“Qərbin ölkəmizə qarşı siyasi təzyiq cəhdləri davam etdirildiyi bir gündə İslam dünyası qucaq açaraq Qahirədə keçirlən (D8) İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycanı bu təşkilata üzvlüyə qəbul edilməsi çox əlamətdar hadisədir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünki iclasında deputat Azər Badamov bildirib.
A.Badamov qeyd edib ki, dünya müsəlmanlarının 60%-ni, yəni 1,1 milyard insan olmaqla dünya əhalisinin 15%-ni birləşdirən 4 trilyon dollar ÜDM-ə malik bu təşkilata üzvlüyümüz Azərbaycana yeni imkanlar qazandıracaqdır.
“Azərbaycan bu təşkilata üzv olmaqla islam həmrəyliyinin möhkəmlənməsinə, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcəkdir. D8-ə üzv olmaq, Azərbaycanın iqtisadi və strateji maraqlarına uyğun bir platforma təmin edəcək və ölkəmizin beynəlxalq aləmdə daha geniş bir təsir dairəsinə sahib olmasına imkan yaradacaqdır”.
Deputat o cümlədən bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan beynəlxalq siyasi kurs ölkəmizin nüfuzunu günü-gündən artırır və aparıcı beynəlxalq təşkilatlarda təmsilçiliyimizi genişləndirməklə dünyada baş verən proseslərdə iştirakımızla töhfələr verməyimizi davam etdirir.