İsti yay ayı işi olan, çalışan insanların istirahət etməsi üçün ən münbit fəsil hesab edilir. Bu zaman təkcə fiziki, zehni iş yorğunluğundan kənarlaşmaq deyil, eyni zamanda, sosiallaşmaq, münasibətlərin qurulması, yeni əməkdaşlıqlar üçün əlavə fürsətlər əldə edilir. Qısamüddətli asudə həyat işləyən insanın sağlamlığına və psixologiyasına, dünyaya baxışlarına müsbət təsir göstərən amil, düşünmək üçün vaxt imkanıdır. İş fəaliyyətinə ara vermək, dincəlmək onun həm biloji, həm də əmək qanunu ilə nizamlanan haqlarındadır. İşsizliyin yarada biləcəyi fəsadları bir kənara qoyub, “Yay tətilində pul tapıb, ailəsi ilə dincəlməyə gedə bilənlərin üzləşdikləri qayğılar tamamilə başqadır”, – desək yanılmarıq. İş insanın cövhəridirsə, bəs istirahət nədir? Bütün hallarda işdən sonra bir qədər asudə vaxt keçirib, zəhmətinlə qazandığın pulu xərcləməyin başqa bir zövqü var. Hər kəs bu zövqü yaşaya bilirmi?
Bir çox hallarda cəmiyyətdə ictimaiyyət arasında belə bir fikir formalaşıb, daha doğrusu, tez-tez rast gəlinən gileylərdən biri istirahət yerlərində qiymətlərin baha olmasıdır. Çoxları bu üzdən evindən kənara çıxmaq istəmir. Yəni, hər kəs istədiyi yerdə, istədiyi şəkildə istirahətini qurmaq imkanına malik deyil.
Maraqlıdır, deputatlar normal istirahət mərkəzlərində olan qiymətlərdən razıdırlarmı? Onlar aldıqları maaşla gedib o yerlərdə istirahət edə bilirlərmi? Qiymətlər onları qane edirmi? Necə hesab edirlər, sadə vətəndaşın da normal istirahət edə bilməsi üçün hansı addımlar atılmalıdır?
Deputat Ceyhun Məmmədov deyir ki, bir çox istirahət məkanında qiymətlərin ucuz, yaxud baha olması yerləşdiyi ərazidən, yerdən asılıdır.

Onun fikrincə, forma və yerinə görə müxtəlif olan istirahət yerlərində qiymətlər fərqlidir və hər kəs ondan istifadə edə bilmir. Çox insan hansı yer ucuzdursa, ora gedir.
Deputat qeyd edir ki, məsələnin tənzimlənməsi üçün işləyən sadə vətəndaşlar Həmkarlar İttifaqı ilə əməkdaşlıq etməlidirlər. Onun sözlərinə görə, Həmkarlar İttifaqına pul ödəyən çoxlu sayda insanımız var ki, həmin qurum vasitəsilə istirahət yerlərinə gedib orada dincələ, asudə vaxtlarını keçirə bilirlər:
“Ümumən, bəzi istirahət yerlərində qiymətlər çox yüksəkdir və həmin ödənişlərin tənzimlənməsinə ehtiyac var. Bu cür müzakirlər çox gedir və bir sıra vətəndaşlar narazılıqlarını bildirirlər. Burada müəyyən norma və tənzimləmələrin həyata keçirilməsinə ehtiyac var. Elə edilməlidir ki, insanlar bu cür yerlərdə özlərini sığortalaya bilsinlər, çətinliklər yaşamasınlar. Hesab edirəm, Həmkarlar İttifaqı ilə əməkdaşlıq və digər yöndə atılan addımlarla məsələnin tənzimlənməsi az da olsa mümkündür”.
Deputat Razi Nurullayev dincəlmək üçün müəyyən vəsaitin tələb olunduğunu istisna etməyib.

