Son 6 ayda Covid-19 ilə bağlı 8000 kubmetr tibbi tullantı daşınıb. Bu sözləri hafta.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib. Əlavə edib ki, ümumilikdə tibbi tullantılar 4 - "A", "B", "C", "D" kateqoriyalarına bölünür. Ən təhlükəli olanları "B" və "C" kateqoriyalarında sinifləndirilir:
“Onların da zərərsizləşdirilməsi xüsusi nəzarət altında aparılır. Tibb müəssisələrində formalaşan tullantılar ətrafdan təcrid edilmiş xüsusi maşınlar vasitəsilə daşınaraq, lisenziyalı şirkətlərin bu iş üçün nəzərdə tutulmuş sobalarında yandırılır. Tullantılar 1000-1200 dərəcə temperaturda zərərsizləşdirilir. Əmələ gələn kül isə xüsusi hücrələrdə basdırılır”.
Qurum rəsmisi son zamanlarda bu tipli şirkətlərin sayının artırılmasına xüsusi önəm verildiyini də vurğulayıb:
“Təqribi 7-8 şirkət tullantıların daşınması və zərərsizdirilməsini həyata keçirir. Əhalinin sayı nəzərə alınaraq tibbi tullantıların məhvi üçün nəzərdə tutulan müəsisələr daha çox Bakı və Abşeron yarımadasında mövcuddur”.
Sonda isə R.Bağırov tibbi tullantıların təhlükəliliyi nəzərə alınaraq onların elə tibb müəssisələrinin daxilində çeşidləndiyini bildirdi: “Tibb ocaqlarına yerləşdirilmiş qabların rəngləri, tullantının təhlükə dərəcəsinə uyğun olaraq ayrılıb. Beləcə hər bir tullantı tibb müəssisədində çeşidlənmiş olur”.