“Dil polisi” yaradılması zərurəti var - Ağasəf İmran

11:11 23.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün paytaxt küçələrində mağazaların, restoranların adları həkk olunan lövhələrə nəzər saldıqda özünü sanki Bakıda yox, hansısa xarici ölkədəki kimi hiss edirsən. Son illərdə bu «ənənə» sürətlə artmağa başlayıb. Həmçinin, xarici dildə təhsillə bağlı da cəmiyyətdə heç də birmənalı olmayan fikirlər mövcuddur. Bu kimi amillər Azərbaycan dilinin qorunmasına, inkişafına necə təsir edir? Alim Ağasəf İmranla bu mövzuda söhbətləşdik:

  - Bu gün bağça-orta məktəb-ali məktəb səviyyələrində xarici dillərdə tədris ocaqları yaradılıb və bu tendensiya getdikcə güclənməkdədir. Səbəblərini necə izah etmək olar?

- Çox şükürlər olsun, Azərbaycan Respublikası müstəqil dövlətdir və bu dövlətin rəsmi dili Azərbaycan dilidir. Bir daha şükürlər olsun ki, ərəb, fars, rus dillərinin hakim olduğu dövrlər tarixin “arxiv”ində qalıb. Hələ sovet dövründə Azərbaycan SSR-də dövlət dili Azərbaycan dili hesab edilsə də, SSRİ məkanında vahid dövlət dili kimi rus dili işlədilirdi və bu səbəbdən də, onun tətbiqi “kağız üzərində” qalmışdı və hətta, qeyri-rəsmi şəkildə sıxışdırılırdı.

Məlumdur ki, BMT-nin işlətdiyi əcnəbi beynəlxalq dillərdən biri də ingilis dilidir. Bu dildə dünyanın əksər ölkələrində qarşılıqlı münasibətlər qurmaq mümkündür və xüsusən də kompyuter texnologiyasının əsas özəyi bu dilin üzərində qurulmuşdur. Bu baxımdan dünya xalqları ilə ünsiyyət qurmaq, kompyuter-internet əlaqələri qurmaq üçün ingilis dilini bilmək, bu dildə yazıb-oxumağı bacarmaq müsbət keyfiyyət kimi dəyərləndirilə bilər və bu təqdirəlayiqdir. İngilis dilinin öyrədilməsi və tətbiqi, əsla müstəqil dövlət dilinin sıxışdırılması və ya məhdudlaşdırılması hesabına olmamalıdır.

- Belə bir mühitdə “bağça-məktəb-universitet” ardıcıllığı ilə əcnəbi dildə təhsil qurmaq hansı “təhlükəni” doğurur?

 - Hesab edirəm ki, hər bir müstəqil dövlətin təhsil sistemi, o dövlətin xalqına xidmət etmək istiqamətində qurulmalıdır və yalnız dövlət dilində aparılmalıdır.  Bu, dövlətçilik, vətənpərvərlik və xalqın ruhuna yaxınlıq kimi dəyərləndirilməli və tətbiq olunmalıdır.

 Son illərdə ingilis və rus dillərində tədris aparan universitetlər, fakültələr, qruplar və s. genişlənməkdədir. Həm də bu tendensiyanın sürətləndirilməsi və hansısa qüvvələr tərəfindən dəstəklənməsi narahatlıq doğurur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə görəAzərbaycanda dövlət dili Azərbaycan dilidir. Bu qanuna əsasən tədris və kargüzarlıq işləri mütləq dövlət dilində aparılmalıdır. Nə ingilis dili, nə də rus dili Azərbaycanın dövlət dili kimi elan olunmayıb və bu dillərdə tədrisin təşkili Konstitusiyanın pozulması kimi qiymətləndirilməlidir. Axı dövlət dili dövlətin və xalqın mövcudluğunun ən vacib atributlarından biri, bəlkə də  birincisidir. Əgər xalq və dil varsa, üçüncü vacib şərt ərazidir. Çox şükürlər olsun, bunların hər üçü varımızdır və Azərbaycan bir dövlət olaraq BMT tərəfindən təsbit olunmuşdur. Müharibə, satqınlıq, biganəlik, hiyləgərlik və qərəzkarlıq səbəblərindən ərazimizin bir qismini itirmişik. Bəs hansı səbəblərdən dilimizi də itirməklə məşğul oluruq. Yetmişillik sovet dönəmində Bakıdakı  məktəblərin 75-85 %-i rus məktəblərinə çevrilmişdi. İndiki təhsil tendensiyası həmin yola aparan amil deyildirmi? İndiki proses 30-40 ildən sonra Azərbaycanda təhsil sisteminin həmin günə düşəcəyinə qoyulan  bünövrə deyilmi? Axı, biz indi müstəmləkə deyilik!

- Bizi buna məcbur edən nədir. Əgər mövcud müasir reallıq  mütləq əlavə dilləri bilməyi vacib sayırsa, o zaman hansı alternativlər olmalıdır?

