“Demoqrafik vəziyyəti yaxşılaşdırmaq tək pulla mümkün deyil”

10:45 30.11.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada əhalinin qocalması və nəticədə azalma prosesinin sürətlənməsi prezident Vladimir Putinin də gündəliyindədir.

Hafta.az-ın yazdığına görə, Putin Ümumdünya Rusiya Xalq Şurasının (VRNS) 25-ci Konqresindəki çıxışında bildirib ki, Rusiyada demoqrafik vəziyyəti yalnız pul, sosial ödənişlər və imtiyazlı proqramların köməyi ilə yaxşılaşdırmaq mümkün deyil.

O qeyd edib ki, demoqrafik problemləri aradan qaldırmaq üçün insanın “güclü mənəvi dəstəyi” və “həyat qaydaları” olmalıdır.

Putinin fikrincə, çoxuşaqlı olmağın “bütün Rusiya xalqı üçün yeni həyat tərzinə” çevrilməsi lazımdır. Eyni zamanda, ailə təkcə “dövlətin əsası” deyil, həm də “mənəvi fenomen” və “əxlaqın mənbəyi” olmalıdır.

Putin deyib ki, dövlətin ailələrə göstərdiyi yardım təkcə ailəyə, anaya və uşağa dəstək olmamalı, dövlətin istisnasız olaraq bütün sahələrində - iqtisadi, sosial, infrastruktur siyasətində, təhsil və səhiyyə müstəvisində görülən işləri əhatə etməlidir.

BMT-nin hesablamalarına görə, yaxın 100 ildə Rusiyanın əhalisi 112 milyon nəfərədək azala bilər.

Rus alimlər hesab edirlər ki, Rusiya əhalisinin kritik azalmasının qarşısını ümumi doğum əmsalını hər bir ailəyə indiki 1,50 uşaqdan 2,15-ə çatdırmaqla almaq olar.

VTsİOM-un məlumatına görə, ruslar çoxuşaqlı olmağın əleyhinə deyillər: 18-45 yaşlı rus qadınların 39 faizi iki uşaq, 28 faizi üç uşaq, 9 faizi isə dörd və daha çox uşaq dünyaya gətirmək istəyir. Ancaq mövcud siyasi və iqtisadi vəziyyət onları çoxuşaqlı olmaqdan çəkindirir.

Oxunma sayı 235