əlaqədar olaraq toyda iştirak etmək istəmədiyini deyib. Dəvət edildiyi təqdirdə, toyda iştirak etməyəcəyini bildirənlər daha çox təqaüdçülər arasında yayılıb. Toyda iştirak etmək ehtimalının aşağı olduğunu deyən respondentlərin 17 faizi, ehtimalın heç olmadığını deyən respondentlərin isə təxminən yarısı virusa yoluxmaqdan çox və ya qismən çəkindiyini bildirib. Mərasimlərdə virusa yoluxmaqdan heç qorxmadığını deyənlərin 62.6 faizi toyda iştirak etmək ehtimalının olduqca yüksək olduğunu deyib.

Toy və yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaların qüvvədə olduğu dövrdə tez-tez müzakirə edilən məsələlərdən biri də mərasimlərin keçirilməsi bərpa olunduğu təqdirdə, həmin tədbirlərin fərqli üslubda keçirilib-keçirilməyəcəyi idi. Rəyi öyrənilənlər arasında bu məsələyə dair fikir ayrılığı müşahidə edilib. Belə ki, 36 və 37 faiz respondent müvafiq olaraq toy və yas mərasimlərinin əvvəlki qaydada keçiriləcəyi, 45 və 55 faiz respondent isə daha sadə təşkil ediləcəyi qənaətini bölüşüb.

Oxunma sayı 719
Gündəm rubrikasından digər xəbərlər