- Müasir dövrdə bu dilləri bilmədən inkişaf etmək çox çətindir. Bu dillər, müasir və mütərəqqi inkişafın “açarları” hesab edilə bilərlər. Lakin bu dillərin öyrədilməsi və istifadə edilməsi üçün digər variantlar vardır və daha təsirli hesab oluna bilərlər.

Misal üçün, Azərbaycan dilində tədris aparılan bütün ali məktəblərdə belə bir şərt qoymaq olar ki, tədris müddətində hər bir tələbə mütləq bir əcnəbi dilə sahib olması barədə sertifikat  təqdim etməzsə, o, məzun kimi ali təhsil diplomu ala bilməz. Yəni ali təhsili başa vurarkən, sən mütləq bir əcnəbi dili də bilməlisən. Belə bir tələb orta məktəb şagirdləri qarşısında qoyularsa daha effektli olar. Belə yanaşma ingilis və rus dillərini yox, digər əcnəbi dillərin Çin, yapon, ərəb, ispan və s. mənimsənilməsinə və ümumxalq səviyyəsində intellektual potensialın yüksəlməsinə xidmət etmiş olar. Bu səbəbdən də hesab edirəm ki, müstəqilliyimizin rəmzi olaraq, bütün ali məktəblərimizdə tədris, Konstitusiyamızın təsbit etdiyi dövlət dilində - Azərbaycan dilində  təşkil olunmalı və indiki reallıqda baş verən tendensiyaya son qoyulmalıdır.

Məncə, əcnəbi dilin övladlara öyrədilməsi hər bir ailənin şərəf işi olmalıdır. Öz övladının gələcəyini təmin etmək, onun karyera yüksəlişinə nail olmaq üçün hər bir valideyn istənilən yolla öz övladına bir və ya bir neçə əcnəbi dil öyrətməlidir. Bunu hansı yolla qurmaq – xaricə göndərmək, repetitora tapşırmaq, məktəbin öhtəsinə buraxmaq, şəxsən öyrətmək və s.valideynlərin imkanları çərçivəsində həll olunmalıdır. Ən vacib şərt isə belə olmalıdır ki, əcnəbi dilin öyrədilməsi prosesi orta məktəbi bitirənə kimi başa çatdırılmalıdır.

 Bütün tərbiyə və tədris yalnız doğma dildə - milli dövlət dilində təşkil edilməlidir. Xarici dildə bağça, məktəb, lisey, institut açılmasına dövlət tərəfindən qadağa qoyulmalıdır.

- Demək, ana dili ilə yanaşı, əcnəbi dillərin öyrənilməsi də əlifbadan başlamalıdır?

-Bəli. Tədrisin təşkilində konservativ yanaşmalara son qoyulmalıdır. Birinci sinif şagirdlərinə əlifba öyrədilməsi ənənəsi dəyişməlidir. Hesab edirəm, milli əlifbanın öyrədilməsi ailənin və bağçanın öhdəsinə düşməlidir. İndi savadsız ailə yoxdur deyə bunu etmək çox asandır.

Belə olan halda birinci sinif şagirdlərinə rəqəmlərin və əcnəbi bir əlifbanın öyrədilməsi daha faydalı olar. Yaxud birinci siniflərdə şagirdlərə təkcə bugünkü latın əlifbasını yox, həm də keçmişdə istifadə olunmuş ərəb və kiril əlifbalarını öyrətmək daha doğru olar. Bu halda, yeni nəslin yetirmələri köhnə nəslin əsl varisləri ola bilərlər. Bundan sonra isə bəzi kitabların ərəb, bəzilərinin latın qrafikası ilə nəşri və tədris edilməsi  düzgün istiqamət ola bilər. Bu yanaşmada ibtidai təhsil dövrü 3 ilə endirilmək şərtilə yalnız əlifbaların və rəqəmlərin öyrədilməsinə həsr edilə bilər.

- Dilin dinamik dəyişkənliyini və zaman keçdikcə ətraf təsirlərin gücündən yeniləşməsi amili də aksiomdur. Bəs bu “yeniləşmə” sürəti necə olmalıdır və əslində dilimizə hansı təsirlər var?