Onun fikrincə, işləyən insanlar bu və ya digər şəkildə istirahətə gedə bilirlər. Deputat özünün istirahətlə bağlı təcrübəsini bölüşüb və hər kəsə bunu tövsiyə edib:
“Mən Həmkarların üzvü olduğuma və ora pul ödədiyimə görə, həmin müəssisədən istirahətə getmək üçün mənə göndəriş verirlər. O göndərişə, əsasən, istirahətə 15 faz pul ödəyirəm. Bu da çox az məbləğ edir. Deyim ki, ayrıca öz hesabıma istirahətə getməmişəm. Həmkarların xətti ilə getmişəm. Təbii ki, öz xətti ilə gedənlər müəyyən məbləğ xərcləyirlər. Bu barədə bir söz deyə bilmərəm. Öz təcrübəmdən çıxış edərək hesab edirəm ki, iş prosesində Həmkarlara pul ödəmək lazımdır. Bu il ərzində 100 manata gəlib çıxır. Təbii ki, 100 manat verib 5-6 minlik istirahət mərkəzində 15 gün dincəlməyə dəyər. Bir çox insanlar ayda Həmkarlara 5-10 manat ödəmək istəmirlər. Əgər ödəsələr, sonra onlar da Həmkarların təqdim etdiyi o güzəştlərdən istifadə edə bilərlər”.
R.Nurullayev Həmkarlar İttifaqının rəsmi nümayəndəsinin çıxışına əsasən bildirir ki, bu təşkilatın 1 milyon 300 min abunəçisi var. İldə də 80-100 min nəfərə “putyovka” verirlər. Deputat bildirir ki, aldığı əməkhaqqı ilə normal istirahət edə bilər:
“İstər kasıb, istər varlı, istər vəzifəli, istər adi vətəndaş olsun, hər birinin yaşayış tərzi, özü boyda problemi var. Yəni qayğılar, problemlər vəzifəli, yaxud vəzifəsizliyə görə deyil. “Əməkhaqqımı cibimə qoyub, gedim istirahət edim” – adlanan tərzim yoxdur”.
“İstirahət üçün mütləq çoxlu pul xərclənməlidir” düşüncəsindən azad olmalıyıq”
Deputat Məlahət İbrahimqızı “tətil zamanı istirahətə getmək” anlamına tamamilə başqa rakusdan yanaşıb.

O, hesab edir ki, maliyyə imkanlarından asılı olmayaraq hər kəs öz istirahətini səmərəli və gözəl qura bilər. Onun fikrincə, bu mənada istirahət yerlərində qiymətlərin bahalı olması, sadə vətəndaşların həmin məkanlardan istifadə edə bilməməsini o dərəcədə şişirtməyə ehtiyac yoxdur.
Millət vəkili bildirib ki, tətil başlasa da, özü heç yerə getməyib, evində istirahət edir. O, Bakıdan kənara çıxmağı planlaşdırmasa da, hesab edir ki, deputatın aldığı maaş onun müəyyən istirahət mərkəzlərində istirahət etməsinə kifayət qədər imkan verir. Onun fikrincə, sadə vətəndaşın istirahət yerlərindən istifadə etməsinə və maaşının buna uyğun olub-olmamasına da fərqli yanaşmaq lazımdır:
“Elə istirahət növləri var ki, heç orda pul xərclənmir. Elə istirahət yerləri də var ki, ora getməyə deputat yox ey, heç biznesmenin də gücü çatmır. Yəni xərclər insanların istirahəti harda, necə qurmağından asılıdır. Kimsə Şeysel adalarında və ya Maldivlərdə dincəlmək istəsə, əlbəttə onun xərci çox böyük olacaq. İstirahət edərkən vacib deyil ki, böyük pul xərclənsin. İnsan öz evində də istirahətini gözəl qura bilər. Hətta istənilən insan, eləcə də maddi imkanları məhdud olan insanlar bölgələrdə öz qohumlarının evlərində də istirahət təşkil edə bilər. Eləcə də dəniz kənarına, yaxud hansısa rayona gedib bir neçə gün istirahət edə bilər”.
M.İbrahimqızı bir çox hallarda narazılıq doğuran bahalı istirahət məkanları ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirib ki, insanların “bahalı”- dediyi o məkanlar özəldir, müəyyən sahibkarlara məxsusdur. Heç kəs onlara deyə bilməz ki, qiymətləri aşağı elə, yaxud insanlara pulsuz yer ver, xidmət göstər. Çünki, qiymətləri bazar müəyyənləşdirir.
Bununla yanaşı deputat bu gün dövlət tərəfindən salınan çox gözəl, girişi istirahəti pulsiz başa gələn məkanların, parkların olduğunu da vurğulayb:
“Məsələn, Bakıda Sea Breeze var və kimin imkanı varsa gedir. Eyni zamanda onun yanında da eyni adda xalqa açıq olan gözəl bir çimərlik yaradıblar. İnsanlar pulsuz gedib orda istirahət edə bilirlər. Yaxud, Ağ Şəhərin yanında Nizami parkı var; 100 meşədən gözəldir, pulsuzdur. İnsanlar gedib orda süfrəsini açır, piknik edir. Yaxud, Heydər Əliyev Mərkəzinun qarşısı. Bakıda 10-larla belə parklar var… İnsanlar orada da istirahətlərini qura bilirlər. Amma özəl istirahət məkanlarında qiymtlərlə bağlı heç nə demək olmur".
M.İbrahimqızı hesab edir ki, insanların asudə vaxtlarının təşkilini bu formada təbliğ etmək lazımdır. Onun fikrincə, “istirahət üçün mütləq çoxlu pul xərclənməlidir” düşüncəsindən azad olmalıyıq.
Tahirə Qafarlı