- Biz 100 il əvvəlki və müasir Azərbaycan dilini müqayisə etsək, xeyli “yeniliyin” şahidi olarıq və bunların hər birində Azərbaycan torpaqlarının işğal altına düşməsi amilini görə bilərik. Dövrdən və işğaldan asılı olaraq ərəbcə, farsca, rusca olan sözlərin dilimizə daxil olub “məskunlaşması” hadisəsi baş verib. Çox şükürlər olsun, indi müstəqil Azərbaycan dövlətimiz var və onun qəbul etdiyi Konstitusiyaya görə, dövlət dilimiz –Azərbaycan dilidir!  Bəs nə vaxtdan biz İngilis müstəmləkəsi olmuşuq? Nə səbəbə, lazım oldu-olmadı, hər bir fürsətdə obyektlərimizin adları -mehmanxanalar, ticarət mərkəzləri, şadlıq sarayları, restoranlar, tibb mərkəzləri, hətta kiçik dükan və mağazalar və s. və bu kimi ingiliscə adlandırılır? Bu obyektlərin sahibləri məgər ingilislərdir? Əgər bir  naşı sahibkar öz ərzaq dükanının adını “Qold” qoyubsa, restoranın adı “Peşera”dırsa, şadlıq sarayının adı “Flaminqo”dursa, şəhər sakinləri öz aralarında danışarkən bu adları tərcüməmi etməlidirlər? Kütləvi informasiya vasitələrinin əməkdaşları bu adları necə təqdim etməlidirlər? Təbiidir ki, təsdiq edilmiş adla və beləliklə də bütün belə sözlər  dilimizdə “vətəndaşlıq” hüququ qazanmış olacaqlar. Paytaxtımız Bakının mərkəzi küçələrində, çox qəribədir ki, hətta ucqar dağ rayonlarımızda reklamların əksəriyyəti əcnəbi dildədir. Nə üçün Konstitusiyamıza, Reklam haqqında Qanunumuza, dolayı yolla dilimizə və özümüzə hörmətsizlik edilir? Bunun səbəbkarı və günahkarı kimdir?

 Keçən əsrin 60-70-ci illərində, Azərbaycan SSRİ-nin müttəfiq respublikası olarkən, Azərbaycan dilinin təkmilləşməsi, kamilləşməsi və mən deyərdim ki, saflaşması baş verirdi. O dövrdə Azərbaycan dilində yazılan bütün bədii, texniki, sosial-iqtisadi ədəbiyyat nümunələrini, bəlkə də “etalon” kimi qəbul etmək olar. Sovet senzurası təkcə siyasi proseslərə yox,  həm də dilin - həm rus, həm də milli dillərin qəbul olunmuş normativlərinin pozulmasına imkan vermirdi. Nəşr olunan bütün materiallarda bədii və linqivistik tələblər mütləq qorunmalı idi.

 İndi nə baş verir? Məgər, müstəqil ölkəmizin rəsmi dövlət dili elan edilmiş Azərbaycan dili sahibsiz və kimsəsizdir? Kim  hansı xarici ölkədə təhsil alıbsa, həmin ölkənin rəsmi dövlət dilini dilimizə pərçimləyir. Rusiyada oxuyan rus dilinin, İngiltərədə oxuyan ingilis dilinin, Türkiyədə oxuyan türk dilinin sözlərini öz sahələri üzrə yazdıqları məqalələrdə və kitablarda həmin dillərin norma və qaydalarına uyğun şəkildə gen-bol öz bildikləri kimi işlədirlər. Dilimizə əcnəbi sözlərin gəlməsi təbii bir prosesdir və qəbulediləndir. Lakin bu sözlərin yazılışı və deyilişi Azərbaycan dilinin norma və qaydalarına uyğunlaşdırılmalıdır. Bu baxımdan, istisna hal kimi dil senzorunun bərpası olduqca vacibdir. Əgər vaxtında və ciddi tədbirlər görülməzsə  dilimizin korlanmasının və tədricən aradan çıxmasının qarşısını almaq imkanımızı itirə bilərik. Öz obyektlərini əcnəbi dildə qeydiyyatdan keçirmiş sahibkarların fəaliyyətləri (mal və xidmətləri) barədə mətbuatda, radio və televiziyada reklamlar qadağan edilməlidir. Çünki, öz obyektini “Flaminqo” (Qızıl qaz) və ya “Peşera” (Mağara) adlandıran sahibkarlar dilimizə zərbə vurduqlarını başa düşmürlərsə, onları mütləq başa salmaq lazımdır. Ərzaq mağazasına “Qold” adı verən sahibkar nə satdığını bilmirsə, o mütləq cəzalandırılmalıdır. Belə obyektlərə cərimə sanksiyaları onqat və ya yüzqat olmalıdır.

Xüsusən kompyuter texnologiyasında tətbiq olunan – işlədilən Azərbaycan dili dözülməz dərəcədə biabırçı bir vəziyyətdədir. Supermarketlərdə,  digər ticarət obyektlərində  işlədilən və əhalimizə təqdim olunan  “sənədləri” (misal üçün, supermarketlərdə alıcılara təqdim olunan çekləri)  Azərbaycan dilində yazılmış hesab etmək olarmı?

Hesab edirəm, təkcə Akademiyanın Dilçilik İnstitutu yox, bütün rəsmi dövlət orqanlarımız  və hər bir vətəndaşımız  dilimizin keşiyində durmalıdır. Əgər belə davam edərsə, 50-60 ildən sonrakı gənc nəslin nümayəndələri, öz dilimizi “yararsız” hesab edib əcnəbi  bir dilə üstünlük verəcəklər.

 “Dil polisi” yaradılması zərurəti var.  Nə üçün asayiş, mülkiyyət, nəqliyyat və hətta su polisi olduğu halda “dil polisi” olmasın? Məgər, dilimiz sərvətimiz qədər əhəmiyyətli deyil? Necə ola bilər ki, hər şeyi qoruyaq, amma varlığımızın və dövlətçiliyimizin atributlarından biri olan dilimizi qorumayaq?!